Qadını boğub, daha sonra başına torba keçirib qətlə yetirməkdə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs özünü təqsirli bilməyib.
Vəkil vəsatət verərək, təqsirləndirilən şəxsin sonda ifadə verməsini istəyib.
Vəsatət təmin edilib.
Daha sonra ölən şəxsin heç kimi olmadığı üçün hüquqi varis qismində Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi dindirilib.
O, mərhumub tək yaşadığını, heç kimi olmadığını deyib: "Tərəflər arasında barışıq əldə olunmayıb. Ona görə ona layiqli cəza verilməsini istəyirik".
Daha sonra şahid qismində təqsirləndirilən şəxsin anası Xuraman Vəkilova ifadə verib. O bildirib ki, oğlu fəhləlik edib: "Bu qadınla birlikdə eyni yataqxanada qalmışıq. Anjelika da mühafizəçi işləyirdi. Hadisə günü Anjelika mənə zəng eləmişdi. Xahiş elədi ki, ona borc pul verim. Mən də Namiqi çağırdım, 150 manat verdim ki, aparıb Anjelikaya versin. Axşam oldu, polislər gəldi. Dedilər, Namiq hardadır? Dedim, Anjelikagilə gedib. Dedim, yəqib, Namiq pulu verməyib. Zəng etmək istəyəndə polis dedi ki, Anjelikanı boğub öldürüblər. Məni 5 gün saxladılar. Halbuki mənim oğlum cinayətkar ola bilməz. Bizim yataqxanamızı sökürdülər. Pul verilmişdi. Anjelikanı pula görə öldürüblər. Onu Elşən adlı adam öldürüb. Birinci Namiqə 30 min pul təklif ediblər ki, cinayəti boynuna al. Lakin oğlum razı olmayıb. Sonra məni və nəvələrimi öldürməklə şantaj edərək oğlumu Qazaxa qaçırdıblar. Anjelikanın telefonunu-filan Namiqə zorla veriblər".
Qadın bildirib ki, Anjelika ilə münasibətləri çox yaxşı olub: "O, bütün məsələri bizə danışırdı. Hətta bizə vəsiyyət eləmişdi ki, onu kimsəsizlər qəbiristanlığında basdırmasınlar. Ona görə də evində lüsturun içində 7 min manat saxlayırdı. Qonşulardan bir iki adam bilirdi. O, öləndən sonra baxdıq, pul ordaydı. Polis pulu gəlib apardı. Bizim yataqxanamızı sökəndə hamımıza 45 min manat pul verdilər. Anjelika da Elşənə 5 min manat borc vermişdi. Ala bilmirdi. Elə məhz ona görə onu öldürüblər. Anjelika 3 dəfə Elşəndən şikayət edib. Axırıncı dəfə mənim yanımda şikayət edib".
Ana bildirib ki, oğlunun əvvələr də məhkumluğu olub: "Birinci hərbidə olanda qaçmışdı. Dizbat verilmişdi. Sonra da Qazaxda bir qızın ailəsi ilə problemi olmuşdu. Məhkəmə 5 min manat cərimə etmişdi".
Prosesdə şahid qismində Elşən Ələsgərov dindirilib. O bildirib ki, dəmiryolunda fəhlə işləyib: "Anjelika ilə qonşu idik. Heç kimi yoxuydu. Heç bir düşmənçiliyimiz olmayıb. Özü mühafizədə işləyirdi. 200 manat maaş alıb. Yeməyini də gətirib bizdə yeyirdi. Sonra dövlət bizə 45 min manat verdi. Hamı getdi özünə ev aldı. Anjelikaya da ev alanda biz kömək etmişik. Özü evi alan kimi gəldi bizə dedi. Yoldaşım da onun evinə pərdə hədiyyə alıb verdi".
Şahid bildirib ki, heç vaxt ondan borc pul almayıb: "Bankdan başqa heç kimdən pul almamışam. Hadisə olan günü bizi polisə çağırdılar. Mənim adımı vermişdilər. Əl izlərimi, ifadəmi və s. yoxladıqdan sonra məni azad ediblər. Orda hamıya məlum oldu ki, hadisəni qonşuluqda olan Namiq törədib. Mənim Namiqlə heç bir münasibətim olmayıb. Bizim ailəmizin Anjelika ilə də heç bir problemi olmayıb. Hadisə olan gün də mən Bakıda olmamışam. İşdə olmuşam. Səhəri gün gəlmişəm. Müharibə veteranıyam, alay komandiri olmuşam".
Elşən Ələsgərov bildirib ki, hadisə vaxtı telefon anteni ilə də onun orda olmadığı sübuta yetib: "Yoxladılar, mən orda olmamışam. Namiq deyir ki, ona zəng eləmişəm. Onun da, mənim də telefonumu yoxladılar ki, aramızda danışıq olmayıb".
Təqsirləndirilən şəxsin vəkilinin sualına cavab verən Elşən Ələsgərov qətlə yetirilən Anjelikanın ondan niyə polisə şikayət etdiyini izah edə bilməyib: "Bu barədə yoldaşım sizə deyəcək. Mən bu söhbəti yaxşı bilmirəm. Bizim heç kimə borcumuz olmayıb. Anjelika hardasa boş-boş danışıb. Burdan heç kim orda olmayıb".
Daha sonra vəkil Namiq Hacıyev üzləşmə protokalları ilə bağlı şahidə suallar verib. Şahid bildirib ki, ondan kiminsə şübhələnməsini başa düşə bilmir.
Hakim bildirib ki, Elşən Ələsgərov ziddiyyətli ifalər verir. Ona görə də digər proseslərdə iştirakı təmin olucaq.
Prosesdə fasilə elan edilib.
Qeyd edək ki, hadisə ötən il Suraxanı rayonunun Hövsan qəsəbəsində baş verib. Qadının meyiti Hövsan qəsəbəsində başına sellofan torba keçirilmiş vəziyyətdə tapılıb. Hadisə yerinə cəlb olunan huquq-mühafizə orqanlarının əməkdaşları meyiti müayinə edən zaman qadının boğularaq qətlə yetirildiyini aşkar ediblər.
Qadının 1963-cü il təvəllüdlü Anjelika Morozova olduğu məlum olub.
Morozova tək yaşayıb, ailəli olmayıb və qapalı həyat tərzi sürüb. Morozovanın cadugərliklə məşğul olmasına dair məlumat yayılmışdı. Bundan başqa, ölməmişdən qabaq qadına əzab verildiyi barədə də məlumat verilmişdi.
Amma Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, Morozova voleybolçu olub və cadugərliyə aidiyyəti olmayıb: “Qətlə yetirilən şəxsin bədənində işgəncə izləri yoxdur, onun bədənində qatilə müqavimət göstərdiyini sübut edən göyərmələr var, müqavimətə baxmayaraq o, boğularaq öldürülüb”, - polisdən qeyd ediblər.
1963-cü il təvəllüdlü Anjelika Morozovanı qətlə yetirməkdə təqsirləndirilən Qazax rayon sakini Namiq Vəkilov saxlanılıb.
Vəkilovu əməliyyatçılar Qazax rayonunda saxlayıblar, o, istintaqdan gizlənməyə çalışırıb.