Türk elləri: Tofalar türkləri

Türk elləri: Tofalar türkləri
22:27 7 Aprel 2015
255 Maraqlı
Ölkə mətbuatı
A- A+

Rusiya tərəfindən işğal edilmiş qədim türk torpaqları olan Sibirdə və ona qonşu olan ərazilərdə yaşayan və hazırda öz tarixlərinin ən çətin dövrlərindən birini də yaşayan Tofalar türkləridir.
 
Tofalar türkləri, adətən, özlərini tofa, tona, toxa, tıva (insan) adlandırırlar. Tofalar türkləri ötən əsrin 30-cu illərinə kimi karaqası (qar ağası) adlandırılıblar. Bu da onların ilin böyük əksəriyyətini qarlı ərazilərdə yaşaması ilə əlaqədardır. Tofalar türkləri əsasən İrkutsk vilayətinin Nijneudinsk rayonunda, Biryusa, Uda, Kan, Qutara və digər çayların hövzələrində, həmçinin Şərqi Sayanda yaşayırlar. Kompakt halda əsasən Alıqger, Verxnaya Qutara və Nijneudinsk rayonunun Nerxa qəsəbələrində məskunlaşıblar.
 
Tofalar türklərinin yaşadıqları ərazilər Tofalariya adlanır. Tofalariyanın ərazisi 21 min kvadrat kilometrdir. Tofalar türkləri yaşayan ərazinin böyük hissəsi dünyadan təcrid olunmuş hesab edilir və oraya yol yoxdur. Ona görə də bu ərazilərə yalnız təyyarə ilə getmək mümkündür. Tofalariyanın ən böyük çayları Uda, Böyük (Bolşaya) Biryusa, Kiçik (Malaya) Biryusa, Kazır, Aqul, İya və Qutara çaylarıdır. Ən yüksək dağ zirvəsi Udinsk sıra dağlarının mərkəzində yerləşən Podnebesnıy (Göyaltı) pikidir. Pikin hündürlüyü1924 metrdir. Onun qonşuluğunda Trianqulyatorov (2881m), cənub-qərbində isə Qrandioznıy (2891m) pikləri yerləşir. Tofalariyanın əsas dağ silsilələri bunlardır: Udinsk, Aqulskiye, Belki, Qutarskiy, Erqak-Tarqan-Tayqa, Biryusinsk və Cuqlımskiy. Cənubda və şərqdə Tofalariya Tuva Respublikası və Krasnoyarsk ilə, Şərqdə isə Buryatiya sərhəddir. Tofalariyanın bir hissəsi isə İrkutsk vilayətinin Nijneudinsk rayonu hesab edilir. Bu böyük ərazidə isə cəmisi 1000 nəfər yaşayır ki, onların da böyük hissəsini Tofalar türkləri təşkil edir. 
 
Sayları
 
2002-ci ildə siyahıyaalma zamanı Tofalar türklərinin sayı 837 nəfər olub. Tofalar türklərinin say artımı 1926-2002-ci illərdə belə olub: 1926-417, 1959-586, 1970-620, 1989-722, 2002-ci ildə isə 837 nəfər olub. 
 
Dil
 
Tofalar dili Şərqi türk dillərinin Sayan qrupuna aiddir. Tofalar dili türk dillərinin uyğur-tyukyuk altqrupunun uyğur-oğuz qrupuna aid edilir. Tofalar türklərinə ən yaxın dillər Tuva və monqol-uryanxayt dilləri hesab edilir. Tofalar türkləri Adıqcer və Qutar ləhcələrində danışırlar. Tofalar tarix boyu köçəri həyat keçiridkləri üçün yalnız bir dildə ana dillərində danışıblar. Lakin Rusiyanın işğalı nəticəsində rus, həmçinin buryat (monqol) dillərində danışmağı öyrəniblər. Çünki bu xalqlarla sıx təmasda olmaları tofalıları adıçəkilən xalqların dillərini öyrənməsini zərurətə çevirib. SSRİ dövründə məcburi şəkildə oturaq həyata keçirilən Tofalar türklərinin övladları ana dillərində deyil, rus dilində təhsil alıblar. Çünki onların ana dillərində əlifbaları yox idi. Yalnız 1989-cu ildə kirill əlifbası əsasında ilk Tofalar əlifbası hazırlandı və nəşr edildi. Bundan əlavə, 2-ci və 3-cü sinif şagirdləri üçün Ana dili və riyaziyyat dərslikləri nəşr edilib.

Tofalar türklərinin uşaqları üçün həmçinin ana dilində “Skazki sedoqo Sayana”(Ağsaç (Çal saç) Sayanın nağılları) kitabı buraxılıb. 1989-cu ildən uşaq bağçalarında və məktəblərdə xüsusi proqram əsasında Tofalar dili öyrədilir. 1996-cı ildən isə internat məktəblərinin 5-9-cu siniflərində oxuyan şagirdlərə “Olenevodstvo” (“Maralçılıq”), “Rıbolvodstvo” (“Balıqçılıq”) dərsləri keçirilir. Bundan məqsəd şagirdlərin dədə-babalarının ənənəvi təsərrüfatçılıq təcrübəsini daha yaxından öyrənmək və onu unutmamaqdır. Tofalar dili üçün pedaqoji kadrlar (müəllimlər) Sankt-Peterburqdakı Gertsen adına Universitetdə və İqar şəhərindəki Şimal Xalqları Pedaqoji Məktəbində və Ulan-Udedəki Buryatiya Pedaqoji İnstitutunda hazırlanır.
 
2002-ci ildə İrkutsk vilayətində keçirilən siyahıyaalma zamanı orada yaşayan 723 Tofalar türkündən yalnız 114-nün ana dilində danışa bildiyi məlum olub. Rus dilini isə onların hamısı bilib. 
 
Tarixi
 
Tofalar türkləri haqqında ilk məlumata ilk dəfə eramızın 5-ci əsrinə aid Çin mənbələrində rast gəlinib. Həmin dövrə aid Vey sülaləsindən bəhs edən salnamədə onların adı dubo, tuvo kimi çəkilir. 13-cü əsrdə Cuci xanın rəhbərlik etdiyi monqol qoşunlarının hücumlarından xilas olmaq üçün Tofalar Sayan dağlarının əlçatmaz dərinliklərinə köç etdilər. Bölgənin Rusiya tərəfindən işğalından sonra Tofalar yaşayan ərazilər 5 administrativ idarəetmə mərkəzinə (5 ulus) bölündü. O dövrdə Tofalar xəzinəyə qiymətli xəz dəri və qızıl vergisi ödəyirdilər.
 
1929-1930-cu illərdə Tofalar türkləri oturaq həyata keçirildilər. Bu məqsədlə Alıger, Nerxa və Yuxarı (Verxnaya) Qutara qəsəbələri salındı. Onlar yenidən təşkil edilən təsərrüfatlarda (Kolxoz və sovxoz) yenə də maralçılıq, balıqçılıq və ovçuluqla bağlı ənənəvi təsərrüfat fəaliyyətlərini davam etdirdilər. Eyni zamanda Tofalar türkləri kartof və tərəvəz yetişdirməyə başladılar. 
 
Təsərrüfat
 
Tofalar tarix boyu digər şimal xalqları kimi maralçılıqla və ovçuluqla məşğul olublar. Tofalar türkləri belə hesab edirlər ki, maralı ilk dəfə əhliləşdirən də onların əcdadları olublar. Çar Rusiyası dövründə də Tofalar türkləri əsasən maralçılıqla və ovçuluqla məşğul olurdular və bununla əlaqədar dövlətə müəyyən edilmiş qaydada vergi ödəyirdilər. Tofalar marallardan həm minik, həm də yükdaşıma vasitəsi kimi istifadə edir, həm də onun ətini yeyirdilər. 19-cu əsrin ikinci yarısından başlayaraq, Tofalar türkləri həmçinin öz təsərrüfatlarında atlardan istifadə etməyə başladılar. Tofalar türkləri də digər köçəri türklər kimi qışda qışlaqlarda yaşayır, yayda isə dağlara köç edirdilər. Adətən, çayların hövzələrində salınan qışlaqlar 3-5, bəzən də 6-7 komadan ibarət olurdu. Komalar konusvarı qurulurdu.

