"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Cahangir Axundov dindirilib.

O, "Bank Standart"ın kredit departamentinin müdir müavini işlədiyini deyib: "2004-cü ildə formal olaraq kredit departamentində çalışmışam. Orda adım gedib. 2005-ci ildə müştəri xidmətlərinə direktor təyin edilmişəm. Uzun müddət həmin vəzifədə çalışmışam".

Vəkil Janna Bağırova bildirib ki, şahid bankın İdarə heyətinin üzvü olub.

Şahid isə bildirib ki, "Çudo Peçka"ya kredit ayrılan zaman onların pulu qaytarmaq imkanı olmayıb: “2011-ci ildə pullar o qədər şişdi ki, artıq onlar kredit vermirdi. Bankın idarə heyətinin sabiq sədri Səlim Kirmanın kimləsə cinayət əlaqəsinə girməsindən xəbərim yox idi. "Çudo Peçka"ya 21 milyon manat kredit verilib. Həmin pulların hamısı Səlim Kirmanın qərarı əsasında verilib. İdarə heyətinin üzvü olsam da, mənim ona qarışmaq imkanım olmayıb".

Cahangir Axundov bildirib ki, 2014-cü ildə Səlim Kirman işdən uzaqlaşdırılıb: "Həmin il idarə heyətində təmsil olunmuşam. 2015-ci ildə yenidən "Çudo Peçka"ya 6 milyon manat ayrılıb. Həmin pulu Səlim Kirmanın yerinə gətirilən yeni sədr vermişdi. Yəqin, yeni sədr təsisçilərlə məsləhətləşəndən sonra bu pul ayrılıb. Çox məsələlərdən bizim xəbərimiz olmurdu".

Şahid qeyd edib ki, "Çudo Peçka" bank rəhbərliyinin nəzarətində idi: "Şirkət təsisçi və Səlim Kirmanın əlində olub. Ona görə ayrılan pullardan xəbərsiz olurduq".

Təqsirləndirilən şəxsin vəkili Janna Bağırova ilə şahid arasında mübahisə yaranıb. Hakim hər iki tərəfə xəbərdarlıq edib.

Ələkbər Həşimov bildirib ki, "Çudo Peçka" mağazasında çalışıb. O, istintaqda verdiyi ifadəsini təsdiqləyib. Qeyd edib ki, bankdan onların adına kreditlər götürülüb: "Mənə Pərviz Cəlilov zəng edib dedi ki, bankdan kredit götürüləcək. İşçiləri də yığıb ora getmişəm. Müqavilələrə qol çəkmişik. Pul götürməmişik. Pərviz demişdi, bu kreditlərin işçilərə aidiyyəti olmayacaq".

Qeyd edək ki, ittihama görə, Çingiz Cəlilov "Standart Bank"ın idarə heyətinin sədri Səlim Kirmanla cinayət əlaqəsinə girərək 14 milyona yaxın məbləği mənimsəyib, aralarında bölüblər.

Çingiz Cəlilov və yaxınları aid olan 7 milyon manatlıq əmlakın üzərinə həbs qoyulub.

Səlim Kirman və Çingiz Cəlilova Cinayət Məcəlləsinin 179.3.2-cu (külli miqdarda mənimsəmə), 308-ci( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Səlim Kriman Azərbaycandan qaçdığı üçün barəsində İxətti ilə axtarış elan edilib. Çingiz Cəlilov isə həbs edilib.