"Sevinirəm ki, ancaq qələbə haqda düşünürük və hamı bizdən bunu gözləyir".

Milli.Az qol.az-a istinadən, bu sözləri Makedoniya millisinin üzvü Boban Nikolov ölkəsinin mətbuatına açıqlamasında deyib. Komandasının martın 23-də Finlandiya ilə yoldaşlıq görüşündə (0:0) yaxşı təsir bağışladığını söyləyən 23 yaşlı yarımmüdafiəçi bu gün Azərbaycanla keçirəcəkləri oyuna da toxunub:

"Hazırda komanda əla vəziyyətdədir və düşünürəm ki, Millətlər Liqasında əsl gücümüzü göstərəcəyik. Finlandiyaya qarşı yaxşı oyun göstərdik, amma qələbə qazana bilmədik. Finlər qapalı futbol oynadılar. Düşünürəm ki, Azərbaycanla görüşdə belə olmayacaq və biz qələbə qazanacağıq".

Qeyd edək ki, Azərbaycan - Makedoniya matçı Antalyada yerləşən "Mardan" İdman Kompleksinin stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başılayacaq.

Milli.Az