Dünya futbolunda oyunçuların bir klubdan digərinə transferi, bu keçidlər üçün xərclənən məbləğlər hər zaman müzakirə mövzusu olub.
Dəyəri milyonlarla ölçülən futbolçu biznesi bəzi məqamlarda bu oyunun gözəlliyinə də kölgə salır. Xüsusilə də son illər oyunçuların transfer qiymətləri fantastik həddə qədər yüksəlib.
Ən dəyərli futbolçular daha çox hücumçular və hücumameyilli yarımmüdafiəçilər hesab olunsalar da, digər mövqelərdə çıxış edənlərin də yüksək qiymətli müqavilələrə qol çəkdikləri müşahidə edilir.
Milli.Az apasport.az-a istinadən saytı klubunu ən yüksək məbləğ qarşılığında dəyişmiş qapıçıların siyahısını təqdim edir.
12. Peter Çex, "Çelsi" - "Arsenal", 2016 - 14 milyon avro
İki il əvvəl "Çelsi" iki su arasında qalmışdı. Ya veteran Çex, ya da gənc Kurtua. Anlaşma ilə Çexi "Arsenal"a yola saldılar. Zaman isə göstərdi ki, bu, o qədər də doğru addım deyilmiş.
11. Samir Handanoviç, "Udineze" - "İnter", 2012 - 15 milyon avro
Handanoviç top-kluba keçdi, ancaq "İnter" də Avropa elitasından uzaq düşdü. "Çərçivə qoruyucusu" artıq neçə illərdi inkişaf edən qrafiklər irəliləyir. Artıq haqqında "Mançester Yunayted" söyləntiləri də dolaşır.
10. Yan Oblak, "Benfika" - "Atletiko", 2014 - 16 milyon avro
Sloveniyalı qapıçını De Xeanın əvəzedicisi kimi almışdılar. Onun gedişindən sonra boşluğunu hiss etdirmədi. Ola bilsin, yenə Davidi əvəzləsin, ancaq bu dəfə "Mançester Yunayted"də.
9. Ancelo Perutzi, "İnter" - "Latsio", 1999 - 17.9 milyon avro
"İnter"də cəmi bir mövsüm oynadı. Ardınca isə Romaya karyerasının son 7 ilini keçirəcəyi "Latsio"ya yollandı. Sonuncu mövsümündə isə A seriyasının ən yaxşı qapıçısı seçildi.
8. Klaudio Bravo, "Barselona" - "Mançester Siti", 2016 - 18 milyon avro
Qvardiola Mançesterə gəldikdən sonra Co Hartı İtaliyaya yollayıb əvəzində isə Bravonu aldı. İspan mütəxəssis onun hücumların başlanmasında daha uğurlu çıxış etdiyini düşünürdü. Hər şey iflasa uğradı və yeni qapıçı alındı.
7. Ancelo Perutzi, "Yuventus" - "İnter", 1999 - 19 milyon avro
Bu siyahıya iki dəfə düşməyi bacarmış yeganə qapıçıdı. 1999-cu ilin yayında Lippi ilə birlikdə "Yuventus"dan "İnter"ə yollandı. "Qoca sinyora" isə onun əvəzində Van der Sarı transfer etdi. Hollandiyalı uğurlu çıxış etmədiyi üçün isə növbəti seçim Buffon olmuşdu.
6. Sebastyan Frey, "İnter" - "Parma", 2001 - 21 milyon avro
Əvvəllər yaxşı maddi imkana malik olan "Parma" Freyi Buffonun əvəzedicisi kimi almışdı. Fransalı yaxşı qapıçı idi, ancaq getdikcə zəifləyən klub onu da satmalı oldu.
5. David De Xea, "Atletiko" - "Mançester Yunayted", 2011 - 25 milyon avro
Van der Sarın yerinə transfer edilən ispan qapıçı əvvəlcə zəif başlasa da, Ferqyusson ona olan inamını itirmədi. Nəticədə isə De Xea dünyanın ən yaxşı "dəri əlcək sahibləri"ndən biri oldu.
4. Françesko Toldo, "Fiorentina" - "İnter", 2001 - 26.5 milyon avro
Onu "Parma"ya satmaq istəsələr də, imtina edib "İnter"lə anlaşdı. Milanda dörd əla mövsüm keçirən qapıçı daha sonra braziliyalı Julio Sezarın əvəzləyicisinə çevrildi. Bir zamanların ən yaxşı "çərçivə qoruyucusu" karyerasının növbəti 5 ilini də ehtiyat statusu ilə davam etdirdi.
3. Manuel Noyer, "Şalke" - "Bavariya", 2011 - 30 milyon avro
"Bavariya"nın dayaq yarımmüdafiəçisinin bu siyahıda nə işi var?
2. Ederson, "Benfika" - "Mançester Siti", 2017 - 40 milyon avro
"Mançester Siti" azarkeşlərinə Bravo kabuslarını unutdurmalı olan qapıçı.
1. Canluici Buffon, "Parma" - "Yuventus", 2001 - 52.8 milyon avro
"Yuventus"un Buffon üçün xərclədiyi məbləğ hətta 16 ildir ki, ən yüksək hesab olunur. Ancaq bu da məlumdur ki, bu pullar onun əsl dəyəri idi və qətiyyən boş yerə səpilməmişdi.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində