Bakı. 10 yanvar. REPORT.AZ/ “Bank of Baku” ASC internet bankçılıqda “Cash by Code” xidmətindən istifadə imkanı yaradıb.
“Report”un Banka istinadən verdiyi xəbərə görə, “Cash by Code” - bank kartı olmayan şəxslərə pul vəsaiti göndərmə imkanı yaradan xidmət növüdür. Belə ki, artıq “Bank of Baku” müştəriləri kart hesablarından pul vəsaitlərini internet bankçılıq vasitəsi ilə bank kartı olmayan şəxsə göndərə biləcəklər.
“Cash by Code” xidməti vasitəsilə pul göndərmək istəyən şəxslər, internet bankçılığa daxil olaraq, "Pul köçürmələri" bölməsindən “Cash by Code”u seçib, şəxsi mobil nömrəsini qeyd etməli, vəsaiti alacaq şəxsin mobil nömrəsini daxil etməli, göndəriləcək məbləği qeyd etməli, siyahıdan məbləği göndəriləcək kartı seçməli və məbləği göndərmək üçün “Təsdiqləmək” düyməsinə klik etməlidir.
Əməliyyatı tamamladıqdan sonra pul göndərən şəxsə hər biri 6 rəqəmli olmaqla 2 hissədən ibarət xüsusi kod təqdim edilir.
Kodun birinci hissəsi (ilk altı rəqəm) pul göndərilən şəxsin mobil telefonuna, ikinci hissəsi (ikinci altı rəqəm) isə pul göndərən şəxsin mobil telefonuna SMS kimi göndərilir. Köçürmə edən şəxs SMS vasitəsilə əldə etmiş olduğu kodu köçürməni alan tərəfə məlumat verməlidir.
Pulu qəbul edən tərəf vəsaiti əldə etmək üçün “Bank of Baku”nun ATM-ində “Cash by Code” opsiyasını seçməli, SMS vasitəsilə və pul göndərən şəxs tərəfindən təqdim olunmuş şifrələri ardıcıllıqla daxil etməlidir. ATM-ə daxil edilən məlumatlar düzgün olarsa, şəxs vəsaiti əldə edə bilər. Qeyd edək ki, vəsaitin köçürülməsinə görə komissiya haqqı vəsaiti göndərən şəxsdən tutulur. Məbləği qəbul edən tərəf heç bir komissiya ödəmir.
Köçürülmə məbləğinə təyin olunmuş limit və tətbiq olunan tarifləri bu linkdən öyrənmək olar.