“Mən bu cür oyunlar üçün doğulmuşam”

“Mən bu cür oyunlar üçün doğulmuşam”
15:32 3 May 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində bu gün daha bir matç keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Fransada baş tutacaq qarşılaşmada "Monako" "Yuventus"u qəbul edəcək.

Qarşılaşmadan öncə hər iki komandanın üzvləri fikirlərini bildiriblər.
 
Massimiliano Alleqri ("Yuventus"un baş məşqçisi): "Ümid edirəm ki, bu il Çempionlar Liqasında "Monako"nu səfərdə məğlub edən ilk komanda olacağıq. Hazırkı "Monako" 2 il əvvəl qarşılaşdığımız komandadan aşkar şəkildə fərqlənir. Rəqib çoxlu qol vurur. "Monako"ya hörmətlə yanaşırıq. Finala yüksəlmək üçün hər iki matçı möhtəşəm keçirməli olduğumuzu bilirik. Statistika göstərir ki, "Monako" 2015-ci ildə möhkəm müdafiəsi ilə fərqlənirdi. İndi isə hücum komandası kimi ad çıxarıb. Rəqibin hücumçularının statistik göstəriciləri hər şeydən xəbər verir. Falkao hava mübarizəsində əla oynayır. "Monako"nun digər futbolçuları da yüksəlişdədi".

Canluici Buffon ("Yuventus"un kapitanı): "Monako" yarımfinala vəsiqə əldə edibsə, deməli, buna layiqdi. Hesab edirəm ki, bərabər səviyyəli oyun gedəcək. Biz rəqibi təcrübədə üstələyirik, amma "Monako" gənc və enerjili komandadı. Cavan olanda özünü möhkəm hiss edirsən. Nəzərə alaq ki, "Monako" bura qədər top-klubları mübarizədən kənarlaşdırıb. Rəqib hücum etməyi sevir. Bu komandanın aparıcı futbolçuları var. Söhbət təkcə Mbappedən getmir. "Monako"da Falkao və digər hücumçular da var. Bu komandaya böyük hörmətlə yanaşıram. Yarımfinal cütünün taleyi ilk oyunda həll edilməyəcək. İki il əvvəl finala çıxmaq barədə, demək olar ki, düşünmürdük. Bu il isə çempionluq uzun müddət çəkdiyimiz əziyyətin layiqli mükafatı olardı. "Barselona" ilə oyunlardan öncə qol buraxmayacağımla bağlı komanda yoldaşlarımla mərcə gəldik. Bunu əyləncə üçün etmişdik. Komandanı motivasiya etmək mənim borcumdu. Finala yüksəlməyi çox istəyirik. Mən bu cür oyunlarda iştirak etmək üçün doğulmuşam. Bu yaşda ÇL-də oynamaq həvəsin göstəricisidi. Çempionluğa imza atıb-atmayacağımızdan asılı olmayaraq, özümü gənc və xoşbəxt hiss edirəm. Bilirəm ki, bu cür matçlarda varlığımı - kim olduğumu, dünyaya nə üçün gəldiyimi hiss etdirə bilirəm. Çempionlar Liqasının qalibi olsaq, bu, heç nəyi dəyişməyəcək. "Yuventus"la 2018-ci ilə qədər müqaviləm var".
 
Corcio Kyellini ("Yuventus"un müdafiəçisi): "Kompakt heyətimiz var, bütün mövqelər balanslaşdırılıb. Əksər futbolçularla uzun illərdi ki, həm klubda, həm də yığmada bir yerdə çıxış edirik. Düzdü, Çempionlar Liqasında bəxtimizin gətirdiyi anlar da oldu. Məsələn, "Lion"la oyunda qapımızdan qollar buraxa bilərdik. Amma rəqibin zərbələri qapının santimetrliyindən keçdi. Az qol buraxmağımız bütün kollektivin uğurudu".
 
Daniel Alveş ("Yuventus"un futbolçusu): "Yuventus"a gələndə mənə dedilər ki, komanda ilə tarix yaz. Tarix A seriyasının qalibi olmaq deyil, ondan artığıdı. Berlində "Barselona" ilə keçirilən finalda "Yuventus" öz hörmətini qorumuşdu. Bu cür komandalarla qarşılaşanda hörmətini göstərməlisən. Amma meydana çıxanda yalnız qələbə barədə düşünmək lazımdı. "Monako" ilə matça da bunun üçün çıxacağıq".

Leonardu Jardim ("Monako"nun baş məşqçisi): "Bizi böyük oyun gözləyir. Çempionlar Liqasının yarımfinala yüksəlmək böyük tarixdi. Bu, 10 aylıq əziyyətimizin bəhrəsidi. "Yuventus"un stadionunda da qol vura biləcəyimizi düşünürəm. Biz Dortmund və Mançesterdə 3 dəfə rəqib qapısına yol tapmışdıq. Londonda isə "Tottenhem"ə 2 qol vurmuşduq. "Yuventus"da qalib ruhu var. Rəqib fiziki cəhətdən güclü müdafiə xəttinə malik, yaxşı təşkilatlanmış komandadı. Eyni zamanda, hücum xətti də çox güclüdü. "Yuventus"un hücumçularını bir an boş buraxsaq, qol vuracaqlar. Rəqib həm də soyuqqanlı komandadı, standart vəziyyətlərdən lazımınca istifadə edir. Bu cür komandaya qarşı müdafiə olunmaq çox çətindi. "Yuventus" əvvəlki rəqiblərimiz "Borussiya" və "Mançester Siti"dən fərqlənir. Bir sözlə, həm hücum, həm də müdafiəyə fikir verməliyik. "Yuve" taktiki cəhətdən ağıllı oynayanda ona qol vurmaq çətin olur. Buna görə də, matça sürətli hücumlarla başlamalıyıq".
 
Jemerson ("Monako"nun müdafiəçisi): "Yuventus"un bizi təəccübləndirəcəyini düşünmürəm. İki il əvvəl tam fərqli komandalar qarşılaşmışdı. "Yuve" kimi rəqibə qarşı oyunda özünü yoxlamaq xoşdu. Belə matçlar futbolçunu daha da ruhlandırır. Yaxşı oynayacağımıza ümid edirik. Öz meydanımızda ilk növbədə, qapımızın toxunulmazlığını qoruyub saxlamalıyıq. Rəqibin əks-hücumları zamanı daha diqqətli olmalıyıq. Bununla yanaşı, mütləq qol vurmalıyıq. Çempionlar Liqasında çoxlu qol vururuq, "Yuventus"la görüşdə də bunu etməliyik. Top-oyunçulara qarşı çıxış etmək xoşuma gəlir. Hər cür futbolçu belə səviyyəli matçlarda iştirak etmək istəyir. Çempionlar Liqasının yarımfinalı mənim üçün böyük hadisədi".
 
Radamel Falkao ("Monako"nun hücumçusu): "Monako"da özümü çox yaxşı hiss edirəm. Həyat yoldaşım və övladlarım həm klubdan, həm də şəhərdən razıdı. Mən Fransada və Avropada titullar qazanmaq üçün "Monako"dayam. Hazırda yaxşı formadayam. Bu, çox çalışmağımın nəticəsidi. Qarşıdakı matça da tam hazıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/541184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR