“Ermənilər bunu çox yaxşı bilir və onları qorxuya salan da budur” – Aydın Hüseynov

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışı Ermənistanı o qədər təşvişə salıb ki, erməni mətbuatı davamlı olaraq narahatlıqla bu məsələyə toxunur.

Metbuat.az-ın məlumatına görə, dövlət başçısının dediyi “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır... İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir” sözləri işğalçı ölkənin mediasında fəal şərh edilir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov deyir ki, tarixdən bəllidir ki, İrəvan xanlığı da, Göyçə mahalı da, Zəngəzur mahalı da Azərbaycanın qədim torpaqlarıdır: “Azərbaycanlılar min illər boyunca o torpaqlarda yaşayıblar. Çar Rusiyası dövründə o torpaqları ermənilərə veriblər və ermənilər Azərbaycan torpaqlarında özlərinə dövlət qurublar. Zamanla isə onlar azərbaycanlıları öz ata-baba torpaqlarından qovublar. Yəni ermənilər də çox yaxşı bilir ki, bunlar Azərbaycan torpaqlarıdır. Onlar bilir ki, prezident İlham Əliyevin prinsipial mövqeyi bəllidir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlət başçısının apardığı prinsipial və ardıcıl siyasəti nəticəsində onların diplomatiyası, siyasəti alt-üst olub, bunu da gözəl bilirlər: “Eyni zamanda doğrudan da Azərbaycan xalqı və o torpaqda yaşayan insanların gələcək nəsilləri, indiki nəsilləri o torpaqlara qayıdacaq. O torpaqlar yenidən Azərbaycan xalqının məskəni olacaq. Onları qorxuya salan da budur. Prezident İlham Əliyev demir ki, o torpaqları hansısa yolla, müharibə yolu ilə alacaq. Sadəcə bəyan edir ki, biz o torpaqlara qayıdacağıq”.

Qeyd edək ki, Ermənistanın 1in.am informasiya portalı yazıb: “Bizim hakimiyyət bir məsələni təkidlə inkar edir ki, Əliyevin özünə güvənməsinin mənbəyi, yumşaq desək, bizim dövlətimizin biabırçı vəziyyətdə olması, dağıdıcı mühacirətdir... Əgər biz belə davam etsək, İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta hər birimizin evinə daxil olacaq. Əliyevin çıxışının həyəcan doğuran tonu bizim hakimiyyətin nümayəndələrinin qulağına nə qədər xoş gəlməsə də, praqmatik siyasi əsasa malikdir. Bu, boşalan Ermənistan dövlətinin institusional və perspektiv iflasa uğramasıdır. Ermənistanın hakimiyyət orqanlarının nümayəndələri bir aşkar faktı – özlərinin siyasətinin açıq-aydın fiaskosunu gizlətmək məqsədilə dünəndən başlayaraq qılınclarını yellədirlər”.

Portalda daha sonra qeyd edilir ki, Ermənistan dövlətinin davamlı tənəzzülü milli gündəliyin və idealların olmamasına dəlalət edir. 1in.am portalı vurğulayır: “Bizim vəzifəmiz Azərbaycan Prezidentinin kölgəsini qılınclamaq deyil, inkişaf strategiyası və gələcək barədə təsəvvür formalaşdırmaqdır”.

Azərbaycan Prezidentinin çıxışı eyni zamanda Ermənistan mediasını dərin iqtisadi böhran və hər hansı perspektivlərin olmaması nəticəsində ölkədə yaranmış kədərli demoqrafik vəziyyətə yenidən nəzər salmağa məcbur edib. Həmin xəbər portalı Ermənistan Milli Statistika Xidmətinin 2017-ci il üçün məlumatlarını göstərir. Bu məlumata görə, ötən il ərzində ölkə əhalisinin sayı 13,2 min nəfər azalıb. Demoqraf Artak Markosyan bu məlumatları şərh edərək deyib: “Əgər belə davam etsə, tədricən 90-cı illərdəki indekslərə malik olacağıq”. Həmin demoqrafın müşahidələrinə görə, 2017-ci ildə Ermənistanda əhalinin təbii artım göstəricisi 1991-ci ildən sonra ikinci ən pis göstəricidir. O vurğulayıb ki, Serj Sarkisyanın 2040-cı ildə Ermənistan əhalisinin sayının 4 milyon olacağı barədə bəyanatları “fantastika sahəsindən” olan “qeyri-ciddi” bəyanatlardır. KİV-lər A.Markosyanın bu sözlərini sitat gətirir: “Ona görə ki, Ermənistanın daxili həyatında heç bir irəliləyiş yoxdur, xaricdə yaşayan həmvətənlərimizi vətənə qayıtmağa məcbur edə biləcək islahatlar aparılmır. Bütün əlamətlər onu göstərir ki, tənəzzül davam edə bilər, bunun əksini iddia etmək üçün isə heç bir əsas yoxdur”.

Azərbaycan Prezidentinin “Ermənistan öz işğalçı siyasətini davam etdirdikcə, bu ölkə bütün regional layihələrdən kənarda qalacaq” bəyənatı isə Ermənistanda əsl vahimə doğurub. Birinci erməni portalında dərc edilmiş “Ermənistanın təcrid olunması kabusu: Azərbaycan-İran dəmir yolu işə salınıb” sərlövhəli analitik məqalənin adı buna sübutdur. Həmin məqalədə deyilir: “Fevralın 8-də Rusiyadan oduncaq və XDF (xırda dispersiyalı fraksiya) yüklənmiş altı vaqondan ibarət birinci sınaq qatarı Azərbaycan və İrandəmir yollarını birləşdirən və inteqrasiya edən Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu ilə Rusiyadan İrana çatıb. Cari ilin mart ayında dəmir yolunun tam istifadəyə verilməsi gözlənilir. Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu cari ilin mart ayında rəsmən açılacaq. Açılış mərasimində İranın və Azərbaycanın rəsmi şəxsləri iştirak edəcəklər... Beləliklə, regionda Azərbaycanın, İranın və Rusiyanın iştirakı ilə yeni perspektivli əməkdaşlıq platforması yaranır. Üç ölkənin prezidentlərinin vaxtaşırı keçirilən sammitləri bu prosesi daha da sürətləndirir. Azərbaycanın mərkəzi rol oynadığı bu layihə Ermənistanın siyasi və iqtisadi cəhətdən təcrid olunmasını daha çox vurğulayır”.

Məqalədə vurğulanır ki, bu cür qlobal proqramlar Ermənistanın İran üçün əhəmiyyətini tədricən heçə endirir. İran Avropa və Rusiya bazarlarına çıxışın təmin edilməsi üçün faktiki olaraq məhz Azərbaycan ərazisində alternativ variantlar tapır. Məqalədə deyilir: “Ermənistanın alçaldıcı statusu – Rusiyanın altdövləti adı dönməz şəkildə təsbit olunur. Bunun nəticəsində ölkəmiz özünün subyektliyini itirir və demək olar ki, bütün regional inteqrasiya layihələrində iştirak etməkdən kənarlaşır”.

Müəllifin fikrincə, Ermənistan üçün yaranmış pat vəziyyəti, onun düyünə düşməsi Ermənistanın Qarabağ siyasətinin əsassız olmasını üzə çıxarır. Müəllif yazır: “Status-kvonun saxlanmasına əsaslanan siyasət əslində səmərəli deyil, çünki status-kvo təkcə hərbi müstəvidə formalaşmış tarazlıq deyil, həm də Ermənistanın və Azərbaycanın iqtisadi inkişaf göstəricilərinin müqayisəsi deməkdir”. Məqalədə vurğulanır ki, Ermənistanın hakimiyyət orqanlarının siyasətinin səmərəlilik göstəricisi danışıqlar prosesinin ləngidilməsi deyil, bu münaqişənin rasional kompromislər əsasında tezliklə nizamlanması olmalıdır”.

Günay Elşadqızı / METBUAT.AZ

“Dilqəm və Şahbaz məsələsi onların marağında deyil” – Aydın Mirzəzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı