“Report” xəbər verir ki, bu barədə "Abşeron" yatağının işlənməsinin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsi (ƏMSSTQ) üzrə ictimai dinləmələrdə qeyd olunub.
Qazma işlərinin 2019-cu ilin mart ayında yekunlaşması gözlənilir. Qazma proqramı 379 gün nəzərdə tutulur. ABD-001 saylı quyu Heydər Əliyev adına yarımdalma qazma qurğusu ilə qazılacaq.
Qeyd edək ki, ictimai dinləmələri layihənin operatoru “Total E&P Absheron B.V.” şirkəti keçirir.
"Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir.
“Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş 2009-cu ildə imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və “Total” (50%) şirkətləridir.