"Bu əzaba illərdən bəri qatlaşdım. Dözdüm, əziyyət çəkdim. Amma artıq yetər dedim və o gündən bəri azadam".

ABŞ-ın Viskonsin ştatında yaşayan 33 yaşlı Liya Yorqensen yumurtalıqların polikistoz sindromu (Polycystic Ovary Syndrome, POS) xəstəsidir. Bu sindroma tutulan şəxslərin bədənlərində tük örtüyü çox sıx və qalın olur.

Milli.Az The Sun-a istinadən bildirir ki, Liya illərdən bəri üzünü və bədəninin açıq hissələrini təraş edirdi. Saatlarla davam edən bu prosedurda o, bədənin sıx və tünd rəngi tüklərdən təmizləyirdi.

İndisə o, tüklərini qırxmır.

Saqqallı qız artıq utanmır: bədənimdəki tükləri qırxmıram - FOTO

14 yaşı olanda sinif yoldaşlarının təhqirlərinə məruz qaldığını deyən Liya söyləyir: "Mənə "tüklü meymun", "eybəcər" söyləyirdilər. Məcbur qalıb həmişə uzunqol köynəklər geyinirdim. Üzümü hər gün qırxırdım. 13 il belə davam etdi. Üzümdə, sinəmdə, qarnımda, qollarımda, belimdə, ayaqlarımda - hər yerdə tükləri təmihləyirdim. Özümə nifrət edirdim, özümdən utanırdım. Ən böyük arzum o idi ki, günlərin birində yuxudan ayılanda bədənimi tüklü görməyim. Müalicə də olmadı. Daha doğrusu, müayinə olunduğum həkim müalicənin mümkünsüz olduğunu söylədi. Daha sonra kağızda bədənimdəki tüklü yerlərin rəsmini çəkdi. Eybəcər olduğumu anladım, çox pis oldum".

Liyanın sözlərinə görə, tüklü bədənindən utandığından 27 yaşına qədər qarşı cins mənsubu ilə öpüşməyib, 12 il sərasər stomatoloq yanına getməyib.

O, yayda belə uzunqol geyindiyindən daim tərli gəzdiyini xatırlayır.

2015-ci ilin dekabrında Liya Yorqensen yolu keçəndə onu maşın vurub. Təcili yardım onu hospitala aparıb. Paramediklər Liyanın paltarlarını doğrayıb onu əməliyyata hazırlayanda qızın tüklü bədənini görüblər.

"Onların üzlərinə baxırdım. Normal reaksiyaları vardı. Yəni tüklü olmağım onları təəccübləndirmədi, iyrəndirmədi. Anladım ki, o həkimlər məni tüklü qız kimi yox, sadəcə, pasiyent, insan kimi görürlər. Məhz o anda tüklü bədənimin yaratdığı kompleksləri dəf edə biləcəyimi dərk etdim", - Liya deyir.

Ötən ildən bəri Liya bədənindəki tükləri qırxmadığını və özünü normal hiss etdiyini söyləyir.

Ötən yayda o, həyatında ilk dəfə olaraq çimərliyə yollanaraq bikini geyinib, sonra da çəkdiyi fotolarını İnstagram-dakı profilində paylaşıb.

O, çalışdığı sığorta şirkətini də tərk edərək kollecdəki təhsili bərpa edib. Bu yaxınlarda isə Liya autizm xəstəsi olan uşaqların reabilitasiya mərkəzində işə düzəlib.

Milli.Az