" Qadın nə qədər xoşbəxt olarsa, bu cəmiyyətlər xoşbəxt cəmiyyətlər olur"

Bəşəriyyət tarixində ən əlamətdar günlərdən biri olan 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu günün tarixi qadın hərəkatı ilə bağlıdır.

Qadın hərəkatı 1857-ci ildə Nyu Yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Hər il müxtəlif dünya dövlətlərində, eləcə də respublikamızda bu gün təntənəli şəkildə qeyd olunur.

Azərbaycan qadınının bütün dövrlərdə, bütün cəmiyyətlərdə gözəl örnəkləri olub. Bunu hər şeyi öz yaddaşında qoruyub saxlayan tarix təsdiq edir. Müasir dövrdə də qadınlarımız müstəqil Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verir. Həmin xanımlardan bir neçəsi bu gün 8 Martla bağlı təəssüratlarını Metbuat.az saytı ilə bölüşüb.

Azərbaycanın ictimai xadimi, sabiq deputat, jurnalist, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı bütün Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münsibəti ilə təbrik edib:

“Azərbaycanlı kişilərə təşəkkür edirəm. 8 Martı bizə bayram edən bir çox səbəblərin ortadan qalxmasına baxmayaraq, hələ də bizim üçün həmin günü xüsusi bayram edənlərə sadəcə təşəkkür edirəm. Çox təəssüflər olsun ki, Azərbaycanda Milli Ordu Günü kişilərin bayramı kimi aktuallaşmayıb. Bu, həm də biz qadınların günahıdır. Amma sevindirici haldır ki, qadınların əks cinsdən xüsusi diqqət gözlədiyi bir gün hələ də qüvvəsində qalır. Mən də bütün qadınlarımızı, qızlarımızı, analarımızı bu gözəl gün münasibəti ilə ürəkdən təbrik edirəm”.

Jurnalist, "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı Metbuat.az-a açıqlamasında qadın hüquqları məsələsinə toxunub:

“Hər il çalışırıq ki, bu günü şirkətdə qeyd edək. Bizim şirkətin həmkarlar təşkilatı var. Orada müəyyən tədbirlərin keçirilməsi üçün büdcə formalaşır. O cümlədən bu gün keçirilən tədbir. Biz hər il şirkətdə çalışan xanımları təbrik edirik. Şirkətimizdə xeyli sayda tanınmış xanım jurnalistlər çalışır. Bu il də onları təbrik etdik. Düzdür, başqa tədbirlər olduğu üçün qeyd etdiyim tədbirə çata bilmədim. Amma APA Holdinqin direktorlar şurasının sədri Nurşən Quliyev və bizim digər portfellərimizin, saytlarımızın, qurumlarımızın rəhbərləri bir yerdə tədbir keçirib, xanımları təbrik etdilər.

8 Mart mənim üçün təbii ki, özəl bir gündür. Ümumiyyətlə bayramları, fərqləndirici günləri sevirəm. Çünki insanların özlərini özəl, xüsusi, dəyərli hiss etdikləri günlərdir. İnsan həyatında yaddaqalan günlərdir. Kiçik və böyük hədiyyənin olmasının fərqi yoxdur. Yada düşmək, anılmaq, bir zənglə belə xatırlanmaq gözəl bir şeydir. Hər xanımın istədiyi bir şeydir. Düşünürəm ki, xanımlar sevgidən, diqqətdən heç vaxt qaçmırlar. Ondan narazılıq edən xanım görməmişəm. 8 Mart bu baxımdan çox yaxşı bir gündür.

Dünyada bilirsiniz ki, 8 Mart daha çox qadın hüquqlarının müdafiə olunduğu, qadınların ictimai və sosial fəallığının rəmzi olan bir gündür. Əlbəttə, Azərbaycan ictimai, siyasi, sosial həyatında bizim xanımlarımızın danılmaz rolu var. İstəyirəm ki, bizim xanımlarımızın bu gün cəmiyyətdə rolu və statusunun artırılması üçün real işlər görülsün. Xanımlarımız dövlət idarəçiliyində daha çox təmsil olunsunlar. Müxtəlif ictimai təşkilatların rəhbərliklərində, idarə heyətlərində daha çox təmsil olunsunlar. İstəyərdim ki, xanımlarımız sosial həyatda daha aktiv olsunlar və onların aktivliyinə kişilər tərəfindən maneçilik törədilməsin. Həm də bu günün media olaraq bu cür qeyd edilməsini istəyirəm. Arzum odur ki, mediada bu ərəfələrdə tanınmış, cəmiyyətə örnək olacaq xanımlarla reportajlar, müsahibələr hazırlansın. Qadın hüquqları məsələsi bir daha gündəmə gətirilsin. Qadınların, xüsusilə rayon yerində qızların təhsil hüquqları, erkən nikah məsələsinə diqqət çəkilsin. Çünki bunların hamısı problemlərdir. Düşünürəm ki, cəmiyyətdə qadın nə qədər xoşbəxt olarsa, bu cəmiyyətlər xoşbəxt cəmiyyətlər olur. Dahi Hüseyn Cavidin sözü var: “Qadın gülərsə, həyatımız güləcək”. Qadın güləndə cəmiyyət xoşbəxt olur. Ona görə, xanımlarımıza hər zaman xoşbəxtlik və gülüş arzulayıram”.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirdi ki, qadınlar hər gün sevilməyi xoşlayır, diqqəti sevir, xoş sözlər eşitmək istəyir:

“Müəyyən günlərdə hər kəsin gözü xüsusilə xanımlarda olur. Hər kəs bu gün xoş söz, kiçik hədiyyə ilə də olsa xanıma olan diqqətini göstərmək istəyir. Bu günlə bağlı mənə diqqət göstərən, təbrik edən hər kəsə öz təşəkkürümü bildirmək istəyirəm. Xanım üçün hər zaman diqqətdə olmaq, sevilmək, xoş sözlər eşitmək xoşdur. Xanımlarımız hər zaman gözəl sözlər eşitsinlər, üzləri, ürəkləri gülsün. Elə insan var ki, ürəyi gülmür, üzü gülür. Əsas gözəl gülüş insanın ürəyi güləndə olan gülüşüdür. Arzu edirəm ki, hər kəsin üzü gülsün”.

Energetika Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Zəminə Əliyeva qeyd edib ki, insanın özünü xoşbəxt hiss etdiyi hər gün onun üçün bayramdır:

“8 Mart beynəlxalq səviyyədə qeyd olunan gündür. Qadınlara heç olmasa ildə bir dəfə dəyər verilir. Yəni, qadınlara həmişə dəyər verilib, təbii ki. Məhz bu gün dəyər xüsusi olaraq hiss etdirilir. Bu günü qeyri-adi bir gün kimi qəbul etmirəm. İnsanın özünü xoşbəxt hiss etdiyi hər gün onun üçün bayramdır. Hansısa bir günə ad vermək, yaxud o adın üzərinə hansısa bir etiketi yapşdırmaq heç nəyi dəyişmir. Əsas odur ki, insanlar bir-birilə yaxşı yaşasınlar. Sağlam, azad, hüququn olduğu bir cəmiyyətdə yaşasınlar. Belə olan zaman insanın həmişə bayramıdır”.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı Metbuat.az-a bildirib ki, bu günün çox böyük önəmi var:

“Bütün xanımlar kimi 8 Mart mənim üçün də önəmli bir gündür. Bu günün bilirsiniz ki, yaranma tarixi var. Bu günü daha çox analar günü kimi qiymətləndirirəm. Çünki dünya qadının üzərində qurulub. Dünyaya insanları qadınlar gətirilər. O baxımdan, bu günün çox böyük önəmi var. Çalışıram ki, yaşından asılı olmayaraq ətrafımda olan bütün xanımları hədiyyə ilə sevindirim. Özüm də həmiş hədiyyə alıram. Bütün xanımlara arzulayıram ki, bu günü xoş anlarla qeyd etsinlər. Bütün qadınlara qadın xoşbəxtliyi arzulayıram”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova qeyd edib ki, gülərüzlü insanlar bu günü daha da yadda qalan edir:

“Bahar Bayramı ərəfəsini yaşayırıq. Hər bir yeni gün bizi yaz ab-havasına daha da yaxınlaşdırır. Bütün həmvətənlərimi Bahar Bayramı münasibəti ilə təbrik edirəm. Torpağımızdan, vətənimizdən sevinc heç vaxt əksik olmasın! Məncə hər bir Azərbaycan xanımı 8 mart gününü xüsusi yaşayır. Xoş hisslər, təbriklər, gülərüzlü insanlar bu günü daha da yadda qalan edir. Hər bir Azərbaycan xanımına ən gözəl arzularımı bildirirəm. Səadət daim qapınızı döysün”.

Səhiyyə Nazirliyinin Dərmanların Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova bütün xanımları təbrik edib:

“Bütün xanımlarımızı təbrik edirəm. Arzulayıram ki, xanımlarımız nəinki 8 Mart, ilin hər günündə həmişə diqqətdə olsunlar, sevilsinlər. Uğurlar, əsas da can sağlığı arzu edirəm hər birinə”.

Milli Kulinariya Mərkəzinin (AMKM) baş texnoloqu, Mətbuat xidmətinin rəhbəri Elnurə Quliyeva Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) adından bütün Azərbaycan xanımlarının 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib:

“Onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Ən gözəl xanımlar Azərbaycan xanımlarıdır. Onlar hər cür xoşbəxtliyə layiqdirlər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

8 Martda qadınlar kişilərdən nə gözləyirlər? - BAKIDA SORĞU – tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR