Saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası davam edib. Qeyd edək ki, o, biznesmen əri Barat Abdullayevin şikayəti əsasında günahlandırılır.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qadının vəkilləri Janna Bağırova və Vasif İsrafilov vəsatətlə çıxış ediblər.
Onların hər ikisi müdafiə etdikləri şəxs barəsində verilən ittihamda kobud qanun pozuntularının olduğunu və istintaqın ətraflı araşdırılması üçün cinayət işinin baxılmasına xitam verilməsini, yenidən iş aparan orqana geri qaytarılmasını istəyiblər.
Janna Bağırova vəsatətində bildirib ki, müdafiə etdiyi şəxs xüsusi mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququna malikdir: “Qanunvericilikdə göstərilib ki, mülkiyyətində olan əmlakın satılmasına hər hansı bir qadağa müəyyən edilməyib".
Həmçinin Janna Bağırova Barat Abdullayevin başqa qadınla münasibətinin olduğunu bununla bağlı fotoşəkilləri məhkəməyə təqdim edib.
Hakim bildirib ki, kiminsə şəxsi həyatının bu işə adiyyatı yoxdur.
Təyminə Abdullayevanın digər vəkili Vasif İsrafilov da çıxışı zamanı müdafiə etdiyi şəxsə qarşı verilən ittihamların əsassız olduğunu deyib: “Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, hazırkı cinayət işi sırf sifariş əsasında başlanıb. T.Abdullayevin həyat yoldaşı Barat Abdullayev dəyəri milyonlarla ölçülən əmlakların bölünməsinin qarşısını almaq istəyir. Hansı ki, bu əmlak birgə nikah dövründə əldə olunub.
Belə ki, cinayət işi açıldıqdan sonra T.Abdullayevaya dəfələrlə əmlaklardan imtina edilməsi üçün Barat Abdullayev tərəfindən müraciət olunub. Əks təqdirdə onun cinayət məsuliyyətinə cəlb olunacağı bildirilib. T.Abdullayevanın guya Barat Abdullayevə 890 min manat ziyan vurması doğru deyil. Belə ki, əslində hal-hazırda cinayət işi üzrə maddi zərər yoxdur, eyni zamanda əgər evin dəyəri 890 min manatdırsa ziyan 445 min manat olmalı idi. Mübahisəli mənzilin alqı-satqı müqaviləsi Səbail rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilib və mənzilə Barat Abdullayev ilə Təyminə Abdullayevanın bərabər paylı mülkiyyət hüququ tanınıb".
Zərərçəkmiş şəxsin nümayəndəsi Ceyhun Yusifov da məhkəmədə vəsatət verərək Təyminə Abdullayeva barəsində olan heç yerə getməmək bağlı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib: "Onun hər an istintaqdan yayına biləcəyinə güman edirik".
Barat Abdullayevin digər nümayəndəsi Gülşən Salmanova da Ceyhun Yusifovun verdiyi vəsatəti dəstəklədiyini bildirib.
Məhkəmə müşavirəyə gedərək həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin nümayəndəsinin verdiyi vəsatətləri təmin etməyib.
Məhkəmə baxışı mayın 10-a təyin edilib.
Xatırladaq ki, T.Abdullayeva ötən il iyunun 21-də polis tərəfindən saxlanılıb və barəsində heç yerə getməməklə bağlı iltizam tədbiri seçilib.
Qeyd edək ki, T.Abdullayeva həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında saxlanılıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan sonra əldə etdikləri yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib və bunu şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib. Onun sözlərinə görə, bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərək, ona 890 min manat məbləğində ziyan vurub.
Ərinin iddialarına cavab olaraq Təyminə Abdullayeva isə bildirib ki, metronun "Əhmədli" stansiyasının yaxınlığında yerləşən “Vesta” Gözəllik Salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonunun sahibi kimi təqdim edərək oranı T.Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. S.İsmayılovanın təklifi əsasında T.Abdullayeva evini girov qoyaraq “Faktor Lizing” MMC-dən kredit götürüb həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən, aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınmasının və pulun yarısının Səkinənin ödəməsinin qeyd olunduğunu bilib. Buna görə də, digər sənədləri imzalamaqdan imtina edib. MMC bir neçə ay sonra T.Abdullayevaya pul ödəmədən evi S.İsmayılovaya satıb.
Onu da qeyd edək ki, Səbael rayon Məhkəməsində Barat Abdullayevlə Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmələri davam edir.