“Kurqinyanın bir erməni kimi Sumqayıt hadisələri ilə bağlı həqiqəti deməsi vacibdir” - Açıqlamalar

Xəbər verdiyimiz kimi, erməni əsilli rusiyalı politoloq, siyasi xadim, “Zamanın mahiyyəti” hərəkatının lideri, 1990-cı illərin əvvəllərində Sov.İKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun Bakıya ezam edilmiş komissiyasının üzvü Sergey Kurqinyan 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribat xarakterli hadisələr barəsində danışıb.

Metbuat.az-ın məlumatına görə, Kurqinyan etiraf edib ki, Sumqayıt hadisələrini törədənlər azərbaycanlılar deyildi: “1980-ci illərin sonlarında Bakıya gəldim. Bakıya gələndə gördüm ki, baş verən hadisələr həm rəsmi açıqlamalardan, həm də bizim demokratik müxalifətin təqdim etdiyindən tamamilə fərqlidir.

Bütün məsuliyyətimlə deyə bilərəm ki, əvvəlcə Sumqayıt, sonra da Bakıda ermənilərin vəhşicəsinə öldürülməsində və onlara işgəncələr verilməsində azərbaycanlılar günahkar deyil. Bunları törədənlər tamamilə başqa adamlar idi. Beynəlxalq qurumlar tərəfindən xüsusi olaraq kirayələnmiş kənar şəxslər idi. Həmim şəxslərin adlarına qədər bütün məlumatlar əlimizdədir. O zaman və indi kimə işlədiklərini çox yaxşı bilirik. Həmin şəxslər əvvəlcə erməniləri öldürərək azərbaycanlılar edibmiş kimi göstərirdilər, sonra azərbaycanlıları öldürərək ermənilər edibmiş kimi təqdim edirdilər. Daha sonra azərbaycanlılarla erməniləri bir-birinə qarşı münaqişəyə salaraq, idarə oluna bilən qarşıdurma yaradırdılar. Beləliklə, ortaq tarixə sahib iki xalqı bir-birinə vuraraq münaqişəni idarə edirdilər”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Dövlət Universitetinin Tarix fakültəsində böyük elmi işçi, Erməni Araşdırmaları elmi-tədqiqat və Tədris Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdinin sözlərinə görə, ermənilər Sergey Kurqinyanı və Rusiya Federasiyası XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, erməni əsilli rusiyalı politoloq Andranik Miqranyanı sevmirlər və onların “arzuolunmaz şəxs” hesab olunmağını istəyirlər: “Kurqinyanın bu açıqlaması bizə sərf edir, çünki ictimaiyyətə həqiqəti açıqlayır. Tək Sumqayıt hadisələri yox, soyqırım məsələsində də onlar deyirdi ki, “nə qədər belə davam eləmək olar ki, bununla barışmaq lazımdır”. Ermənilər hər il olduğu kimi, bu il də Sumqayıt məsələsinə çox toxundular, ideoloji tərəfdən çox çalışdılar. Mən ermənilərin Sumqayıt hadisələri ilə bağlı yazılarına çox cavab vermişəm.

İki il bundan qabaq ermənilər məqalə dərc etmişdilər ki, Sumqayıt hadisələrinin əsas iştirakçısı olan Eduard Qriqoryan Krasnodarda çox yaxşı şəraitdə yaşayır. Ona Yerevanda 12 il iş verdilər, amma 3 il sonra onu azad etdilər. İndi də Krasnodarda yaşayır. Hətta onun Krasnodarda dostlarına kabab çəkdiyi yerdə şəkillərini də vermişdilər. Onunla bağlı həmin yazını axtarıram indi, tapsam, çox yaxşı olacaq. Mən də dəfələrlə sübut etməyə çalışmışam ki, Sumqayıt hadisələrinin əsas təşkilatçısı “Krunq” erməni təşkilatı və onun himayədarı Eduard Qriqoryandır.

Kurqinyanın açıqlaması olan videonun altına bir şərh yazdım, ona həqiqəti açıqladığı üçün təşəkkürümü bildirdim erməni dilində. Bir erməni jurnalisti var, adı da Abed Muradyandır, mənə yazdı ki, siz də çox sağ olun, ermənicə yaxşı yazmısız, amma siz bilmirsiniz ki, S.Kurqinyan 30 il əvvəl sizə qarşı çox mübarizə aparırdı, vəziyyəti qızışdıranlardan biri idi. İndi isə o, Rusiyanın tərəfinə keçib. Onun dediyində müəyyən qədər həqiqət var, çünki onlar bizə çox qarşıydılar, Ermənistanın tərəfində idilər, Moskvanı bizə qarşı qaldırmaq istəyirdilər. İndi onlar dəyişiblər. Amma deyirlər ki, biz, Ermənistana qarşı deyilik, Ermənistan hakimiyyətinə qarşıyıq, çünki düzgün siyasət yeritmir”.

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu isə Metbuat.az açıqlamasında bildirib ki, S.Kurginyan SSRİ-nin dağıldığı dövrdə SSRİ televiziyalarında, mətbuatında çox tez-tez çıxış edirdi: “Təbii ki, o, ermənidir və erməniliyindən də əl çəkməyib, amma müəyyən qədər çalışırdı ki, arada erməniləri də günahlandırsın, tək Sumqayıt hadisələrindən söhbət getmir, ümumilikdə SSRİ-də baş verən proseslərdə. O vaxtdan ermənilərin Sergey Kurginyana və Moskva Beynəlxalq Dövlət Əlaqələr Universitetinin kafedra müdiri, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla çox yaxşı münasibətləri olan Andranik Miqranyandan xoşu gəlmir. Ermənilər onları Rusiyanın adamı hesab edir. Düşünürlər ki, Moskvada bir qrup erməni Rusiya ideyasının daşıyıcısıdır və istəyirlər ki, Ermənistan Rusiyanın təsiri altında qalsın və Kurqinyanla, Miqranyanı da o qrupun ideoloqları hesab edirlər. Ona görə də Ermənistan KİV-i uzun müddət idi Kurqinyana efir vermirdi, saytlara çıxarmırdı. Rusiya mətbuatında ermənilər güclü olduğu üçün, Kurqinyan heç Moskva mətbuatına da çıxa bilmirdi. 10 ilə yaxındır onu heç Rusiya mətbuatında da görmürəm. Son 5-6 ildə o, cəmi 2 dəfə Ermənistanla bağlı məsələyə münasibət bildirib. Hər ikisində də ermənilər ona çox sərt prizmadan reaksiya veriblər. Istəyirlər ki, Kurqinyanın da, Miqranyanın da Ermənistanla əlaqələri kəsilsin və onlar “arzuolunmaz şəxs”lər siyahısına salınsın.

Kurqinyanın dediklərini heç vaxt ciddi qəbul eləməmişəm, çünki mövqeyi olan adam deyil. Həmişə proseslərə uyğun fikir bildirib, yəni, lazım olanda Qərb hakimiyyətini tərifləyirdi, Vladimir Putin gələndən sonra Rusiya hakimiyyəti daha da gücləndi deyə, başladı Rusiya hakimiyyətini tərifləməyə. Ona görə onun dediklərinə ciddi yanaşmıram. Amma bu faktdır ki, Kurqinyan çalışıb ki, Sumqayıt hadisələrində azərbaycanlıların rolunu olmadığını qabartsın. Dediyim kimi, Kurqinyanın dediklərinə zamana uyğun açıqlama kimi yanaşıram. Kurqinyan bilir ki, Moskva hökuməti, şəxsən Vladimir Putin erməniləri və onlarla bağlı məsələləri müdafiə etmir, yəni müəyyən dərəcədə Azərbaycanpərəstdir. Onun qibləsi Rusiya hökumətidir və ona uyğun da söz danışır. Amma təbii ki, o da bir ermənidir və bir erməni kimi Sumqayıt hadisələri ilə bağlı həqiqəti deməsi vacibdir. Ona görə də onun bu açıqlamasından istifadə etmək lazımdır. Siz də düz edirsiz ki, bu açıqlamadan çox gözəl şəkildə istifadə edirsiz”.

Günay Elşadqızı / METBUAT.AZ

“Fevral ayı iqtisadi, siyasi və hərbi proseslərlə bağlı başlanğıc ayı kimi yadda qaldı” – Arzu Nağıyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı