Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Mədəni və Musiqi Axşamı” Pakistanın Lahor şəhərində keçirilib.
Azərbaycanın Pakistandakı səfirliyindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra tədbirə təşrif buyurmuş qonaqları salamlayan Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi şərəfliyol haqqında məlumat verib, Azərbaycan Prezidentinin sərancamı ilə bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Azərbaycanda və bir çox xarici ölkələrdə geniş qeyd olunduğunu vurğulayıb.
Səfir ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin Pəncab Əyalətinin mərkəzi və Pakistanın ikinci böyük şəhəri olan Lahor şəhərində qeyd olunmasının əlamətdar hadisə olduğunu bildirərək Pakistan və Azərbaycan xalqları arasındatarix boyu sıx əlaqələrin, mədəni yaxınlıq və ortaq bağların olduğunu qeyd etmiş, Pəncab ƏyalətininMultan şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşmış şəhərlər olduğunu və Pəncab Əyalətinin iki qardaş ölkə Azərbaycan və Pakistanın əlaqələrində xüsusi rolunun olduğunu bildirib.
Tədbirdə çıxış edən Pəncab Əyalətinin maliyyə naziri xanım Aişə Paşa Pakistan və Azərbaycanın əlaqələrinin yüksək səviyyədə olduğunu, bu əlaqələrdə önəmli olan iqtisadi və ticari əməkdaşlığın, mədəni bağların, xalqlararası münasibətlərin daha da artırılması gərəkdiyini və Azərbaycandan musiqi qrupunun Pəncab Əyalətinin Lahor şəhərinə təşrif buyurmasının böyük məmnunluq hissi yaratdığını bildirmişdir. Xanım Aişə Paşa Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Pəncab Əyalətinin baş naziri və höküməti adından Azərbaycan xalqını təbrik etmişdir.
Çıxışlardan sonra Azərbaycanın əməkdar artisi Mübariz Əsgərovun, Azərbaycan Dövlət Filarmoniyasının solisti Fəxri Nicat Kazımın, Azərbaycan Dövlət Televiziyasının solistiNigar Şabanovanın ifalarında Azərbaycan xalq mahnıları və nəğmələri, dünya musiqisinin populyar klassik musiqi əsərləri səslənib.
Mədəni musiqi axşamı şam ziyafəti ilə davam edib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.