1 may bərpa edilsinmi?

1 may bərpa edilsinmi?
14:38 1 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

1 may dünyanın bir çox ölkələrində beynəlxalq əmək günü kimi qeyd edilir. Əvvəllər bu gün “Beynəlxalq Zəhmətkeşlər Bayramı” adı altında qeyd olunub. Sosial müdafiə, 8 saatlıq iş günü irticanın təzyiq və istismarına, cüzi maaş müqabilində bəzən 15-16 saata çatan gündəlik iş rejiminə, uşaq əməyinə qarşı aparılan sinfi mübarizənin nəticəsi kimi meydana gələn bu gün 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. 1 may Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü kimi qeyd olunur.

Azərbaycanda 1 may 1920-ci ildən başlayaraq rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 may bayramı qeyd ediləndə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. 1992-ci ildə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin göstərişi ilə “1 May”ın rəsmi səviyyədə qeyd edilməsinə son qoyulub.

Bəs məqsədi Azərbaycanın da Konstitusiyası və Əmək Məcəlləsində təsbit edilmiş əmək hüquqları ilə bağlı maddələrlə üst-üstə düşən bu bayramın ölkəmizdə yenidən bərpa edilməsi nə qədər realdır?

Publika.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, zəhmətkeş, əməkçi gününün olması yaxşı haldır: “İlin hər bir günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən hər hansı bir hadisə bayram kimi qeyd edilir. Ənənəvi olaraq sovet dövrü Azərbaycanda 1 may Əməkçilər günü idi. Lakin bu məsələ çox ideologiyalaşdırılmışdı. Dövlətlər müstəqillik əldə etdikdən sonra buna kommunist atributu kimi baxmağa və qeyd etməməyə qərar verdilər. Bu gün Rusiyada Kommunist partiyası mitinqlər keçirir. Göründüyü kimi, hələ də, bu bayram Rusiya üçün ideoloji məsələdir. Bu səbəbdən 1 mayın bərpa edilməsi tərəfdarı deyiləm.

Lakin ilin hər hansı bir gününü adi zəhmətkeş, əməkçi günü kimi qeyd edə bilərik. Necə ki, ədliyyə, polis, müəllim günü qeyd edilir, adi əməkçilər günü də müəyyən oluna bilər. Ancaq yaxşı olar ki, bu gün BMT tərəfindən qəbul edilsin və əməklə bağlı bilinən bir gün seçilsin. Məsələn, 28 aprel Beynəlxalq Əməyin Mühafizəsi günü idi, dolayısı ilə əmək məsələlərinə aidiyyəti var. Düzdür, BMT-nin Əməkçi miqrantlar və onların ailə üzvlərinin müdafiəsi üzrə Komitəsi bu günlə bağlı tədbirlər keçirirlər. Lakin bizdə bu gün qeyd edilmir. Düşünürəm ki, əməkçi insanlarla bağlı hər hansı bir gün də qəbul oluna bilər. Amma Sovet dövründəki kimi insanların küçəyə axışıb, şablon nümayişlər keçirməsinin tərəfdarı deyiləm. Başqa bir günün əməkçi günü kimi qeyd edilməsini çox istərdim”.

Millət vəkili Musa Quliyev 1 mayın yenidən zəhmətkeşlər bayramı kimi qeyd edilməsində bir problem görmədiyini deyir: “Lakin bunun qeyri-iş günü kimi qeyd edilməsinin tərəfdarı deyiləm. Çünki Azərbaycanda qeyri-iş günü olan bayramların sayı kifayət qədərdir. Xüsusilə, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü, Novruz bayramında hər dəfə 5-6 gün qeyri-iş günü olur. Həmçinin dövlətçilik, inanclarla bağlı bayramları da nəzərə alsaq, qeyri-iş günlərinin sayı il ərzində 30 günü keçir. Bu günü qeyri-iş günü elan etməsək də, Beynəlxalq Əmək günü kimi təqvimə sala bilərik. Həmin gün idarə, müəssisə, həmkarlar ittifaqları təşkilatlarında müəyyən tədbirlər keçirilə bilər”.

Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev isə 1 mayın yenidən bərpa edilməsinin gündəmdə olmadığını dedi.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/197133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR