Hamı bilir ki, məşhurlar pullarının çoxunu yeni geyimlər almağa xərcləyir. Bəs, onların qardiroblarındakı ən bahalı geyim neçə manatdır?

Metbuat.az məşhurlar arasında keçirdiyi maraqlı sorğunu təqdim edir:

Müğənni Xuraman Şuşalı: "Hələ qapanmamışdan əvvəl 2500 manata almışdım. İndi onu geyinə bilmirəm. Açıq paltar olduğu üçün heç kəsə hədiyyə də etmirəm. Arada evdə geyinirəm, özüm üçün. İndi heç vaxt o qiymətə paltar almaram. Ən bahalı geyimim isə gəlinliyimdir. Onun qiymətini açıqlamaq istəmirəm".

Müğənni Nura Suri: "Mən geyimlərimin qiymətini açıqlamağı sevmirəm. Ona görə də deməyəcəyəm".

Aktrisa Cəmilə Tağızadə: "Mənim qardirobumda bahalı geyim yoxdur. Çünki mən geyimə çox pul verməyi xoşlamıram. Düşünürəm ki, geyimə verdiyim pulun əvəzində hansısa bir ehtiyacı olan insana yardım etmiş olaram. Necə ki, elə də edirəm. Baxmayaraq ki, mən zəngin aktrisa deyiləm, orta qazanıram. Öz ehtiyaclarım da var. Amma məndən də pis yaşayanlar var. Az-çox kiməsə əl tutmağa çalışıram. Boş-boş geyimlərə pul xərcləməkdənsə belə edirəm".

Aktrisa Gülşən Hüseynli: "Ən bahalı geyimim Svarovski daşlarla bəzədilmiş ziyafət geyimimdir, 7 min manat qiyməti var".

Əməkdar artist Dilarə Əliyeva: "Bahalı və ya ucuz fərq eləmir, hamısı mənim paltarlarımdır. Paltarlarım arasında fərq qoymuram".

Əməkdar artist Hüsniyyə Mürvətova: "Gözəl paltarları çox sevirəm. Amma geyimlərimin qiymətini açıqlamaq istəmirəm".

Əməkdar artist Mehriban Xanlarova: "Mənim ən bahalı geyimim şubamdır. Onun 10 min manat qiyməti var".