"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante "France Football" nəşrinin versiyasında 2017-ci ilin ən yaxşı fransalı futbolçusu seçilib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı havbek 92 səslə mükafata sahib çıxıb. O, Antuan Qrizmann (Atletiko Madrid), Pol Poqba (Mançester Yunaytedted), Kərim Benzema (Real Madrid) və Kilian Mbappeni (PSJ) qabaqlayıb. Kanteni Mbappe (87) və Benzema (52) izləyib.

Səsvermədə nəşrin redaktoru və mükafatın keçmiş qalibləri (Didye Deşam, Mişel Platini, Silven Viltord, Frank Riberi, Samir Nasri, Kərim Benzema) iştirak edir. Hər kəs 5 nəfərin adını yazır. Məsələn, 2016-cı ildə mükafatı qazanan Qrizmann Toma Lemar, Poqba, Mbappe, Aleksandr Lakazett və Kanteyə səs verib.

Qeyd edək ki, Nqolo Kante şərəfini qoruduğu "Chelsea"nin də təqvim ilində ən yaxşı futbolçusu seçilmiş, "France Football"ın təqdim etdiyi "Qızıl top" mükafatında isə 8-ci olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində