Tural Abbaslı: “Nizamnaməyə əsasən Vurğun Əyyub hələ də partiya Məclisinin üzvüdür”

12:02 8 Aprel 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 12:58 ]

Müsavat Partiyasında ümumi vəziyyət üzücüdür”

Bakı. Ramiz Mikayıloğlu - APA. “Müsavat Partiyasının Nizamnaməsinə əsasən Vurğun Əyyub hələ də partiya Məclisinin üzvüdür”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyubun adının partiya Məclisinin üzvləri siyahısından çıxarılmasına münasibət bildirən Müsavat Divanının sabiq üzvü, başqanlığa keçmiş namizəd Tural Abbaslı deyib.

 

T. Abbaslı bildirib ki, Vurğun Əyyubun Məclis üzvlüyündən çıxarılması məsələsi səsə belə qoyulmayıb və onun bəyanatları, çıxışları əsas gətirilib: “Vurğun Əyyubun sosial şəbəkələrdə və mətbuatda verdiyi bəyanatlar rəsmi bəyanat, istefa ərizəsi kimi qəbul oluna bilməz, çünki Nizamnamədə belə bir bənd yoxdur. Vurğun Əyyubun Məclis üzvlüyündən xaric olunması istənilirdisə, bülletenlər hazırlanmalı və gizli səsvermə keçirilməli, Məclis üzvlərinin 50%+1-i Vurğun Əyyubun Məclis üzvü səlahiyyətlərinə son verməli idi. Bu prosedurlar baş vermədiyi üçün Nizamnaməyə əsasən Vurğun Əyyub Məclis üzvüdür. Bunu partiyada Nizamnamədən anlayışı olan istənilən şəxs təsdiq edə bilər”.    

 

T. Abbaslı Müsavat Partiyasında ümumi vəziyyətin üzücü olduğunu vurğulayıb: “Hələ də partiyada qurultaya qədərki yarış gizli formada davam edir. Əslində bu yarış başqanlıq seçkiləri yekunlaşdıqdan sonra bitməli idi və seçilmiş rəhbər hamının başqanı olmağa, partiyanı bütövləşdirməyə, gücləndirməyə, gücü bir hədəfə yönəltməyə çalışmalıydı. Təəssüf ki, bəzi dostlarımızın qurultaydan sonra çıxışları, qərarları problemi daha da dərinləşdirdi. Ən üzücüsü odur ki, bu gün partiya rəhbərliyi də bu arzuolunmaz prosesə öz “töhfə”sini verir. İndiki rəhbərlik hər məqamda qurultayda ona səs verməyən insanların partiyada tutduğu bu və ya digər mövqeyi zəiflətmək, partiyadan uzaqlaşdırmaq, onların yerinə  öz qrupunun adamlarını təyin etdirmək xətti tutur. Biz bunu istər rayon təşkilatlarına sədr seçkilərində, istər Məclis, istər Mərkəzi Nəzarət Təftiş Komissiyasına seçkilərdə açıq-aydın görürük. Bu, Müsavat Partiyası kimi yüz illik bir partiyanın siyasi xəttinə ziddir. Parlament seçkiləri öncəsi hələ də daxili qarşıdurmaları dərinləşdirmək uğurlu addım deyil. Bu gün Müsavat Partiyası parlament seçkilərində 125 dairədən cəmiyyətdə, xalq arasında nüfuzu olan namizədlər irəli sürmək barədə düşünməlidir. Namizəd vermək naminə namizəd vermək olmaz. Tanınmış adamların partiya daxilində incidilməsi, intriqalara cəlb olunması uğur gətirməyəcək”.

 

Qeyd edək ki, Müsavat Partiyası Məclisinin son iclasında sabiq başqanı İsa Qəmbərin təklifi ilə V. Əyyubun adı səsvermə keçirilmədən Məclis üzvləri siyahısından çıxarılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR