Azərbaycanda ildə 100-150 min manat qazanan saytlar...

Azərbaycanda bir xəbər saytı reklamlardan orta hesabla illik 65-70 min AZN qazanır.

Metbuat.az xəbər verir ki, ölkədə real reklam cəlb edə bilən təxminən 60-a yaxın veb sayt var. Böyük və kiçik saytları nəzərə alsaq, deməli böyük saytlar ildə ən azı 100-150 min qazanır.

Hələ bura “görünməyən reklam” gəlirləri də daxildir. Bu gəlirlər ümumi reklam bazarının təqribən 30 faizini təşkil edir. Bu metoddan xüsusən idman saytları yararlanır. Mərc oyunları ilə məşğul olan klublar bu yolla öz xəbərlərinin zəif tənqid edilməklə reklamına razılıq verir. Çünki mətn reklam kimi görünəndə daha az reaksiya verilir.

6 milyonluq internet reklam bazarı dövriyyəsinin təkcə 2,5-3 milyon manatı “Facebook”, “Google”, “İnstaqram” reklamlarına xərclənir.

Görəsən gündəlik ziyarətçi sayı 3 milyon 800 min nəfər, aylıq “Adsense” gəliri 2 milyon dollar olan dünya saytları ilə müqayisədə cüzi qazanc əldə edən yerli saytların fəaliyyətinə mane olan amillər hansılardır?

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Metbuat.az-a açıqlama verərək, mövcud problemlərdən danışıb:

“Azərbaycanda İT bazarı qlobal bazarlara nisbətən məhduddur. Burada kütləvilik yoxdur. Bu tip resursların online mühitdə alıcılıq şərtlərini ödəyən müəyyən parametrlər olmalıdır. Ödəmə imkanı, kredit kart daşıyıcısının olması əsas şərtlərdəndir. Bazar kifayət qədər məhdud olduğuna görə burada uğurlu layihələr də həyata keçirmək mümkün olmur. Elə resurslar olmalıdır ki, qlobal xarakterli olsun. Lokal çərçivədə müəyyən nailiyyət əldə etmək mümkün olsa da, böyük uğurlardan danışmaq olmaz. Ən azından regional bazara çıxışı olan layihələr həyata keçirməklə, böyük qazanc əldə etmək olar".

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR