Taylandda ötən il 89 yaşında vəfat etmiş kral Pumipon Adulyadetin (9-cu Rama) təntənəli dəfn mərasimi keçirilib.

Milli.Az The Phuket News-a istinadən bildirir ki, 90 milyon dollara başa gəlmiş mərasimə 300 mindən artıq insan qatılmışdı.

2016-cı ilin oktyabrın 13-də 89 yaşında, ağır xəstəlikdən vəfat etmiş kral Pumipon Adulyadet ölkəni 70 il ərzində idarə etmişdi.

Onun 44,24 milyard dollarlıq varidatı vardı.

Onun nəşi olan tabut paytaxt Banqkokdakı Böyük Kral Sarayının Böyük Zalında idi. Ötən il ərzində həmin məkanda kralla 12 milyon insan vidalaşıb.

İndi Taylandın yeni kralı 1972-ci ildə varis şahzadə statusu almış 65 yaşlı Maha Maxa Vaçiralonqkorndur. O, atasının ölümündən 50 gün sonra yeni kral elan olunmuşdu.

Mərhum kralla 5 günlük vida mərasimi sabah başa çatacaq.

Dünən mərhum kralın nəşi yandırılıb. Kral Maha Vaçiralonqkorn krematoridə atasının külləri arasında sümükləri və yanmış hissələri seçib. Daha sonra həmin sümüklər, hissələr və kül brilyant qaşlarla bəzədilmiş 6 qızıl qaba qoyularaq Böyük Kral Sarayına və Zümrüd Budda məbədinə aparılıb.

Kralın sümükləri və nəşinin qalıqları Saraydakı məqbərədə dəfn olunub. İçində kül olan qablar isə "Vat Ratçabofit" və "Vat Bovonnivet" məbədlərinə aparılıb.

Dünənki mərasimin maraqlı məqamlarından biri də külün daşınması ilə bağlı təntənəli mərasimə kral Maha Vaçiralonqkornun xanımı və məşuqəsinin eyni səfdə, hərbi geyimdə durmaları idi.

Kral Mahanın xanımı Sutida Ticay general, məşuqəsi Sineenat Vonqvadjirapakdi isə polkovnik formasında idi.

7 övlad atası kral Maha ilə Ticayın rəsmi nikahları olmasa da, onlar ər-arvad sayılırlar.

"Thai Aiways" aivaşirkətinin sabiq stüardessası olan Ticay 2008-c ildən bəri Maha Vaçiralonqkornla qeyri-rəsmi nikahdadır.

O, rəsmi olaraq "Kral Mühafizə Xidmətinin rəhbəri" sayılır.

Sabiq tibb bacısı Sineenat isə ötən il Almaniyanın Münhen şəhərindəki beynəlxalq hava limanında Maha Vaçiralonqkorn birlikdə olanda paparassilərin kameralarına "hədəf" olmuşdu.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin