Sabah, yəni martın 2-də Ermənistanda prezident seçkiləri keçiriləcək.
Ancaq əvvəlki illərdən fərqli olaraq ümumxalq səsverməsi yox, Parlament səsverməsi baş tutacaq. Builki seçkilərdə ilk dəfə Ermənistan Parlamenti növbəti 7 il üçün prezidenti seçəcək. Hazırki prezident Serj Sarkisyan bir müddət öncə bəyan edib ki, keçmiş Baş nazir, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan Respublika Partiyasının namizədidir.
Ermənistandakı seçkilərlə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, Ermənistan Parlamentində hakim Respublika Partiyası üstünlük təşkil etdiyindən, onun nümayəndəsi Armen Sarkisyanın prezident seçilməsi şansı daha yüksəkdir: “Çünki o, indiki prezident Serj Sarkisyanın namizədidir. Sarkisyan 2008-ci ildə Ermənistanda hakimiyyəti necə zəbt etmişdisə, indi də əlindəki imkandan istifadə edib namizədi Armen Sarkisyanın seçilməsini təmin etmək istəyir.
Nəzərə alsaq ki, dediyim kimi, Parlamentdə əsas üstünlük onların əlindədir, bu məqsədi həyata keçirmək real görünür. Əslində Parlamentli Respublikaya keçid olduğundan Ermənistan prezidentinin elə böyük bir səlahiyyəti yoxdur. Əsas səlahiyyət sahibi Baş nazirdir və Serj Sarkisyan da aprelin 2-də keçiriləcək Parlament seçkilərindən sonra Baş nazir olmaq niyyətini ortaya qoyub. Ermənistan prezidentinin dediyim kimi, səlahiyyətləri daha çox simvolik xarakter daşıyır. O, heç bir halda Silahlı Qüvvələrin Ali Baş Komandanı deyil. Heç Ermənistanın Baş naziri da Ali Baş Komandan olmayacaq.
Ermənistanda Silahlı Qüvvələrin Ali Baş Komandanı müdafiə naziri hesab edilir, yalnız müharibə dövründə hərbi əməliyyatlar zamanı Baş nazir Ali Baş Komandan funksiyasını yerinə yetirir. Bu nöqteyi-nəzərdən indidən söyləmək olar ki, Ermənistanın Parlamentlə seçiləcək prezidenti Armen Sarkisyan olacaq. Lakin bu heç nəyi dəyişmir. Məsələ ondadır ki, Sarkisyanın öz əlindəki imkan və vasitələrdən istifadə edib yenə də saxta seçkilər yolu ilə hakimiyyətini Baş nazir adı altında qoruyub saxlayacağını indidən proqnozlaşdırmaq mümkündür.
Qeyd etmək lazımdır ki, onun 10 illik hakimiyyəti dövründə Ermənistan daha da zəifləyib, bütün istiqamətlər üzrə böhran yaşanır. Ona görə də, Sarkisyanın bundan sonrakı dövrdə, yəni, ölkəni Baş nazir kimi idarə edəndə hesab etmək olar ki, ölkənin vəziyyəti daha da çətinləşəcək, iqtisadi blokadası daha da dərinləşəcək. Bu səbəbdən ölkədə yoxsulluq daha da kəskinləşəcək və əhalinin miqrasiyası daha da artacaq. Bunu indidən proqnozlaşdırmaq mümkündür”.
Günay Elşadqızı / METBUAT.AZ
“Yezidi kürdlərin sıxışdırılması erməni xuntasının dəsti-xəttidir” – Ekspertlərdən açıqlama