2017-ci il sentyabrın 30-u tarixində Dreamland Baku Golf Villas& Residences-də son zamanların trendi olan influencer marketinqinə həsr edilmiş tədbir keçiriləcək.

Metbuat.az bildirir ki, "influencer"lər sosial mediada yaranan fikirlərə əsas istiqamət verənlər hesab olunur və buna görə də brendlər öz kommunikasiya layihələrinə "inlfuencer"ləri cəlb etməklə ciddi uğurlar qazanırlar. Bloqerlər, məşhurlar, jurnalistlər, müxtəlif sahələr üzrə ekspertlər, sosial aktiv insanlar, ictimai xadimlər və digər auditoriya sahiblərini "influencer" adlandırmaq olar.

Regionda ilk dəfə keçiriləcək tədbirin əsas məqsədi brend və "influencer"ləri bir araya gətirmək və onları əməkdaşlığa təşviq etməkdir. 150 nəfərə yaxın şəxsin iştirak edəcəyi “İnfluencer Day”-ə qonaqlar xüsusi dəvətnamə ilə qatılacaqlar. Bu qonaqlara top "influencer"lər, brend sahibləri, marketinq və PR mütəxəssiləri, media nümayəndələri və şirkət rəhbərləri daxildir.

Rəsmi hissədə Sosial Era marketinqi, "Keepface İnfluencer Marketing" platforması, "İnfluencer" və data analizi haqqında maraqlı təqdimatlar ediləcək. Daha sonra isə qonaqları maraqlı panel müzakirəsi gözləyir. Müzakirələr zamanı qonaqlar onları maraqlandıran sualları panel iştirakçılarına ünvanlaya biləcəklər. Tədbirin ən əhəmiyyətli hissəsi isə "influencer"lərin mükafatlandırılması olacaq. Onlar öz "influencer" fəaliyyətləri və brendlərlə əməkdaşlıq haqqında təəssüratlarını bölüşəcəklər.

Tədbir Dreamland Baku Golf Villas & Residences - də yerləşən villalara, qolf meydançasına tur ilə davam edəcək. Daha sonra qeyri-rəsmi hissə başlayacaq. Burada isə qonaqlar şam yeməyinə dəvət olunacaq.

“İnfluencer Day Baku “ tədbirinin təşkilatçıları Keepface DMCC və Dreamland Baku Golf Villas& Residences şirkətləridir. Həmçinin Hooki Cafe, Az-Granata, Chelebi və Vitam şirkətləri tədbirin həyata keçirilməsində dəstək olurlar.