“Doğrudan", yoxsa “Doğurdan”?

Gündəlik danışıqda istifadə olunan bəzi sözlər çoxları tərəfindən yanlış tələffüz olunur. Budəfəki köşə yazımda onlardan bəziləri haqqında qısa məlumat verəcəm.

“Çatışmazlıq”, “Anlaşılmazlıq”

Bir çoxları yanlış olaraq bu sözləri “Çatışmamazlıq” və “Anlaşılmamazlıq” kimi deyir. Fərqi bilmək istəsəniz - bir sözdə bir inkar şəkilçisi ola bilər - hər iki sözdəki “ma” şəkilçisi kimi. İkinci inkar şəkilçisinə gərək yoxdur.

“Doğrudan”

Bir çoxları yanlış olaraq bunu “Doğurdan” kimi tələffüz edir. Fərqi bilmək istəsəniz - sözün kökü “Doğru”dur. Buna görə də bu modal sözü “Doğrudan” kimi yazırıq və tələffüz edirik.

“Xoş gəlmişsiniz”

Bəziləri üçün hələ də mübahisəli olaraq qalmaqdadır: “Xoş gəlmişsiniz”, yoxsa “Xoş gəlmisiniz”? Sözə əlavə olunan “miş” nəqli keçmiş zaman şəkilçisidir. Digər şəkilçi “siniz”dir. Fellər indiki zamanda şəxsə görə dəyişəndə “sınız – siniz - sunuz-sünüz” olur. Ona görə də qrammatik baxımdan “Xoş gəlmişsiniz” düzgündür. Tələffüzdə isə “sınız – siniz – sunuz - sünüz” “sız – siz – suz - süz” olur: Odur ki, düzgün tələffüz: “Xoş gəlmisiz”. Onu da deyim ki, nəqli keçmiş ikinci və üçüncü şəxsdə “ıb, -ib, -ub, -üb” şəkilçisi ilə də düzələ bilir. Bu baxımdan arzuolunandır ki, “Xoş gəlibsiniz” yazılsın. Tələffüz isə “Xoş gəlibsiz” olmalıdır.

“Xoşbəxtlik”, “Bədbəxtlik”

Bəziləri bu sözləri “Xoşbəxtçilik”, “Bədbəxtçilik” kimi yazır və tələffüz edir. Əslində isə buradakı “çi” şəkilçisi artıqdır. Çünki bu şəkilçi peşə xüsusiyyəti bildirir. Misal üçün:

Dəmir-dəmirçi. Dəmirçi peşəsi var, amma xoşbəxtçi peşəsi yoxdur. Buna görə də “Xoşbəxt” sözünə mücərrəd mənalı isimlər düzəldən, “liq” şəkilçisinin dəyişmiş forması olan “lik” şəkilçisi artırılır, “Xoşbəxtlik” sözü yaranır.

“Narahatlıq”

Tez-tez hansısa tikinti şirkəri tərəfindən yol kənarına yapışdırlmış lövhələrdə bu sözə rast gəlirik: “Müvəqqəti narahatçılığıa görə, üzr istəyirik”. Bəli, bəziləri bu sözü “Narahatçılıq” kimi yazır və tələffüz edir. Əslində isə buradakı “çı” şəkilçisi artıqdır. Çünki bu şəkilçi peşə xüsusiyyəti bildirir. Misal üçün, balıq-balıqçı. Balıqçı peşəsi var. Amma narahatçı peşəsi yoxdur. Buna görə də “Narahat” sözünə mücərrəd mənalı isimlər düzəldən “lıq” şəkilçisi artırılır, “Narahatlıq” sözü yaranır.

“Səbir”

Bəzən bu sözü yanlış olaraq “Səbr” kimi yazırlar və tələffüz edirlər. Yəni, içində “i” hərfi olmadan. Əslində isə söz 5 hərfdən ibarətdir: “Səbir”. Bu sözdən yaranan başqa sözlərdə də “i” hərfi yerində qalır. Misal üçün: səbirsiz-səbirli

Cəlalə Nəzəroğlu

ASAN Radionun redaktoru, diksiya mütəxəssisi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR