“Mətbuat Şurası olmadan mediamızın hansı duruma düşə biləcəyini təsəvvür eləmək çətindir” - Açıqlamalar

Xəbər verdiyimiz kimi, Mətbuat Şurasının yaranmasından 15 il il ötür.

Metbuat.az xəbər verir ki, Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən orqan olan Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.

Mətbuat Şurasının 15 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Mərasimdə çıxış edən Azərbaycan prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Mətbuat Şurasının 15 illik fəaliyyətini yüksək qiymətləndirib: “Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi və bu qurultayda Azərbaycan prezidenti cənab İlham Əliyevin təbrik məktubunu səsləndirdim. Bu təbrik məktubunda Mətbuat Şurasının fəaliyyətinə çox yüksək qiymət verilmişdi. Mətbuat Şurasının fəaliyyətinə ulu öndər Heydər Əliyev də yüksək qiymət vermişdi. Mətbuat Şurası cəmiyyətimizdə də, jurnalist ictimaiyyəti arasında da və ona müraciət edən ayrı-ayrı vətəndaşlar arasında da, o cümlədən dövlət qurumları arasında özünəməxsus nüfuz qazanıb. İnanırıq ki, Mətbuat Şurası fəaliyyətini getdikcə daha da gücləndirəcək”.

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, Şura son 15 ildə Azərbaycanda söz və fikir azadlığının möhkəmlənməsində, inkişafında böyük rol oynayıb: "Mətbuat Şurası 15 il bundan əvvəl 250-yə yaxın kütləvi informasiya vasitəsi, jurnalist təşkilatları tərəfindən təsis edilib. Azərbaycan vətəndaşları, həkimlər, müəllimlər, ziyalılar media ilə bağlı problemlərini Mətbuat Şurası vasitəsilə həll etməyə çalışdılar. Azərbaycan ictimaiyyəti Mətbuat Şurasının timsalında özünün ümid yerini görür".

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev Metbuat.az-a açıqlamasında bildirib ki, Mətbuat Şurası 15 ildə çox məzmunlu bir fəaliyyət göstərib. Şura, təkcə ölkə daxilində tanınmayıb, eyni zamanda artıq beynəlxalq instansiyaların da qəbul etdiyi, tanıdığı və etimad etdiyi quruma çevrilib. Mətbuat Şurası Azərbaycan mediasının beynəlxalq miqyasda təmsilçiliyi sahəsində məqsədyönlü iş aparır. Ölkə daxilində media orqanları ilə cəmiyyətin, dövlət orqanlarının münasibətlərinin tənzimlənməsində, eləcə də medianın özünün daxilində tənzimlənmə aparılmasında, jurnalistlərin peşəkarlığının artırılmasında çox səmərəli fəaliyyət göstərir. Mətbuat Şurası Azərbaycanda medianın inkişafı tarixində özünün xüsusi yeri olan bir quruma çevrilib. Mətbuat Şurasına sadəcə QHT təşkilatlarından biri kimi baxmaq düz deyil.

Əgər ölkədə mətbuatın inkişafına, müdafiəsinə ən böyük dəstəyi bu gün dövlət verirsə, dövlətdən sonra ictimai səviyyədə ən böyük dəstək Mətbuat Şurasına məxsusdur. Mətbuat Şurası hələ uzun illər mediamızın inkişafında öz müsbət rolunu oynayacaq. Bu Şura olmadan Azərbaycan mediasının hansı duruma düşə biləcəyini təsəvvür eləmək belə çətindir. Çünki dediyim kimi, bu qurum mətbuat prosesləri ilə bağlı çox böyük və səmərəli tənzimləyici rol oynayır. Bildiyiniz kimi, Şuranın tərkibi, idarə heyəti yenilənib. Yəqin ki, yeni heyət onun yeni dövrdə qarşısında dayanan vəzifələrin həyata keçirilməsi üçün lazım olan daha əhəmiyyətli və təsirli addımları müəyyənləşdirəcək. Xüsusilə də Mətbuat Şurası haqqında Qanunun qəbul edilməsi prosesində yeni İdarə Heyətinin aktiv iştirakı gözlənilir.

Bundan əlavə, reket jurnalistika ilə mübarizə sahəsində aparılan işlərin və qanunvericilik normalarının müasir tələblərə uyğunlaşdırılması üçün müəyyən addımların atılması zəruridir və yəqin ki, olacaq. Eyni zamanda, elektron medianın inkişafı sahəsində də Mətbuat Şurasının roluna ehtiyac var. Bu nöqteyi-nəzərdən, artıq bir neçə təkliflər verilib. Mətbuat Şurasının Qurultay qətnaməsinə də salınan müddəaların elektron medianın inkişafına bu və ya digər dərəcədə təsir göstərə bilər. Biz həmin müddəaların və işlərin yerinə yetirilməsini labüd hesab edirik və yəqin ki, Mətbuat Şurası bu istiqamətdə də fəaliyyət göstərəcək. Bir sözlə, Mətbuat Şurasını Azərbaycanın media tarixində əlamətdar bir hadisə kimi dəyərləndirmək olar.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə: Mətbuat Şurası 15 il ərzində kifayət qədər uğurlu layihələrə imza atıb. 2003-cü ildən yaranan Şura Qeyri-Hökumət Təşkilatı kimi fəaliyyətə başlayıb. Hesab edirəm ki, Mətbuat Şurası artıq ciddi bir quruma çevrilə bilib, həm jurnalistlərin, həm də ictimaiyyət nümayəndələrinin böyük etimadını qazanıb. Mətbuat Şurası həm jurnalist peşəkarlığının artırılması yönündə uğurlu layihələrə imza atıb, həm də beynəlxalq təşkilatlarda jurnalistlərlə bağlı müəyyən layihələrin həyata keçirilməsində öz mövqeyini peşəkarlıqla ortaya qoyub. Bildiyiniz kimi, bir neçə gün əvvəl Şuranın VII Qurultayı keçirildi, eyni zamanda Şuranın tərkibi genişləndirildi. Bu, eyni zamanda Şuraya olan etimadın, inamım göstəricisi idi. Mətbuat Şurasının fəaliyyəti ilə bağlı yüksək fikirdəyəm və düşünürəm ki, hər il yüzlərlə müraciətin qəbul olunması Şuraya olan böyük inamın göstəricidir.

“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini, politoloq Arzu Nağıyev: Azərbaycanda hər bir jurnalistin istər sosial, istərsə də mənəvi cəhətdən müraciət etmək imkanı qazandığı bir qurum var. Jurnalistlər Azərbaycan dövləti, hakimiyyəti tərəfindən dəstəklənən bir quruma malikdir. Bundan başqa məramından, əqidəsindən, məsləyindən asılı olmayaraq, bütün jurnalistlərin dəvət edildiyi və öz fikirlərini bildirmək istədikləri bir qurum var. Bir neçə gün əvvəl Azərbaycan jurnalistlərinin VII qurultayında bir daha hiss olundu ki, peşəkarların toplandığı və hər zaman öz peşəsini yüksək səviyyədə layiqincə yerinə yetirməyi bacaran bir qurumda birləşmək imkanı yaranıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli: 15 il öncə Mətbuat Şurası bir ictimai təşkilat kimi yaranmışdı. Ciddi təsir mexanizmlərinə malik deyildi və Azərbaycanda yeni bir institut idi. Ötən 5 il ərzində Mətbuat Şurasının qurucuları, xüsusilə də Şuranın sədri Əflatun Amaşovun və bu istiqamətdə onunla birgə fəaliyyət göstərən insanların səyi nəticəsində bu gün Mətbuat Şurası Azərbaycanda ictimai tənzimləmə mexanizmlərinə malik olan yeganə quruma çevrilib. Yəni, media sektorunda kifayət qədər uğurlara imza atıb. Eyni zamanda, Mətbuat Şurasının fəaliyyəti nəticəsində, təklifləri, təşəbbüslərilə və şübhəsiz ki, Azərbaycan prezidentinin dəstəyi nəticəsində, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyinin konsepsiyası hazırlanıb. Bu konsepsiya əsasında Fond yaradılıb və uzun illərdir media layihələrinə dəstək verir. Indi bu sahədə elektron medianın da maliyyələşməsi istiqamətində bildiyiniz kimi, Mətbuat Şurasının Qurultayının müraciəti oldu. Bu baxımdan, hesab edirəm ki, 15 illik fəaliyyəti kifayət qədər uğurlu hesab etmək olar. Bu əsas verir ki, Mətbuat Şurasının Azərbaycanda media sektorunda ictimai tənzimləmə mexanizmlərinə malik olan ciddi bir qurum kimi statusu möhkəmlənsin və ciddi dəstəyə malik olsun.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət: Mətbuat Şurasının qurucularından, qurumun formalaşmasında ilk dövrlərdən iştirak edən biri kimi əlbəttə ki, onun fəaliyyətini analiz etmək və qiymətləndirmək imkanlarım genişdir. Çünki Mətbuat Şurasının sıfırdan, hansı şəraitdə, necə qurulduğunu bilirəm. Bugünkü gündə də keçmişə baxaraq müqayisə etmək imkanım var. Mətbuat Şurası 15 il ərzində doğrudan da çox nəhəng bir yol keçib. Birincisi, Azərbaycanda mətbuatla cəmiyyət, məmurlar arasında problemlərin ortaya çıxdığı zamanda ilk yada düşən quruma çevrilə bilib. Yəni, bu əsas məqsəd idi və məqsədə də nail olunub. Mətbuatla cəmiyyət arasında ortaya çıxan problemlərin məhkəmədən kənar yolla həllində Mətbuat Şurası bir nömrəli qurumdur. Bunu heç kim inkar edə bilməz.

Digər tərəfdən, Mətbuat Şurası ümumiyyətlə barışdırıcı mövqe tutmağa çalışır və çox zaman da buna nail ola bilir. Yəni, mətbuatdan haqlı və ya haqsız şikayət edən şəxslərlə mətbuat arasında barışdıcı mövqeyi daha üstün tutur, çalışır ki, şikayətçi edən tərəflə şikayət edilən tərəf arasında ortaq məxrəcə gəlinsin. Yəni, burada həm mətbuat azadlığı prinsipləri pozulmasın, mətbuatın müstəqilliyinə xələl gəlməsin, həm də mətbuatdan narazı olan tərəfin hüquq və azadlıqları tapdalanmasın. Bunları əsas prinsip tutaraq Mətbuat Şurası çalışmalarına davam edib və 15 il ərzində minlərlə belə müraciətlərə baxıb, həll edib, bu və ya digər şəkildə mətbuatın saflaşdırılmasına öz töhfəsini verməyi bacarıb.

Eyni zamanda, Mətbuat Şurası Azərbaycandan kənarda da özünü təqdim edə bilib, beynəlxalq təşkilatlara üzv olub. Mətbuat Şurası davamlı olaraq Beynəlxalq Mətbuat Şuraları Təşkilatlarında iştirak edib. Təbiidir ki, Azərbaycanın səsi kimi orada iştirak edib. Azərbaycan hakimiyyəti ilə mətbuat arasında vasitəçilik ehtiyacı yarandığı zaman yenə üz tutduğumuz qurum Mətbuat Şurası olub. Təbiidir ki, bütün bunlar Azərbaycan jurnalistikasının saflaşdırılmasına, keyfiyyət etibarilə daha yüksək mərhələyə daşınmasına xidmət edib. Ona görə də bu gün reket jurnalistikanı, mətbuatdan sui-istifadə hallarını bir kənara qoysaq, ciddi dediyimiz media Mətbuat Şurasının cızdığı çərçivə daxilində, yəni, Azərbaycan jurnalistlərinin peşə qaydaları çərçivəsində hərəkət etməyə çalışır. Bu isə həm oxuculara, tamaşaçılara, dinləyicilərə bir hörmət əlamətidir, həm də ümumilikdə peşəkar xəbər vermə siyasətinin dərinləşməsini göstərir. Yəni, Mətbuat Şurası qarşıya qoyulan bütün məqsədlərə demək olar ki, nail olub və bundan sonra da o istiqamətdə davam edəcək.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev: Mətbuat Şurası həqiqətən də 2003-cü ildən bu yana, 15 il ərzində dövlətlə mətbuat arasındakı münasibətlərin sağlamlaşdırılması istiqamətində çox böyük fəaliyyət göstərib. Bilirsiz ki, Azərbaycanda fəaliyyət göstərən mətbuat vasitələrini tənzimləyən hüquqi baza mövcuddur. Bu hüquqi baza mətbuatın inkişafını təmin edə biləcək kifayət qədər hüquqi aktlarla təmin olunub. Amma təkcə hüquqi baza mətbuatın demokratik inkişafı üçün bəs eləmir. Yəni, cənab prezidentin müxtəlif məqamlarda tövsiyələri, dövlətin bu istiqamətə gördüyü işlərə eyni zamanda, demokratikləşmə uğrunda siyasətə Mətbuat Şurası da QHT olaraq öz tövsiyəsini verməyə borcludur. Düşünürəm ki, dövlətin insan hüquqlarının qorunması, söz və mətbuat azadlığı, fikir plüralizminin inkişaf etdirilməsində apardığı siyasətə Mətbuat Şurası da adekvat cavab verə bilib. Şura, 15 illik fəaliyyətilə mətbuatla cəmiyyət və dövlət arasında olan münasibətlərin daha sağlam məcraya yönəlməsi istiqamətində kifayət qədər böyük işlər görüb. Ona görə də hesab edirəm ki, bu fəaliyyət çox uğurludur, lazımlıdır və zamanla daha da inkişaf etməlidir.

Son dövrlərdə innovativ inkişaf nəzərə alınaraq Mətbuat Şurasının Qurultayı zamanı əsasnaməsinə bəzi məsələlər əlavə olundu. Bildiyiniz kimi, Mətbuat Şurasının ötən əsasnaməsində internet resurslarını tənzimləyə biləcək mexanizm və ictimai qınaq vasitəsi yox idi. Amma sonuncu Qurultaydan sonra belə bir ideya irəli sürüldü ki, Mətbuat Şurası elektron resursların inkişafı, cəmiyyətdə nüfuzunun artması uğrunda öz işini görə bilsin, eyni zamanda internet üzərindən yayımlanan mətbuat vasitələrinə təzyiq eləmək imkanı əldə edə bilsin. Bildiyiniz kimi, Mətbuat Şurasının təzyiqi faktiki olaraq, ictimai qınaqla ölçülür. Yəni, belə bir mexanizm yoxdur ki, Mətbuat Şurası öz gücünü ortaya qoyub hansısa bir ciddi dəyişikliyə nail olsun. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi hörmətli Əli Həsənov da belə bir fikir bildirdi ki, Mətbuat Şurasının qanun çərçivəsində gücünün artırılması mexanizmi hazırlanmalıdır və Şura, lazımi məqamda hətta qərarlar da qəbul etməlidir. Bu da Mətbuat Şurasına əlavə olaraq gələcəkdə veriləcək bir səlahiyyət olacaq. İnanıram ki, Mətbuat Şurası yaxın illərdə fəaliyyətində bu məsələlərə istinad verərək daha da rentabelli işləyəcək.

Xatırladaq ki, 10 martda Mətbuat Şurasının VII qurultayı keçirilib. Mətbuat Şurasının sədri vəzifəsinə və İdarə Heyətinə yeni üzvlər seçilib. Bununla bağlı Azərbaycan jurnalistlərinin VII qurultayında seçki keçirilib. Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Şuranın 11 jurnalistdən (Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev), 7 ictimaiyyət nümayəndəsindən (Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli) və 5 internet informasiya resursu təmsilçisindən (Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov) ibarət İdarə Heyəti formalaşıb.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayında Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. Nizamnamə dəyişikliyi ilə İdarə Heyətinin tərkibi genişlənib, İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb.

Günay Elşadqızı / METBUAT.AZ

“Bu təlimlər sabahkı Qarabağ döyüşləri üçün növbəti addımdır” - Polkovnik


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı