Ana cəsarəti yırtıcını qorxutdu - FOTO

Ana cəsarəti yırtıcını qorxutdu - FOTO
15:05 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Övladını qorumaq, mühafizə etmək istəyən ana ölümə meydan oxuyar. Bu, həmişə belə olub və belə də olasıdır.
Hindistandakı orta yaşlı ana da övladını amansız yırtıcıdan qurtarmaq üçün özünü ölümə atıb. Ölümdən qorxmayan, həyatını övladına qurban verməyə hazır ananın cəsarəti qarşısında yırtıcı geri çəkilib.
 
Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Hindistanın qərbində, Vadodara şəhərindən 40 km aralıdakı Vişvamitri çayının sahilində yaşanıb.
58 yaşlı Divalinen Vankar 19 yaşlı qızı Kanta ilə birlikdə həmişə olduğu təki, paltar yumağa getmişdi.
Ana və bala paltar yuyarkən çaydakı nəhəng, uzunluğu 5,8 metrə çatan timsah Kantaya yaxınlaşıb. Yırtıcı qəflətən Kantanın sağ ayağını dişləyərək qızı suya çəkməyə başlayıb, parçalamağa hazırlaşıb.
 
Divalinen qızının qollarından tutub dartmağa, onu timsahın cəngindən qurtarmağa çalışsa da, çifayda. Çəlimsiz qadın ağırlığı 1 tona yaxın timsahın öhdəsindən gələ bilərdimi?
 
Gəldi. Divalinen paltar yuyarkən istifadə etdiyi balaca taxta parçasını götürərək timsahın başına vurmağa başlayıb. Timsah Kantanı buraxaraq anaya hücum çəkib, amma Divalinen geri çəkilməyib. Timsah qadını tutmağa çalışsa da, Divalinen çevik tərpənirdi.
10 dəqiqəlik bu "qaçdı-tutdu"dan bezən timsah sonucda çaya qayıdıb.
 
"Timsahın qızımın ayağına dişlərini keçirdiyini görəndə Kantanı dartıb yırtıcıdan qurtarmağa çalışdım. Amma timsah çox ağırdı. Anladım ki, timsah qızımı suya çəkib batıracaq, sonra parçalayıb yeyəcək. Qızım ağlayır, qışqırır, mənsə timsahı vururdum. Yırtıcı axırda qızımdan əl çəkdi, məni parçalamaq istədi. Alınmadı və timsah çaya qayıtdı", - 3 övlad anası Divalinen Vankar deyib.
 
Timsahlar ötən il Vadodara yaxınlığında 6 yerli sakini parçalayıblar. Vişvamitri çayında 200-dən artıq timsah var.
 
Milli.Az
 










Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/23901.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR