"Ssenariləri "peraşki" yeyə-yeyə yazırdıq"

Metbuat.az-ın budəfəki qonağı da tamaşaçıların sevib-seçdiyi, hər zaman üzümüzü güldürməyi bacaran aktyorlardan biridir. Onun yaratdığı obrazlar ona görə sevilir ki, heç kimə yad deyil. Həmin insanlarla biz hər gün həyatda qarşılaşırıq. Realdırlar, canlıdırlar.

Müsahibimiz Müşfiq Şahverdiyevin əsas məharəti isə ondadır ki, onları bizə olduqları kimi çatdıra bilir.

- Söhbətimizə çoxları üçün maraqlı gələn sadə sualla başlayaq. Aktyorluq necə peşədir? Asandır, yoxsa çətin?

- Kütləni güldürmək çox çətindir. Bunu tək mən yox, dünyasını dəyişən bütün korifey sənətkarlarımız da deyiblər. Komediya janrının hər adamın öhdəsindən gələ bilmədiyi çətinlikləri var. Bu, 5-10 nəfəri bir yerə yığıb, lətifə danışıb, onları güldürmək deyil. Bu sahə çox ciddi istedad tələb edir. Həm də bir məqsədin, hədəfin olmalıdır. Məsələn, mən orta məktəbdə yaxşı oxumurdum. Hamı aktyorluq qabiliyyətimi bəyənirdi. O qədər təriflədilər, axırda qərara aldım ki, bu sənətin arxasınca gedim. Ancaq savadla test imtahanından keçməli idim. 11-ci sinifdə gecəmi gündüzə qatıb hazırlaşdım. Ancaq imtahanda aktyorluq qabiliyyətindən keçdim, savad tərəfdən kəsildim. 2-ci il daha ciddi hazırlaşdım. Ali məktəbə qəbul olundum. Ordan da yavaş-yavaş KVN, “Tək səbir” kimi layihələrdə iştirak etməyə başladım. Yəni, bu, bir yoldur. Sona qədər getməyi bacarmalısan. Kim fikirləşirsə ki, aktyorluq asan peşədir, mən də çıxıb camaatı güldürüb pul qazanaram, çox yanlış düşünür.

- "Tək səbir" layihəsində aktyorlar çox idi. İçlərindən siz, Fərda Xudaverdiyev, bir də Elməddin Cəfərov qaldı...

- Hə, ələndik. Tamaşaçı bizi qəbul etdi. Böyük qrupumuz vardı. İçlərində elə adam vardı ki, bu sahəyə bizdən öncə gəlmişdi, ancaq məşhurlaşmadı. Baxın, indi bizdə film sektoru tədricən inkişaf edir. Ancaq əksər komedik filmlərdə Fərda, Elməddin və mən görünürük. Çünki bizə tələbat daha çoxdur. Necə ki, bir müddət əvvəl Siyavuş Aslan, Hacıbaba Bağırov, Yaşar Nuri vardı. Bizim də bir vaxtımız var. 5-10 ilə yeni nəsil gələcək. Bəlkə də biz onda dəbdən düşəcəyik.

Bir məqama da toxunum. Biz hop deyə bu səviyyəyə çatmamışıq. Çox çətin günlərimiz olub. Elə olub ki, siqareti də dənə-dənə almışıq. Həmin vaxtlar Bakıda kirayədə qalırdıq. Ssenariləri "peraşki" yeyə-yeyə yazırdıq. Şükür bu günümüzə. Dövlətimiz də var olsun, diqqət ayırdı, kinoteatrlar tikildi. Yeni müstəqillik qazandığımız ərəfədə məhv olmuşdu hər şey. İndi rayonlarda da kinoteatrlar tikilməyə başlayıb. Bu yaxında Qubada istifadəyə verildi. Masallıda tikilir, Gəncədə var. Bunların hamısı kino sahəsinə böyük təkan verdi. Biz aktyorlar da normal pul qazanmağa başladıq.

- Düşünmüsünüzmü ki, həmişə güldürürəm, bir dəfə də ağladım?

- Əslində mən komediya yox, dram kinoaktyorluğu fakültəsində təhsil almışam. Yəni, ciddi obraz yaratmağı da bacararam. “Gizlənpaç” filminin baş prodüseri də, baş rol ifaçısı da özüm olmuşam. Orda klon obrazında idim.

