- “BBF-lə Startup” mentorluq layihəsində iştirak etmək fikri necə yarandı?
- Hazırda BBF-in rezidentiyik. Təlimçilik fəaliyyətim var. Ona görə düşündüm ki, iştirakım gənclərimizə faydalı ola bilər.
- Layihədə hansı mövzudan çıxış edirdiniz?
- "Rəqəmsal Marketinq" mövzusunda çıxış edirdim. İşimiz bununla bağlı olduğu üçün layihə iştirakçılarına sırf bu sahədən danışdıq.
- Gənc mentor olaraq hansı sahədə inkişaf etməyə üstünlük verirsiniz? Yeni hansı biznes layihələriniz var?
- Artıq 6-7 ildir startap sferasında fəaliyyət götəririk. Həmçinin rəqəmsal marketinq üzrə də özümüzü inkişaf etdiririk. Hazırda da yeni bir startap üzərində işləyirik. Güman edirəm ki, yaxın 2-3 ay ərzində ictimaiyyətə təqdim edəcəyik.
- Gənc sahibkarlar üçün belə layihələrin nə önəmi var?
- İstənilən mentorun, mütəxəssisin fikrindən yeni nəsə öyrənmək olur. Ona görə də belə layihələr gənc sahibkarlar üçün əvəzsizdir. Mümkün qədər belə layihələrdə iştirak edib, fikir mübadiləsi aparmaları lazımdır.
- Ölkədə gənc sahibkarların inkişafı üçün yaradılan şərait sizi qane edirmi?
- Əlbəttə, bu sahədə çatışmazlıq çoxdur. Amma 5 il öncə ilə müqayisə etdikdə hazırda daha çox imkanların olduğunu görürük. Zaman keçdikcə bu imkanlar artır.
- Öz fəaliyyətiniz barədə məlumat verməyiniz xahiş edirik. Hazırda hansı sahə üzrə fəaliyyət göstərirsiniz?
- Hazırda "Mediamark" Agentliyini idarə edirəm. Həmçinin sosial media üzrə təlimlər keçirəm. Orkhanrza.com bloqum fəaliyyət göstərir.
- Fəaliyyət göstərdiyiniz sahələr üzrə imza atdığınız uğurlar haqqında nə deyə bilərsiniz?
- İki ildən az zamanda fəaliyyət göstərməyinə baxmayaraq "Mediamark" bu gün ölkədə sayılıb-seçilən agentliklərdəndir, bunu uğur saymaq olar. Orkhanrza.com bloqu ölkədə marketinq, sosial media sahəsində ən çox oxunan şəxsi bloqdur. Üç ildən çoxdur sabit fəaliyyət göstərir və Azərbaycan dilində 300-dən çox, ingilis dilində isə 20-dən çox məqalə var.
Qeyd edək ki, “Baku Business Factory” 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.
