“Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qüdslə bağlı qərarını dəstəkləməklə dünya ölkələrinə mesaj vermiş oldu”.
Bu fikirləri siyasi elmlər namizədi, politoloq Elşad Mirbəşiroğlu Publika.az-a açıqlamasında bildirib.
Politoloqun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdslə bağlı verilmiş qərar İsrail-Fələstin münaqişəsində gərginliyin artırılmasına xidmət edir:
“ABŞ bir tərəfdən dünyada münaqişələrin aradan qaldırılması, təhlükəsizliyin, stabilliyin təmin olunması istiqamətində çalışdığını bəyan edir, digər tərəfdən isə vəziyyəti gərginləşdirir. Çünki vəziyətin gərginləşməsi ABŞ-ın maraqlarına cavab verir. Nəzərə almaq lazımdır ki, 1995-ci ildən Donald Trampa qədər ABŞ prezidentlərinin hamısı Qüdsün İsrailin paytaxtı kimi tanınması məsələsini gündəmdən çıxarıblar. Trampın belə bir addım atması seçki öncəsi siyasi və iqtisadi dairələr qarşısında götürdüyü öhdəliyin yerinə yetirilməsi ilə əlaqədardır. Çünki həmin dairələr kifayət qədər təsirlidir. Hesab edirəm ki, Trampın addımları indi də müstəqil deyil, o hər hansı dairənin maraqlarına xidmət edən addımlar atır. BMT-nin Qüdslə bağlı qərarı isə gözlənilən idi. 1947, 1980-ci illərdə BMT Qüdsü beynəlxalq nəzarətdə olan şəhər statusuna malik ərazi kimi tanımışdı. BMT öz qənaməsini bir daha təsdiq etmək məcburiyyətində qaldı və bu addımı atdı”.
Ölkəmizin Qüdslə bağlı mövqeyinə toxunan politoloq bildirib ki, Azərbaycan bir daha müstəqil siyasət yürütdüyünü və münaqişələrin dinc yolla həll edilməsi tərəfdarı olduğunu sübut etdi:
“Cənab Prezident də İslam Əməkdaşlıq Təşkilatının Türkiyədə təşkil edilən növbədənkənar toplantısında bu addımın yanlış olduğunu bəyan etmişdi. Prezident İlham Əliyevin Türkiyədə çıxışı aydın göstərdi ki, Azərbaycan tam müstəqil siyasət yeridən və BMT qətnamələri, beynəlxalq hüquqa böyük sayğı göstərən ölkədir. Azərbaycan hər hansı dövlətdən çəkinmir. Bu mənada BMT qətnaməsinin lehinə səs verəcəyimiz gözlənilən idi. Çünki Türkiyədə cənab Prezident Azərbaycanın mövqeyini açıq şəkildə ortaya qoymuşdu. Həmçinin, BMT Təhlükəsizlik Şurasında Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlı 4 qətnamə qəbul edilib. Azərbaycan BMT-nin Qüdslə bağlı qətnaməsinin lehinə səs verməklə həm bu quruma, həm də dünya ölkələrinə “siz də, Azərbaycanın torpaqlarının işğal edilməsi ilə bağlı BMT qətnamələrinə sayğı gösətirin” mesajını vermiş oldu. Çünki Azərbaycan bu təşkilatın qətnamələrinə böyük sayğı nümayiş etdirir.
Azərbaycan sülhü dəstəkləyən, təhlükəsizliyin etibarlı təmin olunmasına çalışan ölkə imicinə malikdir. Qətnaməni dəstəkləməklə Azərbaycan bu imicini möhkəmləndirmiş oldu. Çünki Trampın qərarı vəziyyətin gərginləşməsinə xidmət edir, Azərbaycan isə münaqişələrin dinc yolla aradan qaldırılmasının tərəfdarıdır. Azərbaycanın bu addımının əsas motivasiyası bundan ibarətdir”.
Politoloq Azərbaycan bu qərarının ABŞ münasibətlərinə mənfi təsir göstərməyəcəyini bildirib:
“ABŞ çox yaxşı bilir ki, postsovet ölkələri arasında Azərbaycan ən yaxşı müstəqil siyasət yürütməyi bacaran ölkədir. ABŞ dəfələrlə bəyan edib ki, Azərbaycan bir çox sahələrdə onun etibarlı tərəfdaşıdır. Xüsusən də, enerji sahəsində Azərbaycan ABŞ üçün regionda alternativsiz tərəfdaşdır. Bu mənada hesab edirəm ki, Azərbaycanın bu məsələdəki mövqeyi iki ölkə arasındakı münasibətlərə xələl gətirməyəcək. Azərbaycan bir daha hər hansı dairənin maraqlarına xidmət etmədiyini, sadəcə olaraq milli maraqlarından çıxış etdiyini göstərmiş oldu”.