Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
206 baxış·6 dəq oxu
Şimali İraq kürd muxtariyyətində referendum keçirildi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərbilə qarşı bütün cavab
variantlarının masada olduğunu açıqladı. Şimali İraq kürd
muxtariyyətinin başçısı Məsud Bərzaninin məsləhətçisi Hoşyar
Zebarinin Kərkükdəki evində keçirilən toplantının detalları
dəqiqləşir. Dəməşq İŞİD-i məğlub etdikdən sonra suriyalı kürdlərlə
muxtariyyət mövzusunu müzakirə edə bilər. İŞİD terror təşkilatının
döyüşçüləri Rusiya generalı Valeriy Asapovun öldürülməsindən bir az
əvvəl onun yeri haqqında məlumatlar alıblar. 2014-cü ildə Rusiya
prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinə Donbasın işğal
edilmiş ərazilərinin qaytarılmasına əvəz olaraq Krımdan imtina
etməyi təklif edirdi.
Ağ Ev növbəti dəfə İraq Kürd Muxtariyyətində keçirilən
referendumla bağlı bəyanat yayıb. Bu barədə danışan Ağ Ev
sözçüsü Sara Sanders İraqın ərazi bütövlüyünü dəstəklədiklərini
bildirib.
"İraqın İŞİD-i yox etməsinə ümid edirik və İŞİD barədə düşünməli
olduğunu hesab edirik", - Sanders qeyd edib.
ABŞ Dövlət Departamenti sözçüsü Hezer Nauert
(Heather Nauert) yazılı bəyanatında sərhədlərin dəyişdirilməsinə
yönəlik hərəkətlərə qarşı olduğunu bildirib. Nauert
ABŞ-ın federal, demokratik və çiçəklənən bir İraqı dəstəkləməkdə
davam edəcəyini vurğulayıb.
İraq Kürd Muxtariyyətinə hərbi müdaxilə Türkiyənin
ən son atacağı addım olacaq. Bunu jurnalistlərə
açıqlamasında Türkiyənin Avropa Birliyi naziri Ömər Çelik
söyləyib.
“Məsud Bərzani, Neçirvan Bərzani Türkiyə ilə birbaşa əlaqəyə
sahib şəxslərdir. Neçirvan Bərzaniyə niyə Türkiyə ilə
məsləhətləşmələr aparmadığını demək lazımdır. Bizim kürd
referendumu ilə bağlı A, B, C planlarımız var. Referendum qərarı
onsuz da faciədir. Kərkükün bunun içinə qatılması İraqın yeni qan
bataqlığına çevrilməsi deməkdir. Hərbi müdaxilə Türkiyənin atacağı
son addım olacaq”, – deyə o bildirib.
"İsraildən başqa, Şimali İraq kürd muxtariyyətində
keçirilən referendumu dəstəkləyən ölkə və ya beynəlxalq təşkilat
yoxdur”. Bunu sentyabrın 25-də Şimali İraq kürd
muxtariyyətində keçirilən referendumu şərh edən Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, referendum yeni münaqişələrin xəbərçisi
olmaqdan başqa, heç bir anlam daşımır.
Şimali İraq kürd muxtariyyətinin başçısı Məsud
Bərzaninin məsləhətçisi Hoşyar Zebarinin Kərkükdəki evində
keçirilən toplantının detalları dəqiqləşir.
Toplantıda İraqın parçalanması müzakirə edilib.
Referendum əvvəli reallaşan gizli toplantı İraqın gələcəyi üçün
yeni və təhlükəli qərarların qəbul olunduğu sirli görüş xarakteri
daşıyır. Toplantıda Kərkükün paytaxt elan edilməsi, Suriyanın
şimalını işğalda saxlayan PKK ilə ortaq ordunun qurulması, sərhəd
qapılarının ləğv edilməsi, ümumi pasportlardan istifadə edilməsi,
bir sözlə “Kürdüstan” xəritəsinin daha da böyüdülməsinin vacib
olduğu vurğulanıb.
Üç ay sonra iki dövlətin bölünməsi DƏQİQLƏŞİR - Gizli toplantının ŞİFRƏLƏRİ
Şimali İraq Kürd Muxtariyyəti dünən keçirilən
referendumla “müstəqillik” əldə etdi. Kürdlərin “müstəqil
sərhədləri”nə Kərkükün daxil edilməsi isə bu türk torpağının
işğalının tamamlanması deməkdir. Türkiyə Ankara
sazişinin ona verdiyi imkana rəğmən, Kərkükə girmədi. Bundan sonra
da hərbi müdaxilənin olub-olmayacağı dəqiq deyil. Kərkükün kürdlər
tərəfindən işğalı Türkiyənin mərhum prezidenti Turqut Özalın
Kərkük-Mosul planını yada salır.
Türkiyə mənbələrinə istinadən Özalın Kərkük-Mosul planını
araşdırıb.
Ağ Evdə MƏXFİ GÖRÜŞ: Özalın Kərkük planı və baronların hücumu - SİRLƏR AÇILIR
“Türkiyə, İran, İraq və Suriyaya birinci dərəcədə
təsir edən Şimali İraq Kürd Muxtariyyətinin “müstəqillik
referendumu” bölgədə yeni prosesləri
sürətləndirəcək”. Bu barədə Publika.az-a
açıqlamasında Ankarada fəaliyyət göstərən Qafqaz Strateji
Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq
Hasan Oktay deyib.
Dəməşq İŞİD-i məğlub etdikdən sonra suriyalı
kürdlərlə muxtariyyət mövzusunu müzakirə edə bilər.
Bu haqda Rusiyanın “Russia Today” telekanalına danışan Suriyanın
xarici işlər naziri Vəlid Muallim deyib.
“Suriyalı kürdlər Suriya Ərəb Respublikasının sərhədləri
daxilində özünüidarə istəyir. Bu məsələ müzakirə edilə bilər.
İŞİD-in məhvindən sonra onlarla masaya oturaraq razılaşa bilərik”,
- suriyalı nazir bildirib.
Şimali İraq kürd muxtariyyətində keçirilən referendumu şərh edən
V. Muallim İraqın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Rusiya Baş naziri Dmitri Medvedyev Ermənistana səfər
edəcək. Bunu Medvedyev müavinləri ilə görüşü zamanı
söyləyib.
Medvedyev İrəvanda Avrasiya İttifaqının Hökumətlərarası
Şurasının iclasında iştirak edəcəyini bildirib.
Qeyd edək ki, Avrasiya İttifaqının Hökumətlərarası Şurasının
iclası oktyabrın 20-də Ermənistanda baş tutacaq.
ABŞ hakimiyyəti açıq hava məkanı razılaşması
çərçivəsində nəzərdə tutulan Rusiya hərbi təyyarələrinin ölkə
ərazisində uçuşlarına məhdudiyyət tətbiq edə bilər.
“Vol Strit Jurnal”ın xəbərinə görə, ABŞ bu addımı Kremlin
Kalininqrad üzərində uçuşa qoyduğu məhdudiyyətə cavab olaraq qəbul
edib. Açıq hava məkanı razılaşmasına əsasən, kəşfiyyat uçuşlarına
5,5 min kilometr uçuş həyata keçirməyə icazə verilsə də, Rusiya
Kalininqrad üzərində uçuşlara 500 kilometrlik sublimit tətbiq edib.
Buna cavab olaraq isə ABŞ-ın məhdudiyyətləri Alyaska və Havay
adaları ətrafında tətbiq edəcəyi bildirilib.
Qeyd edək ki, açıq hava məkanı müqaviləsi 1992-ci ilin 24
martında Helsinki şəhərində imzalanıb.
Konqresin qəbul etdiyi və Prezident Donald Trampın
imzaladığı yeni ABŞ sanksiyaları əvvəlkindən daha
təhlükəlidir. Bunu Rusiyanın keçmiş maliyyə naziri
Aleksey Kudrin söyləyib. Onun sözlərinə görə, bir çox dünya
şirkətləri bu sanksiyalar ucbatından Rusiya ilə əməkdaşlığı
məhdudlaşdıracaq:
“Biz hələ ki, ABŞ Konqresinin qəbul etdiyi yeni sanksiya
qanununun əhəmiyyətini tam anlamamışıq. İndi yalnız Amerika
şirkətləri deyil, eyni zamanda, bankları da sanksiya qəbul olunmuş
müəssisələrimizlə əməkdaşlıq etmək hüququna malik deyillər.
Sanksiyalara görə bir çox dünya şirkəti şirkətlərimizlə qarşılıqlı
əlaqəni məhdudlaşdıracaq. Biz bunu yaxın gələcəkdə hiss edəcəyik,
çünki bu normaların qüvvəyə minməsi yalnız sentyabr-oktyabr ayının
sonlarında başlayacaq”.
İŞİD terror təşkilatının döyüşçüləri Rusiya generalı
Valeriy Asapovun öldürülməsindən bir az əvvəl onun yeri haqqında
məlumatlar alıblar. Bu haqda “RİA-Novosti” agentliyi
Suriya təhlükəsizlik xidmətlərinə istinadən bildirib.
Rus generalın ölümü barədə ŞOK İDDİA - VİDEO
“Rusiya və Belarus güclü kontinental müharibənin
aparılmasına hazır olduğunu nümayiş etdirmək
istəyirdi”. Bunu Ukrayna Milli Təhlükəsizlik və
Müdafiə Şurasının katibi Aleksandr Turçinov Kanada parlamentinin
müdafiə komitəsinin sədri Stiven Fyurun başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşdə deyib.
Onun sözlərinə görə, 14-21 sentyabr tarixlərində keçirilən
“Qərb-2017” birgə hərbi təlimlərin son mərhələsi “nüvə triadası”nın
döyüş hazırlığının yoxlanılmasına həsr edilmişdi.
“Bununla da Rusiya prezidenti Vladimir Putin güclü kontinental
müharibənin aparılmasına hazır olduğunu göstərir”, - Turçinov
vurğulayıb.
2014-cü ildə Rusiya prezidenti Vladimir Putin
Ukrayna hakimiyyətinə Donbasın işğal edilmiş ərazilərinin
qaytarılmasına əvəz olaraq Krımdan imtina etməyi təklif
edirdi. Bu haqda Ukrayna Ali Radasının “Xalq cəbhəsi”
fraksiyasının üzvü, parlamentin hüquq-mühafizə fəaliyyətinin
qanunverici təminatı məsələləri üzrə komitəsinin katibi Anton
Qeraşenko “5 kanal”ın efirində deyib.
Deputat hesab edir ki, Rusiya özü üçün əlverişsiz şərtlərdə
Ukraynanın şərqinin işğal edilmiş hissəsinin qaytarılmasına
getməyəcək. Onun sözlərinə görə, Donbas Krımın ilhaqının tanınması
və sanksiyaların ləğvi üçün Ukrayna və dünya cəmiyyəti ilə ticarət
alətidir.
Daha əvvəl Rusiya Dövlət Dumasının sabiq deputatı İlya
Ponomaryov bildirib ki, Putin Donbas və Krımla əlaqədar müxtəlif
planlara malikdir.
Putin əraziləri bu yolla qaytarmaq istəyirdi - Kremlin TORPAQ ŞƏRTİ AÇIQLANDI
ABŞ-ın Kaliforniya ştatının hakimiyyəti Koreya Xalq
Demokratik Respublikası (KXDR) tərəfindən mümkün nüvə zərbəsi üzrə
iş planını hazırlayıb. Bu haqda anonim mənbəyə
istinadən “The Daily Express” nəşri bildirib.
Nəşin məlumatına görə, ABŞ Milli Təhlükəsizlik Nazirliyi və ştat
hakimiyyəti “Nüvə hücumlarına reaksiya göstərmə məsələləri”
(“Nuclear Attack Response Considerations”) adlı 16 səhifəlik məxfi
sənədini dərc edib.
“Cənubi Kaliforniyada nüvə hücumunun nəticələri faciəli olacaq”,
- nəşr sənəddən sitat gətirib.