- Baxmışam o filmə. Maraqlıdır, güldürür, ancaq sonluğunda sanki bir boşluq var.

- Bilirsiz, ssenari yazmaq çətindi. Onu tez bir zamanda ərsəyə gətirmək lap çətindir. Bizdə də belədir ki, ancaq irad tuturuq. Elə ətrafımız tərifləyir ki, ruhdan düşməyək.

Baxın, biz “partlayışa” 2014-cü ildə “My name is İntiqam” filmi ilə başladıq. Çox böyük risk etmişdik. Külli miqdarda borca girib çəkdik o filmi. Təsəvvür edin, alınmasaydı, min bir zülmlə aldığım ev, maşın əlimdən çıxacaqdı. Amma Allaha şükürlər olsun ki, qoyduğumuz pulu çıxara bildik. Nəticələr inanılmaz oldu. Sözümün canı odur ki, bizdə bu işlər yeni-yeni başlayır. Bəzi qonşu ölkələrdə bizdən xeyli əvvəl başlayıblar bu işlərə. Ancaq onlarda da filmin əvvəlində, ortasında, yaxud sonluğunda boşluq olur. Biz onlarla müqayisədə bu tipli film çəkilişlərinə çox sonra başlamışıq, amma bu 4 ildə heç də az iş görməmişik. Axı rejissor, aktyor birdən-birə xarüqələr yarada bilməz.

- Cəmiyyətdə belə bir fikir yaranıb ki, bizdə yaxşı rejissor, ssenarist və s. azdır. İstərdik sizdən eşidək, bizdə nə var, nə yox?

- Yaxşı pul yoxdur. Yaxşı pul olsa, inanın ki, hamısı var. Sadəcə hər şeyin qiyməti bahadır. Məsələn, filmləri bahalı kamera ilə çəkməyə bizim gücümüz çatmır. Filmin rənglənməsi də çox bahalı işdi. Məsələn, Türkiyədə 15 min avroya edirlər. Bizdə normal rənglənmə 10 min dollardan yuxarıdı. Bunlara pulumuz çatmır deyə, məcbur olub gücümüz çatanı edirik. Bütün bunlar da filmin keyfiyyətinə təsir edir. Yaradıcı heyətə gəldikdə isə xeyli istedadlı aktyorlarımız var. Gənclər arasında da, yaşlılar arasında da. Amma düzünü desəm, cavanlar arasında çox fərqli istedada sahib olanı yoxdur hələlik. Amma işi ilə dərhal seçilən yaşlı rejissorlarımız var.

- Bəs, bütün indiki işlərinizi hansısa biznes layihəsinə bağlamaq istəyirsinizmi? Gələcək üçün yəni.

- Arada bu barədə düşünürəm. Bu yaxınlarda Fərda ilə “Ağ tük” adlı filmə çəkildik. Mart ayında yayımlanacaq. Sonra Fərda ilə söhbətləşirəm ki, bu gördüyümüz iş də bir yerə qədərdi. Aktyorluq 40 yaşa kimidir. Ondan sonra tələbat azalır. Düzdü, üzərində işləyib, özünü qoruyub, saxlayan aktyorlar da var və hələ də sevilirlər. Ancaq bunu hər adam bacarmır. Baxın, mən bu işi çox sevirəm, amma yenə də yoruluram, bezirəm. Hələ cavanam, amma tez-tez təzyiqim qalxır. Bir film çəkilişində üstümə 4-5 dəfə təcili yardım gəlir. Yuxusuzluq, vaxtında qidalanmamaq kimi şeylər pis təsir edir. Elə olur səhərə qədər çəkiliş gedir. Bədəndə bütün aləm qarışır. Hərdən elə istəyirəm ki, bir iynə vursunlar, yatam, 1-2 gün ayılmayam. Siz komediya janrında çəkilməyimizə baxmayın, setdə bilirsiniz nə qədər əsəb keçiririk? Elə olur dava da düşür. Evə gedirsən, əsəbi, hirsli. Bir sözü iki dəfə deyən olanda da sərt reaksiya verirsən, əsəbini onların üstünə tökürsən.

- Sizin yanınızda daim həkim olmalıdır ki... Siz də gedib müəllim seçmisiniz.

- (Gülür) Həmişə istəyirdim ki, həyat yoldaşım həkim olsun. Ancaq bu, bir qismətdir. Xanımım indi vəziyyətimə baxıb, iynə vurmağı öyrənmək üçün kurslara getmək istəyir. Lazım olanda həkim filan gələnə qədər ilkin köməyi edə bilsin.

- Bəs, tanışlığınız necə oldu?

- Qismət... Özünə də demişəm, bir neçə dəfə ciddi münasibət qurmaq istədiyim insanlar olub. Ancaq qorxmuşam. Görmüşəm fikirlərimiz üst-üstə düşmür. Fikirləşdim ki, öz istədiyimi tapana kimi evlənməyəcəm. Elə alındı ki, bu xanımla əksər məsələlərdə ortaq nöqtələrimiz oldu. İndiyə kimi bir dəfə də olsun, davamız düşməyib. Artıq damarımı tutub. Elə münasibət qurur ki, nəsə problem yaranmır. Mən onun nazıyla oynamaqdansa, o, mənim nazımı çəkir (Gülür). Elə hərdən özü də deyir. Bəzən gecə çəkilişdən gəlirəm, bir kəlmə harda olduğumu deyirəm, o da mənə hörmət edir, inanır. Bunlar çox önəmli məqamlardı.

- Biz sizi həmişə gülən görürük. Elə bilirik dərdiniz, əsəbiniz yoxdur. İndi dediniz, bildik ki, elə deyilmiş. Bəs, Müşviq Şahverdiyevin başqa hansı xüsusiyyətləri var?

- Hə, hamı elə deyir. Xarakter kimi mənfi tərəflərim də çoxdur, müsbət də. Çox adam mənimlə münasibət qurana kimi düşünür ki, yekəxana, özünü dartan adamdı filan. Ancaq tanıyandan sonra səhv düşündüyünü anlayır. Özləri də etiraf edirlər. Müsbət tərəflərim odur ki, insanlara həmişə təmiz, saf hisslərlə yaxınlaşıram. Hər kəsə vaxt ayırmağa, heç kimi incitməməyə çalışıram. Xeyirxahlığı sevən adamam.

- Mənfi qaldı axı...

- Tez küsürəm. Hərdən elə olur ki, balaca bir şeyin dərinliyinə o qədər gedirəm, buna görə dava düşür.

- Çürükçü.

- Hə (Gülür). Sonra da tez peşman oluram. Qürur, kin imkan vermir həmin adamdan üzr istəyəm. Bir tərəfdən də çox hövsələsizəm. Kiməsə zəng etdim, cavab vermədi, vəssalam, atdım onu bloka. Olar də, insandı, zəngi görməyib, yatıb filan, bunlar çatmır mənə. Ancaq özüm elə olur ki, kiminsə zənginə 3 gün cavab vermirəm. (Gülür) Evə gələndə yolda zəng edirəm ki, yemək hazırlasın. Çatıram, yemək hazır deyilsə, bir dənə dava salacam, üzümü görmə. Sonra da gedib kafedə yeyəcəm. Hə, bax, bu xasiyyətlərim çox pisdir.

- Sizin bir tamaşa var idi, orda hey “anam canı” deyib and içirdiniz. Bu anddan reallıqda da istifadə edirsiz?

- (Gülür) Bir dostumuz var idi, o, həmişə elə and içirdi. Mən də ordan götürmüşdüm.

- “Bəyin oğurlanması” filmində Siyavuş Aslan deyir “Dala-lay-lay-lay-lay uşaqlar da evdə deyir, dədəmiz pul qazanmağa gedib”. Heç hansısa obraza görə bu fikrə gəldiyiniz olub?

- Bu sənətə təsadüfi gələn adamlardan olsaydım, olardı. Bu sənəti təpədən-dırnağa sevib gəlmişəm. Xüsusilə kino sənətini çox sevirəm.

- Elə olubmu ki, oynadığınız obrazdan reallıqda da istifadə etmisiniz?

- Yox, bunu xoşlamıram. Hərdən olur ki, çöldə tamaşaçı görür, qışqırır, “ayə, necəsən, Mübi? Gopçu Mübi” filan. Salam-kəlam etdikdən sonra onu başa salıram. Qayıdır ki, qardaş, bəs, efirdə belə olursan filan. Deyirəm, ora mənim işimdir. Kameralar söndü, vəssalam, oluram Müşviq. Sadə bir oğlan. Real həyatda obrazımla güldürmək yoxdur mənim xasiyyətimdə.

- Hər kəsin həyatında çətinliklər var. Çətinliklərinizi necə dəf edirsiniz? Bir aktyor kimi gülüb keçirsiniz, yoxsa bizim kimi depressiya filana düşə bilirsiniz?

- Çətinliklə qarşılaşanda elə bilmişəm ki, belə də olmalıdır. Adam var, o məqamda sınır, mən mübarizə aparmışam. Kasıb ailə olmuşuq. Bu yerə də öz gücümə çatmışam. Gördüyüm əziyyətlərin qarşısında aciz qalıb, ağlayıb-sızlamamışam. Həmişə gülə-gülə yola vermişəm. İnanın Allaha, elə vaxt olub, qalmağa ev olmayıb, dostlara üz tutmuşam, amma gec olduğuna görə onları narahat etmək istəməmişəm. Səhərə qədər əlimdə çamadan küçələri gəzmişəm. Amma yenə də bunu özümə dərd eləməmişəm ki, “ayə, bu, nə gün-güzərandı”? Həmişə gələcəyə ümidlə baxmışam.

- Hər bir aktyorun oynamağı arzuladığı bir rol var. Sizdə necədi vəziyyət? Hansı rolu yaratmaq istərdiniz?

- Gələcəkdə ciddi bir xarakterdə oynamaq istəyərdim.

- Aparıcılıq və aktyorluq. İkisində də xeyli təcrübəniz var, hansı asandı?

- Vallah, aparıcılığı sevmirəm, mənim işim deyil. Sadəcə çox sağ olsun işlədiyim kanal, mənə şərait yaratdı ki, özünü sına. İnsan hər şeyin dadına baxmalıdır də. Mən də qəbul etdim və bir müddət işlədim. Ancaq mənim üçün kino birinci yerdədir.

- Müşviq Şahverdiyev aktyor olmasaydı, kim olardı?

- Rəssam. Atam çox güclü rəssam olub. Onun 1959-cu ildə çəkdiyi 1-2 portret var ki, insanı valeh edir. O qədər təbii çəkib. Çox həvəsim vardı rəssamlığa. Ancaq akyor oldum. 1989-cu ildə atam rəhmətə getməsəydi, məni rəssamlığa meyilləndirəcəkdi. Çünki həmişə bacımı da, məni də rəsmə həvəsləndirirdi.

- Elə bir obraz varmı ki, külli miqdarda pul verilsə də, oynamazsınız?

- Bizim aktyorların qorxduğu anlar var. Üzdəniraq obrazı, qadın obrazı ifa edənlər bir az narahatlıq keçirirlər. Ancaq mənim belə bir kompleksim yoxdur. Çünki bir insan oynadığı obraza görə qorxursa, bəlkə də onun içində artıq nəsə var, ona görə də qorxur. (Gülür) Mənə elə gəlir, o, işinin sahibi deyil. Çünki bu sənətin tələbləri var. Allah rəhmət eləsin, Məlik Dadaşov erməni obrazı yaratmışdı. Bundan pis obraz olar bəyəm? Sadaladığım obrazlar bundan yaxşıdır. Ancaq görün, necə yaradıb o obrazı? Sənət budur.

- Sonda ənənəvi bir sual verim: Tamaşaçılar sizdən nə gözləsinlər?

- Bizdən hər il daha da keyfiyyətli komediya gözləsinlər. İldən-ilə inkişaf edəcək, onların istədikləri səviyyəyə çatacağıq. Buna var gücümüzlə çalışırıq. Bir də o ciddi obraz yaratmaq istədiyim filmi gözləsinlər.

Tahirə Əlirzayeva\\ Metbuat.az

“İlahi... insanlar getdiyim Həccə kimi söydülər” - Elməddin Cəfərovla MÜSAHİBƏ/ FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR