Yeni texnologiyaların mənimsənilməsi, ölkənin əmək bazarında olan gərginliyin azaldılması, insanların sosial vəziyyətini yaxşılaşdırılması baxımından bu məsələdə dövlətin dəstəyi müsbət qiymətləndirilir
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Bu günlərdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan xarici ölkələrə işçi qüvvəsinin ixracına başlaya bilər. Nazir qeyd edib ki, bu gün Azərbaycanda işçi qüvvəsinin sayı ona olan tələbatı üstələyir: "Bizim qarşımızda bu işçi qüvvəsinin məşğulluğunun təmin edilməsi məsələsi dayanır. Yeni iş yerlərinin yaradılması və ya onun xaricə ixrac olunması. İkinci halda bu işçi qüvvəsi dünya bazarında rəqabətqabiliyyətli ola biləcəkmi?"
S.Müslümov, həmçinin qeyd edib ki, artıq işçi qüvvəsi problemini təkcə yeni iş yerlərinin açılması ilə həll etmək olmaz: "Bu məsələni bir sıra proqramları icra etməklə - frilanser fəaliyyətinin, növbəli işin təşkil olunması, özünüməşğulluq proqramlarının yaradılması və işçi qüvvəsinin ixtisasının artırılması ilə onun xaricə ixracını təşkil etməklə həll etmək mümkündür".
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri, miqrasiya məsələləri üzrə ekspert Sahib Məmmədov bildirdi ki, əmək miqrasiyasının əsas üç forması var: "İnsanlar bir ölkədən digər bir ölkəyə iş üçün hökumətlərarası razılaşma əsasında, şirkətlər və özəl qurumlar vasitəsilə və ya fərdi qaydada gedə bilirlər. Nazir özü də bildirib ki, Azərbaycanda işçi qüvvəsi çoxdur. Ölkədə əhalinin 70 faizə qədəri əmək qabiliyyətli sayılır. Hələ Sovet dönəmində 110 komsomol zərbəçi tikintisi var idi ki, onların 110-da da azərbaycanlılar var idi. Bizdə həmişə doğumun həddi yüksək olub və işçi qüvvəsi çox olub. Bu baxımdan işçilər onsuz da iş axtarmağa gedirlər. Bu işdə hökumətin onlara kömək etməsi isə yalnız alqışlana bilər. Hesab edirəm ki, bu çox müsbət bir təşəbbüsdür. Amma bəzi hallarda mətbuatda bu haqda mənfi münasibətlər yazılır. Əmək miqrasiyasının faydalarına dair klassik bir misal göstərmək olar. Məsələn, 1961-ci ildə Türkiyə ilə Almaniya arasında imzalanmış müqaviləyə görə, ilkin mərhələdə bir milyona yaxın işçi qüvvəsi Almaniyaya göndərildi. Sonradan bu rəqəm hətta 4 milyona qədər artdı. Həmin işçilərin böyük bir qismi texnoloji yenilikləri və davranış qaydalarını öyrənərək Türkiyəyə qayıtdı. Məhz onlar Türkiyənin inkişafında mühüm rol oynadılar. Bizdən də yaxın tarixdə ayrı-ayrı ixtisaslar üzrə ərəb ölkələrinə işçi qüvvəsi göndərilib. Bu, dünya təcrübəsində adi haldır. Məsələn, körfəz ölkələri Banqladeş, İndoneziya, Hindistan kimi əhalisi çox olan ölkələrdən işçi qüvvəsi gətirmək üçün müxtəlif razılaşmalar əldə edirlər. Biz çalışmalıyıq ki, özümüzə lazım olan ixtisaslı kadrları başqa ölkəyə göndərməyək. Onları özümüz işlə təmin etməliyik. Daha çox ixtisassız işçilər və yaxud da əmək bazarında yerləşdirilə bilməyən və artıqlıq təşkil edən ixtisas işçiləri müvafiq qaydada digər ölkələrə göndərilə bilər".
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, əksər ölkələrdə xaricə əmək miqrasiyasının təşviq olunması çox müsbət hal kimi dəyərləndirilir: "İstənilən hökumət əmək bazarında təmsil olunan mütəxəssislərin xaricdə əmək fəaliyyəti ilə məşğul olmasında maraqlıdır. Bunun üçün zəruri şərait yaradılır. Çünki xaricə ezam olunan əməkçi miqrantlar müvafiq sazişlər çərçivəsində digər ölkələrdə əmək fəaliyyəti ilə məşğul olmaqla həm öz sosial vəziyyətini yaxşılaşdıra bilir, həm ölkəyə valyuta gətirir, həm də ölkənin əmək bazarında olan gərginliyi nisbətən azaltmış olurlar. Bundan başqa, xaricdə əmək fəaliyyəti ilə məşğul olan şəxslər oradakı texnologiyanı, qabaqcıl nailiyyətləri, təcrübəni öyrənir və bu təcrübələrini öz ölkəsində tətbiq edirlər. Yəni ümumilikdə əmək miqrasiyasının bir neçə müsbət cəhətləri var. Önəmli olan bu axını təmin edən proqramın bütün tərəflərin maraqlarına cavab verən tərzdə təşkil olunmasıdır. Bildiyiniz kimi, Azərbaycanda da vaxtilə belə hallar çox olub. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində Səudiyyə Ərəbistanına Azərbaycandan təqribən 250-yə yaxın tibb işçisi ezam olundu. Orada olan personalın bir qismi həmin ölkənin təcrübəsini öyrəndikdən sonra getdiyi ölkədə qalaraq həkim kimi fəaliyyətini davam etdirdi. Təqribən bu proqram 5 il davam etdi. Bir qisim isə Azərbaycana qayıtdıqdan sonra qabaqcıl klinikalarda öz fəaliyyətlərini davam etdirdilər. Bu onu göstərir ki, əmək miqrasiyası bir neçə parametrlər üzrə çox vacib məsələdir. Azərbaycanın əmək bazarında elə sahələr var ki, bizdə həqiqətən ixtisaslı kadrlara çox ehtiyac var. Məsələn, tibb, İT, kosmik tədqiqatlar sahəsində təcrübəli mütəxəssislərə ölkəmizdə böyük ehtiyac var. Ayrı-ayrı sahələrə nəzər saldıqda, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinin öyrənilməsi çox vacibdir. Yerli kadrlarımızı oraya göndərməklə həm əmək bazarındakı gərginliyi aradan qaldıra bilərik, həmçinin ölkəyə valyuta axınını təmin etməklə həmin şəxslərin əmək fəaliyyətini təmin etmiş olarıq. Elə sahələr var ki, məsələn, aqrar sahə üzrə aqronomluq ixtisası qonşu Türkiyədə xeyli inkişaf edib. Orada peşəkar kadrlar yetişdirilən xeyli sayda akademiyalar var. Biz oraya işçi göndərməklə həmin təcrübəni öyrənmək imkanı qazanırıq".
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bizimlə söhbətində bir sıra vacib məsələləri qeyd etdi: "Hələ sovetlər birliyinin tərkibində olduğumuz vaxtlarda ölkələr arasında daxili miqrasiya gedirdi və böyük tikintilər, neft yataqlarının mənimsənilməsi, yeni şəhərlərin salınması zamanı Azərbaycandan müxtəlif yerlərə mütəxəssislər gedirdi. Belə hallar vaxtilə çox olub. Bildiyiniz ki, müstəqillik illərində də Azərbaycandan müxtəlif ölkələrə əməkçi miqrantlar getməyə davam edirdi. İşçilər hal-hazırda əsas etibarilə xidmət sahəsi ilə bağlı Rusiya, Ukraynada daha çox məskunlaşırlar. Qazaxıstan, Rusiya kimi ölkələrdə xidmət sahəsində xeyli azərbaycanlı çalışır. Qərb ölkələrinə də az sayda da olsa neft sahəsi üzrə mütəxəssislərimiz cəlb olunur. Azərbaycan əhalisinin böyük hissəsini gənclər təşkil edir. Məlumdur ki, hazırkı şəraitdə Azərbaycanın əmək bazarı o qədər də böyük bazar deyil. Ona görə də müxtəlif ölkələrə işçi qüvvəsi göndərilməsi müsbət haldır. Mən iki il bundan əvvəl Monqolustanda olanda gördüm ki, azərbaycanlılar orada daha çox tikinti sahəsində çalışır. Həmçinin Türkiyəyə bizdən böyük axın var. Hesab edirəm ki, dünyada qloballaşma prosesi getdikcə, daimi olaraq işçi miqrasiyası aparılacaq. Çünki bir çox ölkələrdə demoqrafik vəziyyət yaxşı deyil. Bu da işçilər üçün yeni imkanlar yaradır. Məsələn Avropa ölkələrində artıq bu problem gündəmə gəlməkdədir".
Milli.Az