Aktrisa-teleaparıcı Aysel Nazimin Milli.Az-a müsahibəsi.

- Aysel, necəsiniz, gününüz necə keçir?

- Şükür Allaha, yaxşıyam, günüm çox yaxşı keçir. Hər gün Space TV-də hava haqqında xəbərlərin aparıcılığını edirəm. Çəkilişlər olanda çəkilirəm, olmayanda da öz şəxsi işlərimlə məşğul oluram. Günüm həddindən artıq doludur, bəzən 24 saat mənə bəs etmir. Oğluma, onun dərslərinə də çox vaxt ayırıram. Hər günüm necə gəlib keçir, heç bilmirəm. Buna baxmayaraq, işimdən zövq alıram.

- Aysel, sizcə teleaparıcılar neçə kateqoriyaya bölünürlər?

- Məncə iki kateqoriyaya bölünürlər: savadlılar və savadsızlar.

- Hazırda efir məkanında hansılar daha çoxdur?

- Onu tamaşaçılar müəyyən edə bilər.

- Siz bilmirsiniz ki?

- Bilirəm, sadəcə olaraq deyib düşmən qazanmaq istəmirəm. Bilirsiniz ki, mənim heç kimlə intriqam yoxdur.

Ləhcə ilə danışan, adi elementar şeyləri bilməyən, etikadan uzaq olan, efir əxlaqı və efir mədəniyyətindən uzaq olan teleaparıcılar çoxluq təşkil edir. Aparıcı olmaq üçün ilk növbədə bunun təhsilini almaq lazımdır. Mən 10 yaşımdan məktəblərdə aparıcılıq edirdim, amma bu, TV-də çalışıb efirə çıxmaq üçün kifayət deyildi. Daha sonra peşəkarlardan dərs aldım. Müəllimlərim Aygül Qaradağlı, Əli Məhəmmədoğlu, Gülşən Ələkbərova kimi peşəkar diktorlar olub.

- Vaxtilə ATV də çalışmısınız, hazırda telekanal ilə münasibətləriniz necədir?

- Yaxşıdır, verilişlərə dəvət edirlər məmnuniyyətlə gedirəm. Mən ATV-dən problemli şəkildə ayrılmamışam.

- Deyirlər ki, xəbər aparıcılarından biri ilə münasibətiniz pozulub. Kimdir o?

- Xeyr, heç vaxt, heç kimlə münasibətim pozulmayıb, hamısı ilə harada qarşılaşsaq, görüşürük.

- Aysel, teleaparıcı kimi daha çox hansı telekanalda imkanların genişdir?

- Space-də imkanlarım daha genişdir, sanki illərdir orada çalışıram. Space məni ailənin bir üzvü kimi qəbul etdi.

- ATV-də axı ondan əvvəl çalışırdın. Orada imkanların geniş deyildi?

- Space qədər deyildi. Mən indiki iş yerimdən çox razıyam.

- Özünüzdən başqa hansı teleaparıcıları izləyirsiniz?

- Son zamanlarda heç televiziyanı izləmirəm. Amma Dilarə Səlim sevdiyim teleaparıcılardan biridir.

- Təkcə odur sevdiyiniz teleaparıcı?

- Xeyr, təkcə o deyil. Onun təqdimatında xəbərləri izləmək insana xüsusi zövq verir.

- Teleaparıcı sənəti ilə yanaşı filmlərə də çəkilirsiniz. Aktrisa olmaq eşqinə necə düşdünüz?

- Mən əslində lap balaca vaxtlarımdan filmlərdə çəkilmişəm. Akademik İmam Mustafayevə həsr olunmuş sənədli filmə çəkiləndə 5-6 yaşım var idi. Arzum idi ki, gələcəkdə tanınan, sevilən aktrisa olum. Aktyorluq insanda fitri istedad tələb edir, o insanın içində olur. İlk olaraq serial təklifini mənə aktyor və rejissor Elvin Əhmədov etdi. "Sənin deyil" serialı çəkildiyim ilk serial oldu. Peşəkarlarla çalışmaq avantaj idi, hər gün yeni bir şey öyrənirdim, öz üzərimdə çalışırdım. İlk rol o qədər də asan deyildi, amma düşünürəm ki, layiqincə öhdəsindən gəldim. Bu serialdan sonra "Gülüm" serialında çəkildim. Bu serialda da bizim dəyərli sənətkarımız Amaliya Pənahova ilə çalışdıq. Onunla birlikdə ekran işində çalışmaq mənim üçün bir məktəb idi.

- "Sara" bədii filmində çəkildiniz. Rolunuzun özəlliyi nədə idi?

- İlk öncə onu deyim ki, Rasim Balayevlə eyni filmdə çəkilməyin həyəcanı və sevinci tam başqadır. Rolum çox maraqlıdır, açar bir obrazdır. Hadisələrin hamısı bilavasitə mənim iştirakımla cərəyan edir. Bu canlandırdığım ilk mənfi qadın obrazıdır. Filmin teaserini izləyən bir çox insan məni tanıya bilməyib. Məni bu rola dəvət etdiyi üçün rejissor Elvin Əhmədova böyük təşəkkürümü bildirirəm.

- Aysel, həyat sizə vəfalı davrandı, yoxsa?

- Həyat məni, mən də həyatı sevirəm. Müəyyən çətinliklər hər kəsin həyatında olur, amma görürsən ki, bunlar bir dərsdir. Əsas odur ki, onu düzgün qəbul edib, dərs çıxarasan. Mən Allahın sevimli bəndəsiyəm, biz həyatla bir-birimizi sevirik.

- Adətən şəxsi həyatında uğursuzluq yaşayan insan bu cür danışır.

- Şəxsi həyatımda uğursuzluq görmürəm, evlilik kimi ayrılıq da çox təbii haldır. Doğulmaq və ölmək kimi.

- Bu sizdən asılı oldu, yoxsa?

- Mən təəssüf ki, biraz kinli insanam. Bəzi şeyləri həyatda bağışlaya bilmirəm. Amma heç nə problemli şəkildə yox, qarşılıqlı anlaşma şəklində oldu. Əslində bu haqda danışmaq istəmirəm, onu deyə bilərəm ki, hər şey yaxşıdır, bizim oğlumuz var. Oğlum anasının da, atasının da əlindən tutub yeriyir.

- Ayrılmağınıza səbəb nə oldu? Olmaya 21-ci əsrin bəlası olan qısqanclıq?

- Xeyr, qətiyyən ayrılmağımızın səbəbi qısqanclıq deyildi. Əksinə yoldaşım hər zaman aktrisa-teleaparıcı olmağıma görə fəxr edirdi. Bizdə problem qayınana məsələsi idi. Allah canını sağ etsin, nə deyim ki?! İki oğlu var, ikisi də boşanıb. Hər şeydə bir xeyir var, keçmiş keçmişdə qaldı, irəliyə baxmaq lazımdır.

- Aysel özü necə qayınana olar?

- Oğlumu sevirəmsə, onun həyat yoldaşını da sevməliyəm. Qayınana ana olmalıdır, ola bilmirsə, ümummiyyətlə, qarışmasın, uzaq olsun. Mən oğlumu müstəqil böyüdürəm. Onu cəmiyyətə faydalı olan bir insan kimi yetişdirirəm. Oğlum öz ağlı ilə hərəkət edir. Mən onunla bir böyük kimi hesablaşıram, çünki o həmişə belə balaca qalmayacaq. Özünə olan inamı, xarakteri iradəsi kiçiklikdən formalaşır. Məsələn, oğlumun xoşu gələn qız var, o yatanda gecə o qızdan ürək dolusu danışırıq. İnşallah, onun ailəsini də görərəm.

- İkinci dəfə ailə həyatı qurmaq istəməzsiniz?

- İkinci ailə... ailə o qədər gözəl və müqəddəsdir ki, kim istəməz ki, ailəsi olsun. İkinci dəfə yenidən evlənmək böyük məsuliyyət tələb edir. Çünki alınmadı ayrıl, bitsin deyə bir şey olmamalıdır, düzgün qərar verilməlidir. Hələ ki, bu mənə çətin gəlir. Birinci dəfə yaş az olur, insan tez qərar verir. Yaş ötdükcə hər şeyin fərqinə varırsan. Mənim hazırda şəxsi həyat haqqında düşünməyə vaxtımda yoxdur. Əsas oğlum və işimdir. Bəlkə də qarşıma istədiyim biri çıxsa, fikrim dəyişə bilər. Ona görə də böyük-böyük danışmaq istəmirəm.

Əli Rəhimoğlu

Milli.Az