Əcnəbilər tərəfindən ölkəmizdən övladlığa uşaq götürmə halları ilbəil artır. Maraqlıdır ki, onlar əsasən sağlam uşaqları yox, fiziki qüsurlu uşaqları övladlığa götürürlər. Bu il də bir neçə uşaq xarici ölkə vətəndaşlarına övladlığa verilib.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda bu il 7 uşaq xarici vətəndaş tərəfindən övladlığa götürülüb. Həmin uşaqları övladlığa götürən şəxslər Rusiya, Türkiyə, Almaniya və Gürcüstan vətəndaşlarıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın sözlərinə görə, övladlığa uşaq götürmək üçün müraciət edənlərin yaşam şərtləri və digər qanuni tələblər araşdırıldıqdan sonra onlara müsbət cavab verilib.
Uşaqlar əsasən Azərbaycan vətəndaşları ilə nikahda olan əcnəbilər tərəfindən övladlığa götürülüb. Taliyə İbrahimova onu da qeyd etdi ki, son illər ölkəmizdən övladlığa uşaq götürmək istəyən əcnəbilərin sayı artıb. Onların əksəriyyəti fiziki məhdudiyyətli uşaqları övladlığa götürür və sona qədər həmin uşaqların müalicəsini həyata keçirirlər.
Şöbə müdirinin sözlərinə görə, uşaqlar övladlığa verildikdən sonra 3 il müddətində həmin ailəyə nəzarət edilir.
Hazırda övladlığa uşaq götürmək istəyən bir neçə xarici ölkə vətəndaşının müraciətinə baxılır.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin