Son günlər ölkəmizdə insanlarımızın çoxu məlum “eşq dastanı”nı müzakirə edirlər. Fransadakı həmyerlilərimiz isə daha mühüm problemin həlli üçün əllərindən gələni etməyə çalışırlar. Parisdə fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Assosiasiyasının direktoru Aytən Muradova və qurumun üzvü Günel Səfərova tanınmış “Change.org” saytında “Ermənistan silahlı qüvvələrinin girov götürdüyü azərbaycanlı mülki şəxslərə azadlıq” petisiyasına start veriblər.

Publika.az assosiasiyanın direktoru, uzun illərdir Fransada yaşayıb, fəaliyyət göstərən Aytən Muradova ilə həmsöhbət oldu.

- Aytən xanım, təşəbbüsünüz təqdirəlayiqdir. Belə bir petisiyanın ermənipərəst ölkədə başladılması böyük cəsarət tələb edir.

- Babam böyük vətən müharibəsində əsir düşmüşdü. Bəzən orada keçirdiyi günlərdən, yaşadığı cəhənnəm əzabından danışardı. Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 3 ildir ki, olduqca ağır şəraitdə girov həyatı yaşayırlar. Qeyri-insanı davranışa, fiziki və mənəvi işgəncəyə məruz qalırlar. Buna bir azərbaycanlı kimi göz yuma bilmərik. Ermənilər onlara qarşı törədildiyini iddia etdikləri qondarma soyqırımı dünya səviyyəsində təbliğ edirlər, unudulmağa qoymurlar. Bəs özləri nə edirlər? 1 milyon insanı evsiz, ocaqsız qoyublar, vətənindən didərgin salıblar. Niyə vəhşicəsinə qətl etdikləri, əsirlikdə min bir əzab verdikləri azərbaycanlılardan danışmırlar? Bəs bu genosid deyil? Yetər artıq! Guya bunlar mərhəmətli xristiandırlar. Belədirsə, dinlərinin təməlini təşkil edən bağışlamaq kimi dərin bir məfhum var. Bağışlasınlar əsirlərimizi, elə xristianlıq naminə...

Картинки по запросу dilqəm şahbaz

- Onların mərhəmətinə inanırsınız?

- Xeyr, inanmıram. Onlara təzyiq göstərmək lazımdır.

- Bəs Fransadakı soydaşlarımız hamısı bu yolda fəallıq göstərirlər? Ya da sualı bir az ümumiləşdirək, vətən üçün nə isə etməyə çalışırlar?

- Səmimi etiraf edək, əksəriyyət əsasən özünü reklam etməklə məşğuldur. Bakıda məni tanısınlar, haqqımda yazılar yazılsın, şəkillərim paylaşılsın və s. Axı bununla iş bitmir. Belə şeylərin nə vətənə, nə də millətə xeyri yoxdur.

- Amma vətənpərvər insanlarımız da çoxdur.

- Əlbəttə, çoxdur. Sadəcə onlara dəstək verən yoxdur. Azərbaycanın mövcud problemlərilə özümüzü reklam etməməliyik. Kimsə ölkəsinə kömək etmək istəyirsə, buyursun. Hamıya yol açıqdır. Xarici ölkədə yaşayanlar bir çox dildə dərc olunan “İrs” jurnalımızın rəsmi saytındakı gözəl məqalələri öz sosial hesablarında paylaşsalar, vətən üçün böyük iş görmüş olarlar.

Картинки по запросу azərbaycan irs jurnalı

- İmza toplamaqla bağlı biz də öz fəallığımızı göstəririk, ancaq düşünürəm ki, imzalayanlar arasında səs çoxluğu əcnəbilərə aid olmalıdır.

- Petisiyanı bu qısa müddət ərzində çox adam görüb, təəssüf ki, hamı imzalamır. Amma hətta görüb, problemdən xəbər tutmaqları da bir addım irəlidə olmaq deməkdir.

- Aytən xanım, Fransada yaxşı vəzifələrdə çalışan soydaşlarımız var. Çox vaxt belə problemləri özlərindən uzaqlaşdırıb, işlədiyim qurumun şərtlərinə əsasən neytral mövqedə qalmalıyam deyirlər. Halbuki onlar istənilən məsələni bir az da siyasiləşdirib, əcnəbilərin diqqətini çəkə bilərlər.

- Ən azı bir nüfuzlu saytda və ya qəzetdə yarım səhifəlik də olsa, ödənişli yer alıb, Azərbaycanın mövcud problemləri haqda məqalə dərc etmək olar. Bu çox çətin iş deyil axı.

- Petisiyada imza limiti varmı?

- Bəli, 3000 imza.

- Bəs nə qədər toplanıb artıq?

- 1500-dən çox.

- İmzalar toplanandan sonra hansı mərhələ başlayacaq?

- Petisiya Fransa prezidenti Emmanuel Makrona, Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Gido Reymondiyə, Avropa Şurasının baş katibi Torbyorn Yaqlanda və Milli Assambleyanın prezidenti Fransua dö Rügiyə ünvanlanıb. İmzalar toplanandan sonra, müvafiq orqanlara göndəriləcək. Bu mərhələdə isə yəqin ki, müxtəlif şəxslərlə görüşüb, müzakirələr aparmaq lazım gələcək. Böyük ehtimal Fransa parlamentində yeni yaradılmış Fransa-Azərbaycan qrupundan yardım istəyəcəyik.

Liza Fetissova adlı şəxsin şəkli.

- Neçə ildir Fransadasınız?

- Artıq 27 ildir.

- Bu xalqı yaxından tanımaq üçün kifayət qədər zamanınız olub.

- İlk illər ölkəyə, millətə uyğunlaşmaq çox çətin idi. Mən sovet tərbiyəsi görmüş insan idim. Burada isə kapitalizm və individual həyat...Alışmaq asan olmadı.

- Özünüzü franszılar kimi hiss edirsiniz yoxsa milli ruh itmir?

- Mən uzun illərdir burada Azərbaycanı təbliğ edirəm. Bu isə o deməkdir ki, milli ruhum itməyib. Lakin həyat tərzim demək olar ki, fransızsayağıdır.

- Fransızsayağı həyat tərzi deyəndə nə nəzərdə tutulur?

- Burada hər kəs öz işindədir. Öz həyatını yaşayır. Heç kim özündə başqalarının həyatına qarışacaq cəsarəti görmür. Baxın, əsas məsələ də budur.

- Həyat yoldaşınız da fransızdır?

- Bəli. Neft-kimya mühəndisidir.

- Onunla münasibətiniz necədir?

- O, mənim işlərimə qarışmır. Musiqiçilərimizin çoxunu tanıyır. Çünki Fransaya gələndə evimizdə qonaq olurlar. Mətbəximizi də sevir. Azərbaycana aid harda məlumat tapırsa, mütləq gətirib mənə göstərir.

- Bu sevgini ona siz aşılamısınız?

- Yəqin ki...

- Fransadakı həyatınızdan danışırıq, bəs harda doğulmusunuz?

- Qazaxda ziyalı ailəsində anadan olmuşam. Məktəbi də Qazaxda bitirmişəm. Qızıl medalla... Sonra isə Azərbaycan Dillər Universiteninin fransız dili fakültəsinə qəbul olmuşam. Bir müddət Sumqayıtın kimya zavodunda tərcüməçi işlədim. Sonra növbə ilə Özbəkistan və Rusiyaya dəvət olundum. Bir neçə il də bu ölkələrdə işlədim.

- Özbəkistandan yadda qalan xatirələriniz varmı?

- Deməzdim. Mən kimya zavodunda çalışırdım. Adi sovet həyatı yaşayırdım. Yadımda qalan tək şey Buxara və Səmərqəndin gözəllikləridir. 1990-cı ildə isə Fransaya köçdüm.

- 90-cı illərin Fransasından danışa bilərsinizmi?

- Həmin illərdə burada azərbaycanlılar olduqca az idilər. Ramiz Abutalıbov Parisdə Azərbaycan evi assosiasiyası yaratmışdı. Biz də ona kömək edirdik. Sənədləşmə, tərcümə işləri, yığıncaqların, tədbirlərin təşkili və s. Yadımdadır, Alim Qasımovun konserti təşkil olunurdu. Mən də tərcüməçi qismində getmişdim. Elə o vaxtdan musiqinin sehrinə düşdüm. Uzun illərdir Fransada Azərbaycan muğamının təbliği ilə məşğulam. Onlar muğamımızı gözəl tanıyırlar, diqqətlə dinləyirlər. Fransanın Radio France adlı mərkəzi radiosu iki il öncə Bakıya gedib, bu haqda veriliş də hazırlamışdı.

Laurent Poultier du Mesnil adlı şəxsin şəkli.

- Yalnız muğamımızı tanıyırlar?

- 10 il Alim Qasımov və başqa xanəndələrin konsertlərini təşkil etdim. Bir gün Şahin Növrəsli dedi ki, bəlkə mənim də konsertimi təşkil edəsən? Beləcə, müstəqil təşkilatçılıqla məşğul olmağa başladım. İndi caz musiqimiz də tanınır. Şahin Növrəslinin bugünlərdə bir neçə konserti nəzərdə tutulub. Elə dünən Reyms şəhərində İsfar Sarabskinin konserti oldu. Etibar Əsədli Fransanın ən məşhur caz məktəbində təhsil alır. Musiqimizi əcnəbi tələblərlə ifa edir. Ümumiyyətlə istedadlı gənclərə dəstək vermək lazımdır. Çünki Azərbaycanı onlar tanıdır, boşboğazlar yox!

- 2 il öncə “Xocalı faciəsi” ilə əlaqədar bir tədbir keçirdiniz. Bu haqda məlumat verin, lütfən...

- II Dünya müharibəsi zamanı Polşanın Osvensim şəhəri yaxınlığında almanların əsir düşərgəsi olub. Bu şəhər o vaxtdan “yerdəki cəhənnəm” adlandırılır. Alman faşistləri bu düşərgədəki əsirlərə cəhənnəm əzabı yaşadıblar. Yozef Mengele adlı həkim isə girovlar üzərində qandonduran təcrübələr keçirib. 2 il əvvəl Xocalı faciəsinin anım gününə Osvensim düşərgəsindəki əsirlərin nəvələrini, ailə üzvlərini dəvət etmişdik. Həmçinin düşərgədə bir girovun yazdığı musiqi əsərlərini tapan bəstəkar var. O, da fəxri qonağımız idi. Həmin bəstəkar tədbirdə Xocalı soyqırımına həsr edilən “Mengelenin fikirləri” adlı kompozisiya səsləndirdi.

- Çox təsirlidir. Tarix təkrarlanır sanki...

- Təəssüf ki, elədir. Bir maraqlı layihəmiz də Al Mayadern ərəb televiziya kanalının adı ilə bağlıdır. Bu kanal bir neçə il öncə Azərbaycan musiqisi haqda 3 seriyalı sənədli film çəkməyə qərar verdi. Və Livanın məşhur müğənnisi Abeer Nehme ilə Bakıya gedib, filmi ərsəyə gətirdik.

- Son zamanlar sosial şəbəkələrdə heyrətlə izlənilən ifaçı?

- Bəli, odur. "Ay laçın" mahnısını yaxın dostum Murad Hüseynovun pianoda müşaiyətilə gözəl ifa edib. Abeer ölkəmizi çox sevir və kosert proqramı ilə çıxış etməyi düşünür.

- Jurnalist kimi də fəaliyyət göstərirsiniz.

- Rusiyanın bir sıra dəb jurnalları üçün reportajlar, müsahibələr hazırlayıram. O işin də profili tam fərqlidir. Unutmadan deyim ki, Fəxriyyə Xələfova və Günel Rüstəmova kimi modelyerlərimizin də Fransada moda nümayişlərinin təşkilində köməklik göstərirəm.

Sevda Huseynova adlı şəxsin şəkli.

- Bəs “Ulduz” assosiasiyası nə vaxt yaradılıb.

- 2012-ci ildə yaratmışıq. Məqsəd işimizi daha da rəsmiləşdirib, Azərbaycanı daha geniş arenada təbliğ etməkdir. Əsasən Azərbaycanın Fransadakı səfirliyi ilə sıx əməkdaşlıq edirəm. Lazım olanda YUNESKO-dakı nümayəndəliyimizə də köməklik göstərirəm. Bir neçə gün öncə səfirimiz Rəhman Mustafayevlə Azərbaycan icmasının görüşünü təşkil etdim.

- İcmamız fəaldır?

- Əvvəllər daha fəal idilər. Bütün tədbirlərimizdə iştirak edirdilər. 90-cı illərdən burada yaşayan İran azərbaycanlıları var. Yenidən hər kəsi bir araya toplamağa çalışırıq.

"Yerdəki cəhənnəm"də Xocalı günü keçirən Aytən Muradova: "Azərbaycanı onlar tanıdır, boşboğazlar yox"

- Planlar çoxdur?

- Bu yaxınlarda Muğam Mərkəzinin dəstəyilə Perpinyan şəhərindəki Misiqi Alətləri Muzeyinə Azərbaycanın 3 musiqi alətini hədiyyə edəcəyik. Yanvar ayında xanımlardan ibarət kanon ifaçılarını Küveytə festivala göndərəcəyik. Gələn il Azərbaycan Respublikasının 100 illik yubileyidir. Bununla əlaqədar “İrs” Jurnalının xüsusi nömrəsi işıq üzü görəcək. Əlimizdən gələni əsirgəməyəcəyik. Yəni planlarımız çoxdur.

- Tədbirlərinizi məmnuniyyətlə işıqlandıra bilərik.

- Təşəkkür edirəm!

Leyla Sarabi