Qışda bu komaların üstü maral və sığın dəriləri ilə örtülürdü. Yayda isə bu məqsədlə tozağacından istifadə edirdilər. Komaların üzü əsasən gündoğana-şərqə olurdu. Ona giriş də Şərqdən, gündoğan tərəfdən idi. Komaların sayı bəzən 10-a çatırdı və onlar, adətən, bir-birlərindən 8-20 kilometr məsafədə yerləşirdi. Adətən, Tofalar türkləri yayda bir yaylaqda iki-üç həftədən artıq qalmır və şəraitə uyğun olaraq tez-tez yerlərini dəyişdirirdilər. Sentyabrın sonları, oktyabrın əvvəllərində Tofalar türkləri dələ ovuna çıxırdılar. Onlar, adətən, ova 2-3 nəfərlik qruplarla gedirdilər. Hər bir ovçu özü ilə ov iti ( tula) aparırdı. Tofalar türkləri həmçinin digər vəhşi heyvanlar, o cümlədən ayı, canavar, tülkü və çöl quşlarını da ovlayırdılar. Payızda isə kütləvi şəkildə yabanı meyvə və giləmeyvələrin yığılması ilə məşğul olur, onları qurudaraq qışda istifadə edirdilər.

Bundan əlavə, Tofalar türkləri arasında dəmirçilik, ağac üzərində oymalar, dəri emalı, dəri zənbillərin üzərini bəzəmək üçün dekorativ tikmələr geniş yayılmışdı. Tofalar türklərinin kişiləri və qadınlarının geyimləri arasında əsaslı fərq yox idi. Qadın, kişi və uşaq geyimlərində ton (don) adlı paltardan istifadə edilirdi. Qış geyimlərinin hazırlanmasında əsasən sığın, maral dərilərindən istifadə ediblər. 19-cu əsrin sonları 20-cı əsrin əvvəllərindən başlayaraq isə, Tofalar türkləri ruslar tərəfindən bölgəyə gətirilən çit və ipək parçalardan müxtəlf geyimlər hazırlamağı öyrəndilər. Tofalar türkləri maral südündən şirin dad verən pendir hasırlayır, qaynadılmış halda onun (maralın) südünü içirdilər. İlboyu hər gün ənənəvi olaraq yaşıl çay içirdilər. Ev heyvanlarını çox nadir hallarda kəsirdilər. Ən çox vəhşi heyvan ətini yeyirdilər. Ətdən yayda qaynadılmış, qışda isə qurudulmuş halda istifadə edirdilər.
 
Yeni anadan olan uşağı onlar, adətən, oval formada olan və tozağacından hazırlanan beşikdə ( bedik) böyüdürdülər. 
 
Din
 
Tofalar türkləri, adətən. tarix boyu şamanizmə sitayiş ediblər. Lakin Rusiyanın bölgəni işğal etməsindən sonra xristian missionerlər 18-ci əsrdən başlayaraq. Tofalar türkləri arasında pravoslavlığı yaydılar. Amma şamanizm 20-ci əsrin sonuna kimi Tofalar türklərində əsas sitayiş dini kimi qalmaqda davam etdi. Şamanizmdə baş şaman kahini irsi idi və nəsildən-nəslə ötürülürdü. Şamanlar ( Kam, Kaman) həm kişi, həm də qadın ola bilərdi. 
 
Folklor
 
Tofalar türklərində folklor nisbətən geniş yayılmış hesab edilir. Ən çox lirik mahnılara (ır) üstünlük verirdilər. Lirik mahnılar həm xorla, həm də solo şəklində ifa edilirdi. Tofalar türkləri lirik mahnılardan həm toy mərasimlərində, həm kütləvi istirahət, həm də yaylağa və qışlağa köç zamanı istifadə edirdilər. Mahnılar ayalqa adlanan janrda oxunurdu. Onlar arasında toy və yaxınlarına dua etmək mərasimlərində alxışlar (alqış, tərif) geniş yayılmışdı. Tofalar türklərinin musiqiləri onların ətrafında yaşayan Yenisey (Yenisu) xalqları - ketlər, hakaslar, altaylılar, şor və tuvalılarla demək olar ki, oxşardır. Tofalar xalqı arasında nağıl (tool) danışanlar da çox məşhurdurlar.
 
Tofalar türklərinin Xobus adlanan musiqi alətləri var. Bundan əlavə, fleyta (tutək), həmçinin Varqan və Luk adlı milli musiqi alətləri Tofalar türkləri arasında geniş yayılıb.
 
Yenə də təəssüflə qeyd edək ki, Tofalar türkləri assimilyasiyaya məruz qaldıqlarından onların sayı gündən-günə azalmaqdadır. Bu prosesin qarşısını isə almaq çətin ki mümkün olsun...
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/24223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR