BANM-in tələbələri beynəlxalq texnologiya müsabiqəsində ikinci yeri tutub

BANM-in tələbələri beynəlxalq texnologiya müsabiqəsində ikinci yeri tutub
11:12 5 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrindən ibarət “Neftçi” komandası Ukrayna paytaxtı Kiyevdə keçirilən “Microsoft Imagine Cup 2017” beynəlxalq texnologiya müsabiqəsinin regional mərhələsində ikinci yeri tutub. 
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, “Neftçi” komandasının tərkibində çıxış edən BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Kərim Kərimov, Şamil Ömərov və Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Lalə Məmmədova “Microsoft Imagine Cup 2017” üçün JABDA musiqi manipulyatoru sistemini hazırlayıblar.
Məlumata görə, bu innovativ proqramdan bir sıra sahələrdə faydalanmaq olar. JABDA-ın köməyi ilə bu sistemin quraşdırıldığı yerlərdə istifadəçilər tətbiqetməni yükləyərək, öz telefonlarından istədiyi mahnıları olduqları məkanın hazırki musiqi siyahısına sala və ya digər mövcud mahnıya səs verərək onu siyahıda irəli çəkə bilərlər.
“Microsoft Imagine Cup 2017” münsiflər heyətinin üzvü Oleq Kudrenkonun sözlərinə görə, layihə böyük perspektivlər vəd edir. “Əgər layihə üzərində bir az daha işlənilsə, onun üçün böyük dünya bazarı açılacaq”.
Qeyd edək ki, “Microsoft Imagine Cup 2017” beynəlxalq müsabiqəsinin regional mərhələsində Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ukrayna, Estoniya, Belarus və Litvanın 9 komanda üzrə təmsilçiləri iştirak ediblər. Üçüncü yeri Gürcüstan komandası tutub. Son ümumdünya finalına vəsiqəni isə Belarus komandası qazanıb. “Microsoft Imagine Cup 2017” yarışının finalı bu ilin iyul ayında Sietlda (ABŞ) keçiriləcək. Bu mərhələdə iştirakçılar müsabiqənin əsas mükafatı - layihələrin inkişafı üçün 100 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edə biləcək.
Xatırladaq ki, qalib Belarus komandası serebral iflicli uşaqlar üçün SCRAWLLESS adlı riyazi veb-portal hazırlayıb. Dünyada analoqu olmayan platformanın köməyi ilə, uşaqlar nəhayət ki, müstəqil olaraq riyaziyyatdan ev tapşırıqlarını yerinə yetirə biləcəklər. Bu proqram vasitəsi ilə uşaqlar müxtəlif həndəsi fiqurları çəkməyi və saymağı öyrənə bilirlər. Sayt artıq 100 uşaq arasında sınaqdan keçirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/banm-in-telebeleri-beynelxalq-texnologiya-musabiqesinde-yer-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR