Türkiyənin “Qaziantepspor” klubu fəaliyyətini dayandırmaq barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Məlumatda fəaliyyətlərini dayandırmalarına səbəb kimi, şəhərin imkanlı şəxslərinin, şəhər rəhbərliyinin kluba dəstək olmaması göstərilib. Bəyanatda hətta azarkeşlərin belə stadiona gələrək, komandaya dəstək olmadıqları vurğulanıb.
“Qaziantepspor” klubunun əsası 49 il öncə - 1969-cu ildə qoyulub. Komanda Super Liqada 31 mövsüm çıxış edib. Antep təmsilçisi 2 dəfə - 1999/00 və 2000/01-ci il mövsümlərində ölkə çempionatını üçüncü pillədə başa vurub, 2011/12 mövsümündə isə ölkə kubokuna sahib olub. “Qaziantepspor” bir neçə dəfə Türkiyəni avrokuboklarda da təmsil edib.
“Qırmızı-qaralar” Super Liqanın ötən mövsümünü 17-ci pillədə başa vuraraq, birinci liqaya düşüb. Maddi çətinlik səbəbindən cari mövsümdə gənc futbolçuların ümidinə qalan Antep təmsilçisi birinci liqada son sırada yer alıb.