Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasında telefon danışığı olub.
Metbuat.az-ın məlumatına görə, tərəflər danışıqlar zamanı Suriya məsələsini, xüsusən Afrin və İdlibdəki vəziyyəti müzakirə ediblər. Türkiyə prezidenti Afrində "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulara qarşı mübarizədə birgə səylərin zəruriliyini vurğulayıb.
Bir neçə gün öncə Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında da telefon danışığı baş tutmuşdu. Kremlin sözçüsü Dmetri Peskov bildirib ki, apreldə Türkiyədə Rusiya, Türkiyə və İran liderləri görüşərək Suriya məsələsiin müzakirə edəcək. Ondan əvvəl isə üç ölkənin xarici işlər nazirləri 14 martda Moskvada görüşəcək.
Ötən il Rusiya, Türkiyə və İran arasındakı Astana razılaşmasından və Suriyada İŞİD üzərində qələbədən sonra münaqişənin bitməsi düşünülsə də, hələ ki, həllini tapmayıb.
Qeyd edək ki, bu gün Türkiyənin Suriyanın Afrin bölgəsindəki “Zeytun budağı” əməliyyatına başlamasından bir ay ötür. Son məlumata görə 1715 terrorçu məhv edilib.
Suriya məsələsi ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Zaur Məmmədov deyir ki, İŞİD üzərində qələbədən sonra vətəndaş müharibəsinin sona yetəcəyinə nikbin baxanlar fikirlərində yanıldılar: “Məsələ burasındadır kı, Suriya Türkiyə, İran, İsrail, Səudiyyə Ərəbistanı və Rusiya üçün həyati coğrafiyadır. Onların hər birinin Suriyadakı maraqları toqquşur. ABŞ üçün isə Suriya, Rusiya və İranı zəiflətmək, vacib coğrafiyaya sahib olmaq üçün önəmlidir. Amma nə qədər olsa da Suriya yuxarıda adlarını sadaladığım dövlətlər üçün daha həyati və prinsipial məsələdir. Belə olan təqdirdə münaqişənin tezliklə sona yetməsi inandırıcı deyil.
Azərbaycan üçün Suriyada Türkiyənin uğuru çox vacibdir. Qardaş ölkənin silahlı qüvvələrinin Suriyanın şimalını terrorçulardan təmizlətməsi Türkiyənin milli təhlükəsizliyi üçün aktualdır. Təsdiqini tapmış məlumata əsasən, Afrin bölgəsində kürd qrupları öz ərazilərinin Əsəd ordusuna verilməsinə razılıq veriblər. Məlum məsələdir ki, türk ordusu ilə üz–üzə gəlməkdən qorxan, açıq–aşkar zəif bənd olan PYD/YPG qruplaşmaları düşmənləri türklərdənsə, bəzi məsələlərdə maraqları üst-üstə düşməyən Əsəd ilə razılığa gəliblər. Lakin əslində Suriyadakı kürd terrorçuları Əsəd ilə deyil, Rusiya və İranla razılığa gəliblər. Əsədin qondarma fiqur olduğu hamıya məlumdur. Türk ordusunun Suriyanın şimalına daxil olması ilə barışan Rusiya, qardaş ölkənin hərbçilərinin Mənbicə və Fərat çayının digər hissələrinə qədəm qoymasını özünə təhlükə görür. Çünki Türkiyə ilə Rusiya arasında artıq fikir ayrılıqları üzə çıxmaqdadır. Rusiya, Əsəd və kürdlər arasında anlaşmaya nail olaraq bölgədə sabitlikdə maraqlıdır. İran da Türkiyənin Suriyanın içərilərinə doğru irəliləməsindən bərk narahatdır. Türkiyənin isə tələbi sadədir. Suriya bütöv olmalıdır və onun Türkiyə ilə sərhədləri terrorçulardan təmizlənməlidir. Ona görə də, əgər PYD/YPG qruplaşmaları ilə “Əsəd” arasında razılaşmadan sonra bölgə terrorçulardan təmizlənəcəksə, bunu Ankara ancaq alqışlayacaq. Amma əgər sabah yenə də hansısa qüvvə terrorçulara maliyyə və texniki dəstək verəcəksə, onda Ankara daha da alovlu əməliyyat aparmalı olacaq”.
Politoloqun sözlərinə görə, Suriyada bu gün sabitliyin əldə edilməsi bütün qonşu ölkələrin milli maraqlarına daxidir: “Rusiya, İŞİD üzərində qələbədən sonra yavaş–yavaş ölkənin bütün ərazilərinin Dəməşqin nəzarətinə keçəcəyini düşünürdü. Lakin bu belə olmadı. Suriyanın əsas münbit və enerji yataqları olan torpaqları ABŞ–ın nəzarəti altındadır. Suriyada yaxın aylar ərzində vəziyyətin hansı istiqamət alacağını demək çox çətindir. Bir neçə ssenari var. Hesab edirəm ki, Suriyanın gələcəyibirbaşa olaraq ABŞ–Rusiya ikitərəfli münasibətlərindən tutmuş, Türkiyənin Suriyadakı maraqlarının nəzərə alınmasına qədər olan olan vəziyyətlərdən asılıdır”.
Günay Elşadqızı / METBUAT.AZ
“Onların sosial bazası olsaydı, bu addıma sevinərdilər” – Elman Nəsirov