" Çox yaxşı bilir ki, xalq ona nifrət edir"

Metbuat.az millət vəkili Zahid Orucla Ermənistan ordusu və hakimiyyətində baş verən xaosu müzakirə edib.

- Son dövrlər Ermənistan ordusunda özbaşınalıqlar və xaos çoxalıb. Orduda intiharlar, zorakılıq, nizamnəmədən kənar hadisələr artıq adi hala çevrilib. Valideynlər övladlarını hərbi xidmətə göndərmək istəmirlər. Siz bu hadisələri necə şərh edirsiz?

- Bu gün informasiya məkanı açıqdır. Xəbərlərin yayılma arealı genişdir. İstənilən cəmiyyətin daxili vəziyyəti cəmiyyətə yansıyır. Bu gün Azərbaycanda kəşfiyyat materiallarına dayanmadan belə qarşı tərəfin hərbi sistemi haqqında məlumatlar əldə etmək mümkündür. Ermənistan ordusundakı adamlar özlərinə hesabat verirlər ki, niyə biz Qarabağdayıq? Ermənilər Qarabağda təsərrüfat qura bilmir, ticarət yoxdur, ona görə də, orda nə qədər insan qalacaqdı ki? İnsanlar nə qədər səngərdə çürüyəcəkdilər? Qlobal vətən anlayışı ilə deyilən şüarlar sıravi erməninin həyatında özünü ayrı cür göstərir. İstənilən ordu öz sosial təminatı və maddi texnikasından asılı olmayaraq, birinci növbədə mənəvi kateqoriya üzrə formalaşır. Atəş dayanan kimi erməni hərbi hissələrində dedovşina, əsgərlərin silahla davrana bilməməsi və sair halları görürük. Təhlükədə bizə qarşı birləşmək asandır, dinc dövrdə isə özləri özlərinin düşmənidir. Aprel döyüşlərindən sonra vəziyyət bir qədər də dəyişdi. 90-cı illərin qalib ədası ilə hakimiyyəti qəsb edənlərin vətən pafosları sadə ermənilərə təsir etmədi. İnsanlar gördülər ki, qırılırlar, acdırlar, vəziyyətləri ağır durumdadır. Anladılar ki, xalqın vəziyyəti pisləşdikcə erməni siyasi elitası və generallar varlanırlar. Ancaq bir 4 günlük müharibə bəs elədi ki, Ermənistanın 90-ci illərdə formalaşan elitası taxt-tacdan düşsün. Seyran Ohanyan və digər 4 general hakimiyyətdən getdilər. Bəlli oldu ki, patronun sayına qədər ciddi problemlər yaşamaqdadırlar. 2016-ci ilin aprel ayının 8-də Berlində Merkellə görüşdə Sarkisyan bəyan elədi ki, biz 80-90-cı illərin metallomu ilə vuruşuruq. Onda bəlli oldu ki, bunlar köhnə texnika ilə vuruşurlar. Ondan sonra onlar məcbur oldu ki, sadə xalqın boğazından kəsib texnikaya yönəltsinlər. Azərbaycanın imkanları isə qat-qat güclüdür. Ermənistanda alınan silahlar təkcə Qarabağda Azərbaycanın yerləşdirdiyi silah kütləsi ilə qətiyyən müqayisə oluna bilməz. İndi bizim ölkənin müdafiə naziri cəbhədə əsgərlərlə eyni tikəni bölüşür, səngərlərə gedir, əsgərin real vəziyyətinə öz gözüylə baxır. Çünki ölkə başçısı tapşırıb ki, Azərbaycan istehkam nöqtələrində möhkəmlənməlidir. Ermənistan Azərbaycanın beynəlxalq layihələrinə qarşı Qarabağı qoyubdur. Azərbaycan buna cavab olaraq çox güclü bir xətti qoyub: Naxçıvan. 110 milyon dollara qədər gömrük rüsumu güzəştlərini Naxıvan qazandı. Onlar bilirlər ki, Naxçıvanın mərkəzindən İrəvana cəmi 62 kilometr məsafə var. Bu, orta radiuslu silahların dəf edəcəyi məsafədir, biz hələ raketlərdən danışmırıq.

- Ermənistanda bir neçə il öncəyə qədər müdafiə naziri olan Seyran Ohanyan indi iqtidarla açıq savaş halındadır. Bu, həm də onun göstəricisi deyilmi ki, Ermənistanda iqtidar daxilində böyük çaxnaşmalar var?

- Seyran Ohanyan bu gün hakimiyyətə qarşı qatı müxalifətdədir. Ohanyan Oskanyan və Raffi Hovanisyanın siyasi bloklarına informasiyalar ötürür. Samvel Babayan da 6 milyonluq vəsaitin mənimsənilməsində iştirak etdiyi üçün həbs olundu. Mən bunu şərh elədim ki, medalları geri qaytarmaq dövrüdür. İndi o qüvvələr erməni xalqı qarşısında hesabat verirlər. Prezident Adminstrasiyasının rəhbəri Viqen Sarkisyanı- siyasi fiquru müdafiə naziri kimi qəbul eləmirlər, onu üstündən barıt qoxusu gələn adamlar kabinet naziri hesab edirlər. Belə versiyalar var ki, Viqen Sarkisyan özü hakimiyyəti götürə bilər. Bu gün hakimiyyətin orduya nəzarət edərək Qarabağ kartından istifadəsi qat-qat zəifləyib. Sarkisyan çox yaxşı bilir ki, xalq ona nifrət edir. Bu gün ermənisiz Ermənistan formalaşmaqdadır. Gerçək mənzərə Ermənistan üçün çox acınacaqlıdır. Bu, sadəcə bizim medianın təbliğatı deyil, real mənzərədir.

- Ermənistanda tələbələrin orduya cəlb edilməsi və qanundakı dəyişiklik Ermənistanda orduya əhali çatışmazlığından doğan problem deyilmi?

- Elm özü təhlükəsizlik hadisəsidir. Ordunun beyni, təfəkkürü yoxdursa, texnikanı idarə edə bilməyəcək. Tələbələr ona görə də hayqırırlar. Onsuz da Ermənistanın insan resursu azdır. Bizdə yaşı 45-ə qədər olan insan sayı 1 milyon 200 mindir, onlarda 250-400 mini aşmır. Ermənilər həmçinin orduda əsgəri qüvvə kimi formalaşmaq sarıdan geridədir. Azərbaycan hərbi durumu öz xeyrinə dəyişib, bu, danışıqlarda bizim mövqeyimizi gücləndirir.


- Vigen Sarkisyan özü də açıqlama vermişdi və etiraf etmişdi ki, erməni ordusunda korrupsiya var. Ermənistandan kənardakı demokratiyadan danışan erməni lobbisi də bu gün iqtidardakı mafioz qruplarla əlbirdir. Bunu necə şərh edərsiz?

- Erməni sənətçisi, Fransadakı səfir Şarl Aznavur dəfələrlə iqtidarı tənqid edir ki, türk düşmənçiliyinin heç bir xeyri yoxdur. Bundan əlavə, politologiyanın belə bir nəzəryyəsi var ki, öz bölgəndə qonşularınla toqquşma. Statistikalar bərbad durumdadır. Orduya nəzarətdən siyasi sitemin qapalılığı və monopoliyaya qədər hər şey imkan vermir ki, hətta parlamentdə təmsil olunan "Yolk" müxalifət fraksiyası real idarəetməyə təsir etsin. Naxçıvanın büdcəsi 350 milyon manata yaxındır. Dağlıq Qarabağın ümumi büdcəsi isə 170 milyona yaxın idi. Orada demokratiya qurmaq mümkün deyil. O əraziylə sən dünya siyasətinı çıxa bilməzsən. Ermənistanın özü beynəlxalq subyekt deyil. Bəlkə bir dəfə görmüsüz ki, Sarkisyanı hansısa ciddi beynəlq quruma, yaxud beyin mərkəzinə çağırsınlar?

- Ermənistanın üzv olduğu KTMT daxilindəki dövlətlərin bir çoxu Azərbaycana çox pozitiv yanaşırlar və dəstək verirlər. Bu, Ermənistanın bütün dünyada dövlət kimi imicinin zədəli və qeyri-ciddi olmağının göstəricisi deyilmi?

- Ermənistan erməni dövlətindən çox Rusiya dövlətidir. Bizim isə Rusiya ilə münasibətlərimiz son 100 il ərzində ən yüksək səviyyədədir ki, bu da prezident İlham Əliyevin strateji gücüdür, iradəsidir, onun böyük nailiyyətidir. Avropa tərəfindən də, Rusiya tərəfindən də Ermənistana qiymət verilərkən bu, nəzərə alınır ki, Ermənistan oturuşmamış dövlətdir. Qarabağda müharibə aparmamaq səbəbləri də var. Bu gün Qarabağ məsələsi ən azı 3 dövlətin müharibə predmetidir. Qarabağ məsələsi bu gün bölgəyə nəzarətin silahıdır. Bakı isə artıq böyük görüşlərin məkanıdır. Azərbaycan illər ərzində öz mövqeyini qat-qat gücləndirib. Diqtəedici tərəf bizik. Qarşıdakı dönəmdə Azərbaycan Qarabağda üstünlüyü əldə saxlayaraq torpaqlarını işğaldan azad etmək mübarizəsini davam etdirəcəkdir.

Tural İsmayılov/ Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR