Robert Prosineçki: "Daha çox və keyfiyyətli hücum etmək..." (MÜSAHİBƏ)

Robert Prosineçki: "Daha çox və keyfiyyətli hücum etmək..." (MÜSAHİBƏ)
19:23 7 Yanvar 2015
201 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Trend AFFA-ya istinadən Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin UEFA-nın rəsmi saytına müsahibəsini təqdim edir

- Yeni ili necə qarşıladınız? İstirahət edə, güc toplaya bildinizmi?

- Dekabrın 22-dək Bakıda oldum. Ondan sonra Zaqrebə qayıtdım ki, 2015-ci ili ailəm və yaxınlarımla birlikdə qarşılayım. Bayramlarımız çox şən keçdiyindən kifayət qədər müsbət enerji topladığımı deyə bilərəm.

- Azərbaycan yığmasına təyinatınızdan danışardınız. Sizi Bosniya və Herseqovina yığmasına da çağırırdılar. Niyə məhz Azərbaycanı seçdiniz?

- AFFA-nın baş katibi Elxan Məmmədovla Parisdə tanış oldum. İlk dəfə orada söhbət etdik və bu, çox maraqlı alındı. Bir müddət sonra yenidən görüşdük və daha konkret söhbətimiz oldu. Bosniya variantı isə sonra yarandı. Ona görə də mən Azərbaycan variantına üstünlük verdim. Çünki onların ideyaları mənə daha cazibədar gəldi.

Bu, sözün böyük mənasında böyük bir layihədir. Mən bu layihədə parlaq gələcək görürəm. Azərbaycanda görülməli işlər çoxdur. Bunun üçün hər cür şərait də var. Bosniyanın güclü çempionatlarda oynayan çoxlu futbolçuları var, lakin Azərbaycan yığmasında işləmək perspektivi məndə xoş təəssürat oyatdı. Özü də məsələ təkcə pulda deyil. Ümumiyyətlə, futbolda pul hər şeyi həll etmir. Daha vacib olan şeylər var.

- Qarşınıza hansı vəzifə qoyulub və siz özünüz nəyə ümid edirsiniz?

- İlk növbədə təəssüflə qeyd edim ki, komanda AÇ-2016-nın seçmə mərhələsində keçirdikləri dörd oyunda xal qazana bilməyib və bu üzdən futbolçular psixoloji cəhətdən qaydasında deyillər. Əsas məqsəd məhz bu çatışmazlığı aradan qaldırmaqdır. Onlarda qalib ruhu formalaşdırmaq, özlərinə inanmağa məcbur etmək lazımdır. Bütövlükdə, seçmə mərhələni mümkün qədər üst pillələrdə başa vurmaq istəyirik. Düzdür, buna nail olmaq çətin olacaq, amma bizdə böyük potensiala malik gənclər var. Müqavilə imzaladıqdan sonra xeyli futbolçunu izləmək imkanım oldu. Diqqətimi çəkən çox futbolçu var. Hələlik ad çəkməyəcəyəm, amma mən onlara inanıram, ümid bəsləyirəm. Qlobal hədəfimiz isə növbəti seçmə mərhələyə komanda formalaşdırmaqdır. Liderlərlə mübarizə apara biləcək rəqabətədavamlı komanda yararmaq istəyirik.

- Berti Foqtsun dövründə müdafiə futboluna üstünlük verilirdi. Sizdən tam fərqli futbol gözləməyə dəyər?

- Futbolda müdafiə olunmaq hücum etməkdən daha asandır. Dəyişikliklərə gəlincə, bu, mütləq olacaq. Həm heyət, həm də oyun sistemi baxımından. Daha çox hücum etmək və keyfiyyətli hücum etmək üçün potensialımız var. Futbolçularımız sadəcə, irəli qaçmaqla yox, həm də gözəl oyun göstərə biləcək gücdədirlər. Əlbəttə, bütün bunlara nail olmaq asan deyil, amma çalışacağıq.

- Azərbaycandakı futbol infrastrukturu barədə nə deyə bilərsiniz?

- İnfrastruktur çox yaxşıdır. Yeni stadionlar, başqa idman obyektləri inşa olunur. Yaxın gələcəkdə bütün bunlar ölkənin xeyrinə işləyəcək. Azərbaycanda futbol oynamaq üçün hər cür şərait yaradılır.

- Milli çempionatın səviyyəsi barədə nə deyə bilərsiniz?

- Çempionatın səviyyəsi kifayət qədər yüksəkdir. Premyer Liqa çox maraqlı keçir. 3-4 çox yaxşı komanda var. Məsələn, "Qarabağ"ı götürək. Bu komanda Avropa Liqasında qrupdan çıxmağın bir addımlığında dayandı. Heyətində Reynaldo və Riçard Almeyda kimi güclü legionerlər var. Belə usta futbolçularla birgə oynamaqla yerlilər daha güclü və təcrübəli olacaqlar.

Legionerlərə tətbiq edilən limit də xoşuma gəlir. Hər klubun heyətində 5 yerli futbolçu oynamalıdır ki, onlardan da ikisi 21 yaşadək olmalıdır. Əsas odur ki, meydana çıxan 6 legioner yerlilərdən yüksək səviyyəli olsunlar. Onlar nə qədər yaxşı olsalar, yerlilər bir o qədər tez inkişaf edəcəklər.

- Ümumən Azərbaycan haqqında nə deyə bilərsiniz?

- Azərbaycan və paytaxtı mənim çox xoşuma gəlir. Bakı süsusi arxitekturaya malik gözəl şəhərdir. Bura böyük sürətlə inkişaf edir. Yatırılan böyük investisiyalar özünü göstərir. Ailəmi bura gətirməyim də bu ölkəni nə dərəcədə bəyənməyimin bir göstəricisi sayıla bilər. Qızlarım Bakıdakı məktəbdə təhsil alacaqlar. Burada yaxşı həyat tərzi sürmək üçün hər şey var. Etiraf edim ki, Azərbaycanın bu dərəcədə gözəl olacağını təsəvvür etmirdim. Gözlədiyimdən də artığının şahidi oldum.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR