Daxili Qoşunlarımızın yarandığı gündür

Bu gün - martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 26 il ötür.

Metbuat.az xəbər verir ki, bu illərdə Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz uğrunda, ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparmış və aparmaqdadır. Bu gün Daxili Qoşunların maddi-texniki bazası çox yüksək səviyyədədir və Avropa standartlarına tam cavab verir.

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlayıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.

1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşə başlayıb, ərazi bütövlüyümüz uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar günü kimi müəyyən edilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanmış, 268 nəfər isə itkin düşüb.

1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - yəni 12 mart Daxili Qoşunlar günü elan olunub. Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə ulu öndər Heydər Əliyev daim diqqət yetirib, onun formalaşmasında da ümummilli liderimizin misilsiz tarixi xidmətləri olub.

Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçib, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf edib. 2003-cü ildən Daxili Qoşunların inkişafında yeni bir mərhələ başlayıb. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.

Dövlətimizin başçısı Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə mütəmadi tanış olur, onların döyüş hazırlığı ilə maraqlanır. Bölgələrdə yaradılan Daxili Qoşunların yeni hərbi hissələrinin təminatı da Prezident İlham Əliyevin diqqətindədir. Hazırda Daxili Qoşunların bir çox dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri var. Zabitlərimiz xarici ölkələrdə təhsil alırlar. Bu gün Daxili Qoşunların qarşısında duran başlıca vəzifə ölkədə sabitliyin qorunmasına xidmət etmək, müxtəlif təxribatların qarşısını almaq, vətəndaşların əmin-amanlığını qorumaqdır.

Azərbaycan Respublikasının Konstitusiyasına və «Hərbi xidmət keçmə haqqında Əsasnamə»yə əsasən ali təhsilli şəxslər üçün xidmət müddəti 12 ay, digər şəxslər üçün isə 18 aydır. Daxili Qoşunların Türkiyə Respublikası, Çin Xalq Respublikası, Amerika Birləşmiş Ştatlarının və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri mövcuddur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR