​Bitkoindəki "köpüklər" partlayır?

2018-ci ilin geridə qalan günləri kriptovalyutalar üçün də heç də uğurlu olmadı. Son bir ayda bitkoin 41%, bu ilin son 10 günündə isə 34% dəyər itirdu. Hazırda isə virtual valyutanın dəyəri 11 min ABŞ dolları ətrafındadır.

İqtisadçı VüqarBayramov Metbuat.az-a açıqlamasında bildirib ki, Cənubi Koreyanın bitkoin ilə əməliyyatları qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi:

“Bitkoin ilə yanaşı, digər kriptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir. Əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kriptovalyutalarla bağlı ehtiyatlı açıqlamalar gəlir. Bitkoindəki köpüklər partlayırmı? Əslində, öncədən əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdılar. Aydındır ki, əksər mərkəzi bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu zaman tələb edəcək. Blokçeyn üzrə əməliyyatlar ənənəvi bankçılığı tələbi azaldır. Və sadəcə bu kontekstdən də hələlik nə əksər mərkəzi banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar.

Bitkoinin gələcək taleyi...

Güman olunur ki, kriptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq. Aparıcı ölkələr bitkoinlərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə, o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma ABŞ bitkoinləri dəstəkləyərsə, o zaman kreptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə, bitkoinlərinin taleyinin necə olmasından asılı olmayaraq, yaxınlarda olmasa da, bütövlükdə gələcək virtual valyutaların olacaq”.

İqtisadçı Rəşad Həsənov isə bildirib ki, kriptovalyutaların sürətlə bahalaşması bazarda “balonlar” formalaşdırıb:

“Bu, qeyri-təbii bahalaşmadır. Heç bir əmtəə, xidmət və valyutanın o şəkildə bahalaşması normal qəbul edilmir. Burada spekulyativ yanaşmalar da hiss olunur. Bu kimi hallarda maliyyə bazarları onu göstərir ki, qiymətlərdə geri dönüş qaçınılmaz olur. Koreyada kriptovalyutanın şifrərələrinin sındırılması və haker hücumları öz təsirini bazarlarda göstərdi. Nəzərə almaq lazımdır ki, dünyanın əksər güc mərkəzləri və mərkəzi bankları hələ də kriptovalyutanı tam qəbul etməyiblər. Kriptovalyutada olan risklər haqqında daim maarifləndirmə işləri həyata keçirirlər. Hazırda İngiltərə, Yaponiya Mərkəzi Bankı bu istiqamətdə davamlı olaraq xəbərdaredici informasiyalar verirlər.

Növbəti 5 ildə...

Bu valyutanın real dəyərinin müəyyənləşdirilməsi çox çətindir. Proqnozlara görə, növbəti 5 ildə kriptovalyutaların dəyəri 300 min ABŞ dollarına qədər yüksələ bilər. Düşünürəm ki, burada müəyyən boşluqlar var. Zaman çərçivəsində hüquqi statusun müəyyənləşməsi, qanunvericilik bazasının, kriptovalyutaların fəaliyyətinin, istifadəsinin daha da genişlənməsi, son nəticədə qiymətlərin reallığa uyğunlaşmasına gətirib çıxaracaq. Hazırda kriptovalyutaların cinayətkar qurumlara açıq olması, istifadə imkanlarının genişliyi, eyni zamanda dövlət qurumlarının prosesə nəzarət imkanlarının məhdudluğu kimi məsələlər qlobal sferada narahatedici məqamlardan biridir.

Qiymətlər yenidən azalacaq

Çin özü yaxın günlərdə kriptovalyutanın dövriyyəsinin məhdudlaşdırılması istiqamətində müəyyən addımlar atdı. Bu istiqamətdə kriptovalyuta ilə fəaliyyət göstərən müəssisələrin Çindən kənarlaşmasına gətirib çıxardı. Hazırda bu müəssisələr fəaliyyət yerlərini dəyişməyə cəhd göstərirlər. Eyni zamanda, bu, o deməkdir ki, böyük bir bazardan istifadə imkanları da məhdudlaşır. Belə bir şəraitdə bu valyuta növünə tələbin azalması son nəticədə qiymətlərin azalmasını şərtləndirdi. Hazırki qiymətlər də kifayət qədər bahadır. Növbəti dövrdə bu qiymətlərin azalmasını müşahidə edəcəyik”.

Xəyalə Məmmədova / METBUAT.AZ

“DəmirBank”-a krediti borcu olanlar oxusunlar - VACİB! - Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR