"Report" xəbər verir ki, bunu Türkiyənin Eskişehir Ticarət Palatasının İdarə Heyətinin üzvü Hakan İşık bildirib.
Eskişəhər Ticarət Palatasının hazırda 16 min üzvünün olduğunu qeyd edən H.İşık azərbaycanlı iş adamları ilə region ölkələrinin bazarlarına birgə çıxmaq istəklərinin olduğunu deyib.
"Eskişehir Türkiyənin əsas sənaye mərkəzidir. Burada kiçik, orta və böyük sənaye sahələri akitv şəkildə fəaliyyət göstərir. Şəhərdə ticarət və xidmətlər, tekstil, kənd təsərrüfatı, nəqliyyat, aviasiya məhsulları, mebel məmulatlarınadək müxtəlif məhsulların istehsalını görmək olar. Maşınqayırma, metal və qida sənayesinin bütün sənayedə payı 70% təşkil edir. Eskişəhərdə istehsal edilən əksər məhsullar Türkiyədə mühüm bazar dəyərinə malikdirlər. Dünyanın 22 ölkəsi ilə əməkdaşlıq edirik. Lakin bu vaxta qədər Azərbaycanla bu cür birgə əməkdaşlığımız olmayıb və istərdik ki, bu prosesə start verək", - H.İşık bildirib.
Qeyd edək ki, ötən gündən etibarən Türkiyənin Eskişehir Ticarət Palatasının dəstəyi ilə 10-a yaxın iş adamının Bakıya səfəri başlayıb. Onlar bu gün "Ziraat və Heyvandarlıq Sənayeni Ticarət" MMC, "Oğuz Mobilya", "Atölye mutfak ürünləri", "Mersan nərdivanlar, süni mərmər və səki örtükləri", "Cappac", "Besa Home", "NG Benz" azərbaycanlı həmkarları ilə ikitərəfli görüşlər keçirirlər. Şirkət nümayəndələri Azərbaycanda onların məhsullarına olan maraq və tələbat öyrənmək, burada şirkətlərinin yerli filiallarını açmaq, habelə məhsul ixracını həyata keçirmək imkanlarını nəzərdən keçirəcəklər.