Əlbəttə, nəticələr xoşdur. Bizim üçün çox ağır idi: Bakıya üç güclü klub gəldi. Qrup mərhələsindəki bütün rəqiblərimiz finalda oynamaq istəyir. Layiqli oyun göstərmək üçün çox çalışdıq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasnın Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki çıxışını dəyərləndirərkən deyib. O bildirib ki, ilk matçlarda nəticə barədə düşünməyiblər. Baş məşqçinin sözlərinə görə, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində iştirak "Qarabağ" üçün böyük təcrübə olub: "Bütün futbolçularda həyacan vardı. Xüsusən də, "Çelsi"yə qarşı keçirdiyimiz ilk qarşılaşmada. Oyunçularımın meydanda sərgilədikləri futboldan razıyam. Hər matçda oyunçular və mən təcrübə topladıq".

Q.Qurbanov növbəti mövsümdə də ÇL-in qrupuna düşməyə çalışacaqlarını söyləyib: "Bunun üçün ilk növbədə, Azərbaycan Premyer Liqasında qalib gəlməliyik. Çempionatımız çox güclüdür. Bildiyimə görə, ÇL-də format dəyişir. Qrupa düşmək çətinləşəcək. Çempionatda birinci yeri tutsaq, yenidən qrupa düşmək üçün böyük istəklə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" ÇL-in qrupunda son oyununu dekabrın 5-də İtaliyada "Roma"ya qarşı keçirəcək. Beş turdan sonra Azərbaycan komandası C qrupunda 2 xalla sonuncu yerdədir və növbəti mərhələyə vəsiqə şanslarını itirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində