Ankaranın məqsədi: referendumdan sonrakı siyasətin geosiyasi aspektləri

Ankaranın məqsədi: referendumdan sonrakı siyasətin geosiyasi aspektləri
18:32 6 İyun 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə konstitusiya dəyişiklikləri barədə referendumun nəticələri fonunda analitiklər geosiyasi dinamikanın dəyişməsi ilə bağlı təhlillər aparmaqda və proqnozlar verməkdədirlər. Bir sıra mütəxəssis hesab edir ki, Ankara bütövlükdə dünya siyasətində daha aktiv yer tutmağa doğru gedir.

Milli.Az newtimes.az-a istinadən xəbər verir ki, bu mənada səsvermənin nəticəsi müsbət qiymətləndirilməlidir. Başqa qisim ekspertlər isə Türkiyəyə qarşı Qərblə Rusiyanın birgə hərəkət etməsi üçün zamanın gəldiyini qeyd edirlər. Bunlarla yanaşı, müasir mürəkkəb geosiyasi mərhələdə nəticələr çıxararkən bir qədər ehtiyatlı olmağa üstünlük verən analitiklər də vardır. Hər bir halda, Türkiyənin qlobal geosiyasətdə oynadığı yeni rolu açıq görünür. Bunun fonunda regional və qlobal miqyasda Ankaranın fəallığı arta bilərmi?

Üç yanaşma: inkişaf, yoxsa tənəzzül?

Konstitusiya dəyişikliyi ilə əlaqədar Türkiyədə keçirilən ümumxalq səsverməsindən sonra bu ölkənin xarici siyasəti ilə bağlı müxtəlif proqnozlar verilir, onun yeniləşmə istiqamətləri haqqında fikirlər irəli sürülür. Hiss olunur ki, Ankaranın regionda ciddi geosiyasi rol oynamaq iqtidarında olması çoxlarını narahat edir. İndi onlar Türkiyənin bundan sonra ata biləcəyi addımları müəyyənləşdirməyə çalışırlar.

Bununla yanaşı, obyektiv olaraq, Yaxın Şərqin böyük dövlətlərindən birinin xarici siyasətindəki transformasiyaların məntiqini və məqsədini anlamağa çalışan analitiklər də vardır. Təbii ki, onların yanaşmaları qərəzli olanlardan kəskin fərqlənir. Türkiyənin prezident üsul-iradəsinə keçidinin müasir geosiyasi dinamika ilə əlaqəsi aspektində təhlillər aparılır (bax: məs., Петр Акопов. Сильная Турция сделает сильней и Россию / "Взгляд", 17 aprel 2017).

Aparılan qısa analiz göstərir ki, daha çox Qərb, Ermənistan və Rusiyanın bir qrup eksperti Ankaranın tutduğu mövqeni həzm edə bilmirlər. Bunların hər birinin də öz dərdi var. Qərb Türkiyənin nəzarətdən çıxaraq müstəqil siyasət yeritməsindən qorxur. Burada hesab edirlər ki, Türkiyə Avropa, yaxud Amerikanın verdiyi ssenarilər üzrə hərəkət etməlidir. Əgər bu şərtə əməl etmirsə, o, antidemokratdır, avtoritardır, sivil deyil və s. Maraqlıdır ki, buna bənzər ittihamları eyni qayda ilə Qərb Rusiyaya da qarşı ifadə edir.

Ermənilərdə isə daha çox nifrət və paxıllıq hiss olunur. Onlar Türkiyənin istənilən formada güclənməsini qətiyyən görmək istəmirlər. Hətta müəyyən məsələlərdə loyal olan ekspertlər belə, prosesləri sırf anti-türk mövqeyindən "təhlil" edirlər. Onlar yazırlar ki, Türkiyəni parçalamaq daha doğru yol olardı. Bunu ABŞ və ya Avropanın böyük dövlətləri edə bilərlər və s. (bax: məs., Игорь Мурадян. Геополитика "новой" Турции / "Lragir.am", 18 aprel 2017).

Rusiyadakı bir qrup ekspert isə, görünür, rəsmi dairələrə də müxalif olan kəsimlə əlaqəlidir. Onlar Türkiyə-Rusiya münasibətlərinin korlanmasına xidmət edən yazılarla çıxış edirlər. Maraqlıdır ki, bəzi rusiyalı ekspert D.Trampla R.T.Ərdoğan arasında oxşarlıq "görürlər" (bax: Тимофей Бордачев. Эрдоган глобального масштаба / "Lenta.ru", 17 aprel 2017). Rusiyanın digər ekspertləri isə bir qədər fərqli aspektdə V.Putinlə R.T.Ərdoğan arasında analogiyalar aparmağa çalışırlar (bax: Петр Акопов. Сильная Турция сделает сильней и Россию / "Взгляд", 17 aprel 2017). Bunun fonunda isə xeyli dərəcədə obyektiv analizlər də var.

Lakin mövqeyindən asılı olmayaraq, istənilən təhlildə Türkiyənin qlobal siyasətdə rolunun artdığı qeyd olunur. Ən azından Ankaranın məqsədinin xırda olmadığı, dünya miqyasında təsiri ola biləcək addımlar atdığı vurğulanır, onun ABŞ, Rusiya, Avropa İttifaqı, Çin kimi supergüclərlə mübarizədə məqsədlərini reallaşdırmağa çalışdığı xüsusi qeyd edilir.

Bu zaman rəqabətin əsas olaraq Yaxın Şərq, Qərb və MDB istiqamətlərində kəskinləşdiyi ifadə edilir. Yaxın Şərqdə İraq və Suriya, Qərbdə Aİ ilə münasibətlər, ABŞ-la əlaqələrin gələcəyi, MDB istiqamətində isə Qafqazla Mərkəzi Asiyadakı türk dövlətləri ilə əməkdaşlığın perspektivləri diqqət mərkəzində saxlanılır. Hesab edirlər ki, bütün istiqamətlərdə Ankara fəallığını daha da artıracaq.

Amerika, Rusiya və İran məsələsi burada ayrıca yer tutur. ABŞ-la bağlı situasiyanın hələ tam aydınlaşmadığı fikri irəli sürülür. Lakin Avropadan fərqli olaraq, Vaşinqton daha ehtiyatlı mövqe tutub. Bu onu göstərir ki, Amerika indiki həssas mərhələdə Türkiyə kimi müttəfiqini itirmək istəmir.

Daha fəal mövqe: Ankaranın cəhdləri

Kreml isə daha konkret mövqe nümayiş etdirib. Rəsmi açıqlamalarda referendumun Türkiyənin daxili işi olduğu və ona hörmətlə yanaşmağın gərəkliyi vurğulanıb. Bununla Moskva Avropadan fərqli olaraq, Türkiyəyə qiymət verdiyini, cəmiyyətin seçiminə sayğı göstərməyin lazım gəldiyini ifadə etmiş olur. Lakin geosiyasi maraqlarda hansısa güzəştdən söhbət getmir. Deməli, bir sıra prinsipial aspektlərdə Rusiya-Türkiyə rəqabəti davam edəcək. Tərəflərin mövqelərindən çəkilməsi ehtimalı minimumdur. Xüsusilə Türkiyədə prezident idarəetmə üsulu tam hakim olandan sonra rəsmi Ankaranın daha qətiyyətli hərəkət etməsi gözlənilir.

Maraqlıdır ki, ekspertlər ABŞ-Rusiya-Türkiyə münasibətlərinin Yaxın Şərqdə daha aktiv və bir qədər kəskin xarakter daşıyacağını ifadə edirlər. Onların fikrinə görə, Amerika və Rusiya Türkiyənin qarşısını Afrin və Münbicdə kəsiblər. Yəni Suriyanın şimalı ilə əlaqəli Vaşinqtonla Moskva ortaq hərəkət ediblər.

Onda sual olunur: prinsipial geosiyasi məsələlərdə maraqları toqquşan ABŞ və Rusiya hansı səbəblərdən Suriyada Türkiyəyə qarşı ortaq hərəkət edirlər? Bu, bütövlükdə iki böyük dövlətin bağlı qapılar arxasında apardıqları danışıqlarda hansısa gizli məqamlardan xəbər vermirmi? Bu suallar birbaşa qoyulmasa da, dolayısı ilə müxtəlif aspektlərdə xatırladılır. Həmin prizmadan Ankaranın eyni zamanda bir neçə istiqamətdə böyük güclərə qarşı fəaliyyət göstərmək məcburiyyətində qaldığını demək olar.

Onların sırasında ekspertlər Türkiyənin Sincarda hərbi əməliyyatlara başlaması durumunda Vaşinqtonla Moskvanın reaksiyası üzərində də dayanırlar. Belə proqnozlaşdırılır ki, PKK-nın Sincardan çıxarılmasında M.Bərzani də maraqlı olduğundan hərbi planın reallaşma ehtimalının mövcudluğu üzərində dayanırlar. Lakin bunun meydana regional səviyyədə bir sıra ziddiyyətlər çıxara bilməsi də vurğulanır (bax: Керим Хас. Новая. Жаркая. Своя. Внешняя политика Анкары после референдума / РСМД, 18 aprel 2017).

İranla bağlı analitiklər bir qədər ehtiyatlı fikir bildirirlər. Çünki İran müsəlman ölkəsidir və eyni zamanda, Qərbin təzyiqi ilə üz-üzədir. Bu səbəbdən Ankara ilə Tehranın ixtilafa girməsi gözlənilmir, yaxud onlara sərf etmədiyini rəsmi dairələrdə anlayırlar. Onlar arasında daha kəskin fikir ayrılığı B.Əsədin taleyi ilə bağlı ola bilər. Bu məsələ olduqca ciddi təsirə malikdir (bax: əvvəlki mənbəyə).

Bütün bunlardan geosiyasi kontekstdə hansı nəticələri çıxarmaq olar? Dünyanın böyük dövlətləri geosiyasi mühitə yeni söz sahibinin gəldiyini etiraf etməkdədirlər. Analitik və ekspertlər bunu müxtəlif məsələlərdə Türkiyənin iştirak dərəcəsinin artması ilə ifadə edirlər. Burada söhbət Ankaranın mövqeyinə mənfi, yaxud müsbət qiymət verməkdən deyil, əvvəllər Türkiyənin qəbul edilmədiyi problemlər üzrə onun oyunçu kimi iştirakının reallığından gedir. Bunun konkret ifadəsini İtaliyanın xarici işlər naziri A.Alfano jurnalistlərin sualına cavabında deyib. İtaliyalı nazir Ankaranın başlıca məqsədinin dünyanın əsas söz sahibi olan ölkələr sırasına qatılmaqdan ibarət olduğunu vurğulayıb.

Deməli, referendum sözün həqiqi mənasında tarixi hadisədir. O, türk dövlətinin iradəsinin və müstəqil olmaq niyyətinin konkret təsdiqidir. Bunu dünyanın bir sıra ölkələrində qəbul etməkdə çətinlik çəkirlər. Bu səbəbdən də R.T.Ərdoğana qarşı məkrli davranırlar. Ancaq Türkiyə hakimiyyəti inkişaf xəttindən kənara çıxmaq fikrində deyil. Görünür, gec və ya tez hətta supergüclər belə Ankaranın təbii haqqını tanımalı olacaqlar. Prezident üsul-idarəsinin Qərbdə müsbət, müsəlman ölkələrində mənfi nəticələr verəcəyi barədə cəfəng iddiaların hamısı gündəmdən silinəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR