- Neçə ildir xalça toxuyursunuz?
- Yarım əsrdən çoxdur.
- Bəs sayını xatırlayırsınız?
- Yox, qızım, bu günə qədər çox xalça toxumuşam. Sayını necə yadıma salım?!

Şəkər xanım Xalça Muzeyinin ən qocaman sakinlərindəndir. Artıq uzun müddətdir ki, nəfəs verdiyi xovlu və xovsuz xalçaları göz nuruna və sevgisinə boyayır. Dediyinə görə, bu sənəti bacısına da öyrədib, muzeydə də birgə çalışırlar.
Ümumiyyətlə, bu gün muzeyin hər güşəsi zəngin mənəvi irsimiz sayılan sənət nümunələrimizlə yanaşı, bu canlı abidələrin müəllifləri və Azərbaycan media orqanlarının xanım nümayəndələri ilə bəzənib. 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə təşkil edilən ilk mediaturun əsas məqsədi bir neçə saatlıq da olsa, xanım jurnalistləri gündəlik qayğılardan uzaqlaşdırıb, həm özlərinə, həm də övladlarına xoş dəqiqələr yaşatmaqdır.
Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova media qurumlarının xanımlarını qadınlar günü münasibəti ilə təbrik edərək, xalçaların da əsas yaradıcılıarının zərif cinsin nümayəndələri olduğunu dilə gətirdi. Tarixən beşiyindəki körpəsinə oxuduğu laylasını, ailəsinə, ocağına bəslədiyi sonsuz sevgini ilmələrə köçürdən Azərbaycan qadınının tükənməz gücündən bəhs etdi.

Daha sonra muzeyin peşəkar bələdçiləri qonaqları eksponatlarla tanış etdilər. Keşməkeşli tariximizin hər anını əks etdirən xalçalarımız, zərgərlik və dulusçuluq nümunələri, milli geyimlər və kəlağayıların keçdiyi inkişaf yolu barədə geniş məlumat verdilər.

Qədim mədəni irsimiz olan xalçalarımız haqda tarixin atası sayılan Herodotun əsərlərində də rast gəlindiyi bildirildi. Xalçaların əcdadları olan həsirlər və çətənlərin nümunələri təqdim olundu. İnsanlar hələ sapı əldə etməzdən öncə təbiətdə olan bitkilərdən, əsasən də qamışlardan həsir və çətən toxuyarmışlar. Zaman keçdikcə bu əşyaların naxışlarına saplar dolanaraq, daha da təkmilləşdirilir. Ümumiyyətlə, həsirlər evi rütubətdən qoruduğu üçün sonralar da xalçanın altına döşənərmiş.
Təbii rənglərin əldə olunduğu bitkilər əks edilmiş stenddə isə boyaqlara geniş xarakteristika verilir. Qırmızı rəngi əldə etmək üçün istifadə edilən nadir qırmız böcəyinin uzun müddət ölkəmizdə qızıl qiymətinə olduğu vurğulandı.

Xalqımız ta qədimdən bəd nəzərin, pis gözün təsirinə inanıb, bundan qorunmağın müxtəlif üsullarını gerçəkləşdirib. Məsələn, qırmızı rəngin əsas funksiyası pis gözü qaytarmaq idi. Odur ki, yeni ailə quran gəlinin başına qırmızı örtük salınardı. Həmçinin qoç kəlləsi nəzərdən qoruduğu üçün xalça üzərində bu element təsvir edilər, gəlinlərin cehizlərinə əlavə olunardı.
Şirvan xalçalarının əsas ornametlərindən olan şəddə -“sətrənc”, yəni "şahmat" sözünün köküdür. Hətta Göyçə mahalında Novruzun ilaxır çərşənbəsində xanımlar damalı şəddələri yerə sərər, üzərində oturub, fal açar, niyyət tutardılar. Sonra isə bir həftə ərzində bu şəddələri çəpərdən asardılar ki, ayı, ulduzları görüb, arzularını dilə gətirsin və tezliklə çin olsun. Bu da əcdadlarımızın səma cisimlərinə olan sitayişinin qalıqlarıdır. Hətta kəndlər hündürlükdən qırmızıya boyanmış görünərdi.
Eksponatlar arasında XIX əsrdə "Tövrat"a əsasında Qubada toxunan xalça xüsusi diqqət çəkdi. Rəvayətə görə, günlərin bir günü İbrahim peyğəmbər oğlu İsaqı evləndirmək qərarına gəlir. Nökərinə tapşırır ki, İsaqa peyğəmbər ailəsinə layiq qız tapsın. Karvanla yola düşən nökər ümidini tanrıya bağlayır. Yolda karvandakılar susayır və bir gənc xanımdan su istəyirlər. Cəsarətli qız nəinki karvan üzvlərini, hətta dəvələri də su ilə təmin edir. Nökər tanrının işarəsini anlayır və qızın nəsilini araşdırmağa başlayır. Məlum olur ki, Revekka adlı bu xanım elə peyğəmbərin öz qardaşı qızıdır. Revekka ilə İsaqın ittifaqı isə ilk yəhudi ailəsi kimi tarixə düşür.
Muzeydə qorunan maraqlı nümunələr arasında xalqımızın əsrlər boyu istifadə etdiyi əşyalara da rast gəlmək olar. Daraqqabı, möhürqabı, hətta xüsusi naxışlı bığqoruyan parçalar bunun bariz nümunəsidir. Azərbaycan kişisi tarix boyu saqqalını, bığını namus-qeyrət simvolu kimi qəbul edib. Hətta bir kişi digərindən borc alarkən, barmaq izi ilə yanaşı, bığından bir tük də qoparıb verərmiş. Borcu geri qaytarmadığı təqdirdə bığından bir tük qarşı tərəfdə qaldığı üçün rüsvay olarmış. Odur ki, dədə-babalarımız öz bığlarına xüsusi qayğı ilə yanaşar, kişilik rəmszi sayılan bu atributu xına və xüsusi yağlarla bəsləyib, bığqoruyan parça ilə örtüb, yatarmışlar.
Xalçalar üzərində təsvir edilən bərabərtərəfli xaçlar qədim türklərin uğur simvolu sayılar. Və hər bir tərəf bir fəsli ehtiva edir. Xaç hərəkət edərkən isə çizdiyi dairə yer kürəsinin əksi sayılır. Bu xaçlar bərabərtərəfli türk xaçları adlandırılır.

Analar dəyərli eksponatlar haqda maraqlı məlumatlardan faydalandığı müddətdə azyaşlılar “uşaq muzeyi” bölməsində rəsm çəkir, xalçalarla bağlı ornamentlərlə tanış olurdular. Bir sözlə, mediatur çərçivəsində jurnalist xanımlar da, övladları da gözəl zaman keçirdilər.

Tədbirin sonunda muzeyin mətbuat katibi Zeynəb Kazımova xanımlara hədiyyələr təqdim edərək, bir daha muzey rəhbərliyi və əməkdaşları adından təbriklərini çatdırdı.

Nənələrimizin barmaqlarından, göz nurlarından süzülüb gələn xalçalarımız keçmişimizlə ünsiyyət qurmağın bir yoludur. Onların hər bir ilməsində yatan işarələri çözərək, sanki dünənimizə səyahət edirik. Butalardan tutmuş, həyat ağacına, müxtəlif heyvan təsvirlərinə, xeyirlə şərin mübarizəsinədək hər bir xalça vasitəsilə nənələrimizdən bizə miras qalan həyat hekayələrini oxuyuruq sanki. Mənasını hələ də çözə bilmədiyimiz minlərlə naxış və ornamentlər isə bizimlə danışacaqları günü gözləyirlər. Çünki onların deyəcək çox sözləri var…
Leyla Sarabi