"Bəyin oğurlanması"nın "Kadrarxası": "O şillə davaya səbəb oldu" - FOTO

"Bəyin oğurlanması"nın "Kadrarxası": "O şillə davaya səbəb oldu" - FOTO
11:12 11 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, modern.az saytı “Kadrarxası” layihəsini davam etdirir.

Bu həftə kadrarxasında xalq artisti Hacı İsmayılovla söhbətləşdik. Tanınmış aktyorla birlikdə “Bəyin oğurlanması” filminin çəkiliş prosesindən, ekran əsərində yer alan məkanlardan, aktyorların başına gələn maraqlı hadisələrdən danışdıq.

Arayış: Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda anadan olub. 190 nömrəli orta məktəbi bitirdikdən sonra 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və həmin il sentyabr ayının 2-də gənc truppaya daxil olub, 1970-ci il fevral ayından isə Akademik Milli Dram Teatrında çalışır.
Hacı İsmayılov kino və teatr aktyoru kimi qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə əməkdar srtist, 18 dekabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” ordeninə layiq görülüb.
O, “Azərbaycanfilm” kinostudiyasında “Ad günü” filmində canlandırdığı Mustafa roluna görə böyük uğur qazanıb və 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.
Ailəlidir, iki övladı və iki nəvəsi var.

1985-ci ildə ekranlaşdırılan “Bəyin oğurlanması” filminin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjetdə toy səhnəsini lentə almaq üçün kəndə gələn kino işçilərinin fəaliyyətindən söhbət açılır. Çəkiliş zamanı rejissor ssenari və çəkilən materialın real həyatdan çox uzaq olduğunu anlayır, hətta həmkarları ilə söhbət zamanı da ssenarinin primitiv olmasından gileylənir. Elə bu səbəbdən də o, uydurma toy səhnəsi əvəzinə kənddəki real toyu çəkmək qərarına gəlir.

Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Real toyun alınması üçün isə rejissor hətta elçi də gedir. Burada baş verən məzəli və kədərli əhvalatlar bir-birilə ahənglik təşkil edir. Eyni zamanda bu film sayəsində tamaşaçı kənd həyatının maraqlı və zəngin adət-ənənələri ilə tanış olur. Əyləncəli, sadə dillə tamaşaçını özünə bağlayan bu ekran əsərində bütün hadisələr fonunda insan səadəti və onun uğrunda aparılan mübarizə ön plana çəkilir.

Filmin ssenari müəllifi Mövlud Süleymanlı, quruluşçu rejissorlar Ceyhun Mirzəyev və Vaqif Mustafayev, quruluşçu operatorlar Ələsgər Ələkbərov və Rəşid Nağıyev, quruluşçu rəssamlar Elbəy Rzaquliyev və Rafiq Nəsirov, bəstəkar Emin Sabitoğlu, filmin direktoru Nadir Əliyevdir.

Rollarda Həsənağa Turabov, Hacı İsmayılov, Siyavuş Aslan, Nəsibə Zeynalova, Səməndər Rzayev, Yaşar Nuri, Ələsgər Məmmədoğlu, Tamara Şakirova, Natəvan Məmmədova, Arif Quliyev, Mirzə Babayev, İlham Namiq Kamal, Firəngiz Mütəllimova və başqaları çəkiliblər.

Filmin ilk rejissoru Tofiq İsmayılov təyin olunsa da...

Hacı İsmayılov: “Hələ 1976-1977-ci illərdə “Ad günü” filminə çəkilmişdim. Görkəmli rejissor Rasim Ocaqovla birgə çalışdığım dövrlər idi. Məhz həmin filmdən sonra kinostudiyada olan başqa rejissorlar da məni görüb öz filmlərinə dəvət etməyə başladılar. Beləcə “Yol əhvalatı”, “Bəyin oğurlanması” filmlərinə çəkildim. O dövrdə Azərbaycan kinosunun ulduzunun parlayan vaxtları idi. Görkəmli aktyorlarımızın hamısından istifadə edib yaxşı filmlər çəkirdilər.

Məni “Bəyin oğurlanması” filminə Vaqif Mustafayev dəvət etdi. Film əvvəlcə Tofiq İsmayılova verilmişdi. Mənə məlum olmayan müəyyən səbəblərdən filmi o çəkmədi. Rejissor hətta sınaq çəkilişlərinə də başlamışdı. Təxminən 3-4 ay sınaq çəkilişləri aparıldıqdan sonra, gözlənilmədən vəziyyət dəyişdi. Qərara gəldilər ki, bu filmi Vaqif Mustafayev və Ceyhun Mirzəyevə versinlər. Onların hər ikisi “Mozalan” satirik jurnalında qısametrajlı filmlər çəkmişdi. Bununla da bədii film çəkə biləcəklərini bəyan etmişdilər.

Beləcə kinsotudiya rəhbərliyi “Bəyin oğurlanması” filmini Vaqif Mustafayev və Ceyhun Mirzəyevə həvalə etdi. Bu onların ilk bədii filmi oldu.

Mən onlarla yaxın münasibətdə idim, həm də dostluq edirdik. Eyni zamanda, yəqin ki, aktyor olaraq məni bəyəndikləri üçün filmə dəvət etdilər. Hər iki rejissor filmin uğuru üçün tanınmış aktyorları seçdi. Onların sırasında Siyavuş Aslan, Yaşar Nuri, Nəsibə Zeynalova, Həsənağa Turabov, İlham Namiq Kamal, Mirzə Babayev, Firəngiz Mütəllimova, Şamil Süleymanov və başqaları var idi.

Çəkilişin çox hissəsini Ceyhun Mirzəyev aparırdı. Vaqif Mustafayev də onunla bərabər işləsə də, filmin maraqlı olması üçün daha çox dəyişikliklər etməyə çalışırdı. Onlar əvvəldən dost idilər deyə, heç bir fikir ayrılığı olmurdu. Əksinə, birinin fikrini digəri dəstəkləyirdi. Filmin daha maraqlı olması üçün çalışırdılar. Hər iki dostun ürəklə işləməsi filmin belə maraqlı, şirin alınmasına səbəb oldu ki, illər keçməsinə baxmayaraq tamaşaçılar hələ də bu filmə baxır. Rejissorlar bir-birinə qulaq asa-asa, məslətləşərək çəkdilər. Film ikisinin də adı idi. Əgər pis olsaydı, birinə pis, digərinə yaxşı ola bilməzdi. Bu film bir növ onların imtahanı oldu, hər ikisi sübut etdi ki, həqiqətən bədii film çəkmək gücündədirlər”.

Rejissorlar ssenarini əməlli-başlı dəyişdi

Hacı İsmayılov: “Film əsasən Şamaxının Məlhəm kəndində çəkilib. Həmin kənddə bir sənətkar vardı. Onun evini icarəyə götürmüşdük. Çəkilişlərin bir hissəsini orada reallaşdırdıq. Böyük aktyorların əhatəsi, bir az da gənc vaxtlarım idi deyə, bu filmdə böyük şövqlə oynayırdım.
Çəkilişlər əsasən yay-payız aylarında reallaşdı. Film çəkmək üçün ən əlverişli vaxt elə həmin aylar idi.

Ssenari Mövlud Süleymanlının olmasına baxmayaraq, rejissorlar müəyyən qədər dəyişikliklər etdi. Buna səbəb isə filmin daha baxımlı olmasını təmin etmək idi.

Çəkilişlər haradasa 3-4 aya başa gəldi. Əsasən Şamaxıda, eyni zamanda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyətində və az bir hissəsi də pavilyonda aparıldı.

Kinostudiyanın həyətində geniş bir hissədə böyük ağaclar və çəkiliş üçün şərait, hətta naturanı təsvir etmək üçün köhnə ikimərtəbəli ev də vardı. Bu, kənd həyatını canlandırmaq üçün işimizə çox yaradı. Baxan tamaşaçı heç cür ayırd edə bilməzdi ki, eyni məkanın təsviri müxtəlif obyektlərdə lentə alınıb. Həmçinin o qədər gerçəklik vardı ki, natura əsl kənddən seçilmirdi”.

Bildiyiniz kimi filmdə kino çəkən üçlük var: Əsəd (Həsənağa Turabov), Mustafa (Siyavuş Aslan) və Tağı ( Hacı İsmayılov).

“Əsəd, Mustafa və Tağı birlikdə kino çəkməyə başladığı yerdə, rejissor Əsəd start verir, Mustafa da deyir: “Rəqqasələr gəlmir”. Əsəd “eybi yoxdur, siz gəlin” deyir. Mustafa da oynaya-oyanya gəlir və deyir: “Evdə uşaq da deyir atamız işə gedib”. Bax məhz həmin səhnə, Əsədin müxbir qıza müsahibə verməsi, elçilik kinostudiyanın həyətindəki naturada ekranlaşdırılıb”.

Tamaşaçılar tərəfindən maraqla qarşılanan elçilik səhnəsində Əsəd, Mustafa və Tağı bir-birinin ardınca atalar sözləri deməyə başlayır. Hacı İsmayılov deyir ki, bu da rejissorların ideyası idi:

“Ssenaridə həmin səhnə quru idi. Baxımlı və canlı alınsın deyə, atalar sözlərini deməyimiz təklif olundu və uğurlu da alındı. Hər gün çəkilişdən əvvəl bizə yeni səhifə verirdilər ki, bu dəyişikliklər olacaq. Yəni iş prosesində ssenariyə müdaxilələr, dəyişikliklər çox olurdu”.

Filmdə yaddaqalan kadrlardan biri də qocanın hava haqqında verdiyi proqnozdur: “Sabah bir yağış yağacaq ki, tut ucundan, göyə çıx”. Aktyorun sözlərinə görə, əsl yağış yağanda film çəkmək mümkün deyil: “Yağışın aparatların üstünə düşməsi təhlükəlidir. Kinoda yağışları yanğınsöndürən maşınların vasitəsilə reallaşdırırlar ki, avadanlığa, yönəldilmiş işığın üstünə düşməsin. Əks təqdirdə partlayış, cərəyan vurması ola bilər. Yanğınsöndürənlərin köməyilə bərk yağış “yağırdı”. Su adi yağış suyundan da çox tökülürdü. Film üçün yağış suyunun gur olması vacibdir. Çünki az yağış kadra düşmür”.

Muxtar Manıyevlə Siyavuş Aslanın davası

Xalq artisti deyir ki, “Bəyin oğurlanması” başdan-ayağa improvizədir.

“Bibixanımın kinoçəkənləri yoxlama bilib qarğış etdiyi yerdə mən odunların üstündən yıxılmalı idim. Bu da ssenaridə yox idi. Həmin kadrda həqiqətən də yıxıldım. Bu, filmdə olan improvizələrdən biri idi. Həmin yıxılma məqamı da rejissorların təklifi idi. Bəzən elə olurdu ki, çəkiliş vaxtı ani bir söz ağıllarına gəlirdi, dərhal da tətbiq edirdilər. Çox da uğurlu alınırdı”.

Tağının iki sevgilini çəkdiyi səhnə də sən demə, kinostudiyanın həyəti imiş. Aktyor deyir ki, hündür ağaclar, ikimərtəbəli ev kənd həyatını canlandırmağa imkan verdiyindən kolxoz sədri Hidayətin (Səmədər Razayev) gəlib “ayə, nətər oynamırsız, bu qulağınla eşit, o biri qulağınla oyna” deməsi,  Əsədin “sən istəmirsən ki, səni uzaq Liviya səhrasında görüb tanısınlar?”, kəndlinin də “yox” sözünə cavab olaraq mənim “elə səni görməsələr, yaxşıdır” dediyim kadrlar da kinostudiyanın həyətindəki naturada ekranlaşdırılıb”.

H.İsmayılovun bildirir ki, filmin ən maraqlı hissəsi olan toy səhnəsi Şamaxının Məlhəm kəndində çəkilib:

“Əvvəldə dediyim həmin icarəyə götürdüyümüz evlə üzbəüz daha bir ev vardı. Çox böyük həyəti, iri meyvə ağacları göz oxşayırdı. Bizə də genişlik lazım idi. Ona görə də toyu orada çəkdik. Həmin səhnədə Azərbaycanın bütün tanınmış simaları oynayıblar.

Toy, bildiyiniz kimi, bir neçə mərhələdə lentə alınıb: toya hazırlıq, gəlinin evi, onun bəy evinə köçməsi. Toyun başlanğıcını çəkəndə gündüz idi. Toyda da qonağın İsrafilə (Yaşar Nuri) qəfildən sillə vurması da onda reallaşıb. Yaşarın xəbəri yox idi ki, Muxtar Maniyev ona şillə vuracaq. Səhnə daha real alınsın deyə, rejissorlar Muxtarı belə təlimatlandırmışdılar. Rəhmətlik Siyavuş bu məqamı gözləmirdi. Rejissor çəkiliş zamanı Muxtar Manıyevə deyib ki, qəfildən ona şillə vur. O da tələb olunanı edib”.

Həmin səhnədən sonra aktyorlarımızın arasında dava da düşüb. Siyavuş Aslan Muxtar Manıyevlə qarşılıqlı etiraz ediblər. Muxtar Manıyev də haqlı olaraq rejissorun tələbini yerinə yetirdiyini deyərək, özünə haqq qazandırıb.

Toydakıların yarıdan çoxu kənd camaatı olub

Hacı İsmayılov: “Kütləvi çəkilişlərdə iştirak edənlərin böyük hissəsi, demək olar ki, kənd camaatı idi. Onların çox marağı vardı ki, çəkilişlərə baxsınlar, hansısa epizodda iştirak etsinlər.

Gəlin köçən səhnədə də, toya hazılıq səhnəsində də əksəriyyət kənd camaatıdır. Əslində toya hazırlıq yerində onlar adi günlərdəki işlərini görürdülər. Elə təbii alınsın deyə, hər şeyi olduğu kimi lentə aldılar. Kimi pomidor doğrayırdı, kimi xəmir yayırdı və s. Əsl kənd həyatı canlandırılırdı.

Nəsibə xanım da təbii ki, böyük həvəslə çəkilirdi. Toyda rəqs etdiyi yerdə qarşısına Ələsgər Məmmədoğlu çıxanda qəfildən qorxur, üzünün ifadəsi dəyişir, o kadrlar çox təbii və gülməli alınıb. Dəfələrlə izləməyimə baxmayaraq, hər baxanda o epizoda gülürəm. Nəsibə xanım balaca rol oynamasına baxmayaraq, yaddaqalan obraz canlandırıb. Onun film haqqında danışması, harada ki, soruşur “qızım, kinodakılar doğrudan öpüşür?”, hələ də tamaşaçıların dillər əzbəridir. O da kənddə çəkilib”.

Müsahibimizin sözlərinə görə, toyun axırında kinooperator Tağının üstünə su tökülməsi də improvizə olub:

“Film özü başdan-ayağa hadisədir. Məsələn, mənim guya çəkiliş apardığım yerdə gəlinin anasının suyu üstümə atması maraqlı çəkilişlərdən idi. Hər şey qəfil baş verdi. Nəcibə xanıma deməmişdilər ki, Hacı gələcək, əlində kamerayla səni çəkəcək. Ona bildirdilər ki, bəy-gəlini yola salan kimi su “krujkası”nı götür, at onların arxasınca, biz səni çəkəcəyik. Mənə də dedilər ki, sən kənarda gizlən o, suyu atanda qəfil qarşısına çıx. Gördüm, Nəcibə xanım əlində su “krujkası”  gəlir, çıxdım qabağına. O an aktrisa özünü saxlaya bilmədi, suyu üstümə atdı, həmin səhnə beləcə tarixə düşdü. Əslində aparatın üstünə su tökülməmli idi, xarab ola, cərəyan yarana bilərdi. Amma təbii olsun deyə, rejissor belə təklif irəli sürdü.

Bəyin oğurlanması məsələsinin birinci hissəsi Şamaxıda, ikinci hissəsi isə kinostudiyanın həyətində lentə alınıb. İkincidə qrimyor, eləcə də Firəngiz Mütəllimova oynayıb. Baxan heç bilmirdi ki, bu kənddə çəkilib, digəri kinostudiyanın həyətində. Ahənglik qorunub saxlanmışdı.

İllər keçib, xatırladığım da var, unutduqlarım da. Əsas odur ki, uzun zaman keçməsinə baxmayaraq, tamaşaçılar filmə hələ də ləzzətlə baxır”.

Ələsgərin yıxılmağı

Sən demə, film başalayandan hamıya “salam, sağ ol!” deyən Miriş obrazı təsadüfən yaranıb.

Hacı İsmayılov: “Arif Quliyev Məlhəm kəndinə qastrola gəlmişdi. Aktyor ansamblı ilə mədəniyyət sarayında çıxışı vardı.

Həmin günlərdə bizim çəkiliş meydanına hal-əhval tutmağa gəldi. Ceyhunla Vaqif dedilər ki, “madam bu öz ayağı ilə gəlib, istifadə edək”. Bir gecədə oturub fikirləşdilər və kiçik bir obraz yaratdılar. Hər gün çəkdikcə, yeni bir şey əlavə olundu və əməlli-başlı bir rol oldu.

Arif Quliyev: “Şamaxıda qastroldaydıq. Vaqifgillə hal-əhval tutmağa getdim. Nə isə mənə rol verdilər, razılaşdım. Amma çəkilişlərə çox vaxt gecikirdim. Gecikməyimə səbəb isə Bakıdan mənimlə gələn qız idi. Onunla xeyli söhbətləşirdik, bir də görürdüm ki, çəkilişlərə gecikmişəm. Kollektiv baxırdı ki, içəri girdim. Əynimdəki köynəyi səhv geyinmişəm, düymələr də tərs bağlanıb. Çəkiliş truppası da bilmirdi ki, mən haradan gəlirəm. Yalandan deyirdim ki, idmandan gəlirəm, ona görə gecikmişəm. Firəngiz sonradan hara getdiyimi başa düşmüşdü. Bir dəfə gördü ki, qulağımın sağ tərfindən pomada izi var. Rejissor da acıqlandı ki, “sən bura çəkilişə gəlmisən, ya pomadalanmağa”. Bütün heyət gülməkdən birtəhər olmuşdu.

Epizodların birində Miriş qıza deyir “görüşərik”, qız da “harada?” deyə soruşanda, Miriş yenə “orada” cavabını verir, bax həmin qız idi mənimlə bərabər qastrola gedən”.

Filmdə baş verən təsadüfi səhnələrdən biri də Ələsgər Məmmədoğlunun stuldan yıxılmağı olub:

Hacı İsmayılov: “Ələsgərin yıxılacağından xəbəri yox idi. Mustafa qışqırır: “Ələsgər!”, o da cavab verir: “nə var eyyy, Ələsgər, Ələsgər”” və yıxılır yerə. O səhnədə stulun bir ayağını əvvəldən xəlvətcə kəsmişdilər ki, Ələsgər oturanda yıxılsın və səhnə təbii alınsın”.

Fayton və atları Bakıdan Şamaxıya aparmışdılar

Hacı İsmayılov deyir ki, filmdə bəy-gəlini aparan fayton və iki at məxsusi olaraq Bakıdan Şamaxıya aparılıbmış.
Ekranda görünən yollar Şamaxı küçələrində lentə alınıb. Aktyorlar arasında münasibət çox gözəl idi. Biz filmlərə böyük şövqlə çəkilirdik. İstər “Yol əhvalatı”, istər “Bəyin oğurlanması” elə filmlər idi ki, orada dərin düşünmək, böyük fikirlər yürütməyə ehtiyac yox idi. Hər şey olduğu kimi, tam səmimi idi. Bu filmlərdə aktyorlardan səfərbər olmaları lazım gəlmir, yalnız səmimilik tələb olunurdu.
Kollektivdə münasibət isə olduqca səmimi, qarşılıqlı anlaşma şəraitində idi, Aktyorlar arasında heç bir narazılıq olmurdu”.

Filmdə aldığı qonorara gəlincə, aktyor bunları deyir: “Biz o vaxt qonorar haqda düşünmürdük. Əsas o idi ki, film çəkilirdi. Bu, bizim üçün bayram idi. Bir onu deyə bilərəm ki, gündəlik stavkalar vardı. Ona əsasən maaş alırdıq. Mənim üçün əsas olan odur ki, o cür böyük sənətkarlarla bir filmdə oynamışam. Bu mənim üçün elə ən gözəl mükafat, qonorar idi.

O vaxt aktyorlardan biri söhbət zamanı demişdi ki, “bunlar yaxşı film çəkir”. Soruşdum “niyə?” Dedi ki, tamaşaçı baxacaq, Siyavuş Aslan çəkilib, sonra baxacaq, Yaşar da, Nəsibə də, Həsən də, Səməndər də, filankəs, filankəs də... Bir də baxacaqlar, film bitdi.

Düşünürəm ki, məhz bu filmdə çox maraqlı aktyor ansamblı seçilmişdi”.

Milli.Az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR