Bu gün yazıçı-publisist İlham Tumasın “Dünyanın gizli otağı: Vatikan” adlı kitabının təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, təqdimat mərasimində jurnalistlər, tanınmış qələm adamları iştirak edib.
Jurnalist Rey Kərimoğlu tədbiri açıq elan edib və bildirib ki, bu, müəllifin ilk kitabı deyil. “Bu təqdimatın səbəbi dostlarının qınağıdır. İnanırıq ki, bu axarıncı olacaq”.
Tanınmış jurnalist Səbuhi Məmmədli tədbirdə çıxış edərək İlham Tumasın jurnalistikanın nəbzini tutan şəxslərdən olduğunu deyib: “Bu gün onun Apa TV-də yayımlanan verilişi Azərbaycan efir məkanında ən dəyərli proqramlardandır. İnanıram ki, televiziya peyk yayımına keçəndən sonra onun verilişi böyük tamaşaçı kütləsi toplayacaq. Kitabını oxumamışam, lakin inanıram ki, kitabı da ən azı verilişi qədər maraqlıdır”.
Yazarın qələm dostu Etimad Əsədov İlham Tumasın Azərbaycan mətbuatı üçün dəyərli şəxs olduğunu deyib: “Düzdür, bu kitabı oxumamışam, ancaq müəllif İlham Tumasdırsa, onun dəyərinə şübhə etmirəm. Kitabı oxuyub, fikirlərimiz müəlliflə bölüşəcəm”.
Tanınmış hərbi diktor Şəmistan Əlizamanlı İlham Tumasın qeyri-adi istedad sahibi olduğunu deyib: “O, tələbə ikən cəbhədə xidmət etmiş vətənpərvər bir şəxsdir. Onun yaratdığı hər bir film, kitab digərlərindən fərqlənir. İlham Tumasın yaratdığı hər bir əsərə baxan kimi fərqi hiss etmək olar. Müəllimə yaradıcılığında uğurlar, kitablarının davamlı olmasını arzu edirəm”.
Tədbirdə çıxış edən müəllifin atası Əli Ağayev oğlu ilə fəxr etdiyini deyib. Onun hər zaman seçilən insanlardan olmasını arzu edib.
Sonda çıxış edən müəllif tədbirdə iştirak edən bütün dostlara və yaxınlara təşəkkür edib. Kitabda dünyada və Azərbaycanda baş vermiş, ancaq indiyə qədər sirri açılmayan gizli olaylardan bəhs edilir. Bu kitabda mafiyanın sirlərindən tutmuş səs-küy doğuran qətllərə qədər bütün gizlinlər haqda həqiqətlərdən danışılır.
Kitab “Hədəf” Nəşrlər evində çap olunub.
Gülxar
Foto Elçin Murad