Madurodan gözlənilməz addım: Ölkənin taleyini bu qurum həll edəcək

Madurodan gözlənilməz addım: Ölkənin taleyini bu qurum həll edəcək
11:23 2 May 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Venesuelada kəskin siyasi böhran və arası kəsilməyən küçə nümayişlərinin qızğın vaxtında ölkə prezidenti Nikolas Maduro gözlənilməz addım atıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bazar ertəsi axşam yerli televiziyanın birbaşa yayımında Milli Müəssislər Məclisinin çağırışı haqqında fərmanı imzalayıb.

“İqtisadi müharibədə qələbə üçün bizə ən ali hakimiyyət lazımdır. Mən bütün Venesuela ilə böyük dialoq üçün açıq qapılarla geniş, suveren və konstruktiv prezident komissiyasını yaratdım”, - prezident vurğulayıb.

Müəssislər Məclisi Venesuelada xalq hakimiyyətinin ən yüksək orqanıdır. O dövlət quruluşu və ya qüvvədə olan konstitusiyanın dəyişikliyi üçün çağırılır. Bundan sonra respublikada seçkilər keçiriləcək və müəssislər məclisinin tərkibi müəyyən ediləcək. Onun üzvləri ölkənin sonrakı gələcəyinə dair qərar verəcəklər.

Maduronun bu addımı Venesuela müxalifətinin praktik olaraq bütün liderləri tərəfindən mənfi qəbul edilib. Sağların liderləri prezidentin “konstitusiyanı öldürmək” niyyətində olduğunu bəyan ediblər. Onların fikrincə, Müəssislər Məclisinin çağırışı faktının özü faktiki olaraq dövlət çevrilişidir. Müxalifət liderləri öz tərəfdarlarını “diktatorla mübarizə” üçün yenidən küçələrə çıxmağa çağırıblar. Halbuki son bir neçə ildə müxalifət Müəssislər Məclisinin çağırılmasına rejimin yerdəyişilməsinin üsullarından biri kimi baxırdı.

Parlamentin başçısı Xulio Borxes də Maduronun qərarını konstitusiyanın pozulması və dövlət çevrilişi adlandırıb. Müxalifətin liderlərindən biri Enrike Kapriles insanları dövlət başçısının qərarına tabe olmamağa çağırıb.

Parlament bu gün ölkədəki vəziyyəti müzakirə edəcək. Bu gün həm də ölkədə genişmiqyaslı etiraz aksiyaları planlaşdırılıb.

Venesuela prezidenti isə hökumətə “iqtisadi müharibə” ilə mübarizə üçün bütün mallar və xidmətlərin qiymətlərinin dondurulması haqqında məsələyə baxmağa tapşırıb.

Artıq bir neçə aydır ki, Venesuela dərin siyasi böhrandadır. Mühafizəkar və sağ müxalifət dövlət başçısını ciddi iqtisadi problemlərdə ittiham edir. Müxalifət Maduronun prezident postundan kənarlaşdırılması haqqında referendumun keçirilməsini tələb edir. Prezidentin səlahiyyət müddəti 2018-ci ildə başa çatır.

Venesuela prezidenti daha əvvəl hökumət və müxalifət arasında dialoqun yenilənməsinə hazır olduğunu deyib. Əvvəlki danışıqlar Vatikanın vasitəçiliyi ilə aparılırdı. Amma danışıqlar ötən ilin dekabrında nəticəsiz başa çatıb. Hakimiyyət növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını qəti surətdə istisna edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/197236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR