Yeni mövsümün başlaması ilə kanallar arasında olan rəqabət də qızışmağa başladı. Təbii ki, bu rəqabətdən AzTV, İctimai TV, Mədəniyyət TV, İdman Azərbaycan, CBC Sport kənarda qalır. Çünki sözügedən kanallar özəl olmadığı üçün daha çox maarifləndirici, siyasi və sosial xarakterli proqramlara üstünlük verirlər. Şouya ac olan xalqımız isə qalmaqala, ailə münaqişəsini izləməyə meyillidir. Bir də onları maraqlandıran yeni məsələlərdir, “Space” TV-nin “kif” iysi verən hind filmləri, ad günləri, toy adət-ənənələri onları maraqlandırmır.

"Lider" TV isə özü açıqlama verdi ki, daha çox “Səda” və sosial verilişlərlə efirdə olacaq. Bu da onların reytinqində düşünürəm ki, heç bir rol oynamayacaq.

ARB TV ötən mövsüm iddialı başlasa da, hələ ki istənilən reytinqə çata bilməyib. Baxmayaraq ki, “Lider” TV və “Space” TV-ni qabaqlayır.

Yerdə iki kanal qalır: Xəzər TV və Azad Azərbaycan TV.

Hər iki kanalın yeni mövsüm üçün tanıtım çarxını izlədim. Görüntülərdən anladığım qədərilə ən çox məsrəfi ATV çəkib. Çünki çəkilişlərə bir neçə gün vaxt ayıran kanalın komandası müxtəlif yerlərdə olublar. Bununla da, kifayətlənməyən kanal yeni mövsüm çəkilişlərinə xüsusi mahnı yazdırıb. Klip dadında olan tanıtım çarxında xalq artistləri Alim Qasımov, Aygün Kazımova, əməkdar artistlər Tünzalə Ağayeva, Manan Çaparidze, müğənni Ceyhun Zeynalov və "Natiq" ritm qrupu yer alıb. Tanıtım filminin müddəti 3 dəqiqə 35 saniyədir. Çarxda ATV-nin heç bir simasının yer almaması diqqətlərdən qaçmayıb.

Xəzər TV isə 56 saniyəlik videoçarx çəkməyi daha üstün tutub. Xəzər studiyalarında gerçəkləşən çəkilişlərdə kanalın yeni mövsümündə yayımlanması planlaşdırılan seriallar və proqramların simaları yer alıb. “Həyəcan dolu mövsümə hazır olun” devizi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşan Xəzər TV-nin tanıtım çarxında isə sadə türk üslublu musiqidən istifadə edilib.

Ramin Hacıyev, Əməkdar artist Dilarə Əliyeva və yeni serialları ilə komandasını möhkəmlədən kanal bu mövsümdə də iddialı gəlir.

Hər iki kanal iddialı başlamağına başlayır, ancaq insanların təpkisi nə olacaq, seriallar izlənəcəkmi? Yoxsa yenə də illərdir öyrəşdikləri türk kanallarını daha üstün tutacaqlar? Bunu isə zaman göstərəcək.

Pərviz Hüseyn