1984-cı ilin mart günlərinin birində Aydın Məmmədov, Vaqif Bayatlı Odər, Kamil Vəli Nərimanoğlu və Kamal Abdulla “Ulduz” jurnalı redaksiyasının qarşısında sıra ilə dayanmışdılar (O vaxt “Ulduz” jurnalı Yazıçılar Birliyinin sol tərəfində idi, indi orda restoran var). Kamal Abdulladan başqa heç kəs düz dayanmamışdı. Məsələn, Aydın Məmmədov ayaqlarının birini boş saxlayaraq yana əyilmişdi. Əynindəki plaş onu sol tərəfə çəkirdi, boynundakı şərf sağ tərəfə çox sürüşüb. Saçları dağınıqdır. Elə bil, haradansa gəlmişdilər, yorulmuşdular.
Bu, o zaman idi ki, ildə iki-üç dəfə kənddən Bakıya gəlirdim, qapıçı da məni Yazıçılar Birliyinə buraxmırdı, gərək hansı jurnala və kimin yanına getdiyini deyəsən. Mən də heç kimi tanımadığımdan bir dəfə uzun müddət şəkil çəkdirirmiş kimi dayanmış bu xoşbəxt insanlara tamaşa eləyəsi oldum. O da yadımdadır ki, qapıçı bütün “qaydaları” pozaraq çölə çıxıb dedi, hara boylanırsan, keç yolun o üzündə dayan və mən də yolun o üzünə keçib yenə bu xoşbəxt insaları seyr etməyə başladım.
Sonralar həmin adamların duruşunu şəkil kimi xatırladım, ya da onlar həmin anda, bəlkə şəkil çəkdirirlərmiş, sonralar o şəkli mən qəzet və jurnal səhifələrində gördüm deyəsən.
Hər halda o şəkil çəkdiriləsi an idi, elə yaddaşımda da şəkil kimi qaldı.
Aydın Məmmədovun boynundakı şərfin sağ tərəfə çox sürüşməsi heç yadımdan çıxmır.
Bu, o vaxtlar idi ki, Azərbaycan nəsrinin bəxtsiz və bənzərsiz övladı Şahmar var idi, Kukla teatrının yanından keçəndə səsi indi də qulağıma gəlir, onun ən yaxın dostu və ədəbiyyatın ərköyün balası Vidadi Məmmədov var idi. Yazıçı Azər Abdulla yazır ki, yaxın dostum Şahmar qəflətən öləndə onun həyətində toplaşdığımız zaman və tabutunu Gəncəyə yola salandan sonra da mən ikimizin ən yaxın dostu Vidadini elə həsrətlə gözləyirdim ki, elə bil Vidadi gəlib hər şeyi mənə izah edəcəkdi, amma Vidadi də gəlib çıxmadı.
Mənə elə gəlir ki, həmişə hər zaman kiminsə dəfninə ən yaxın dostu gəlib vaxtında çıxmır. Vidadinin də ölümünə kimsə vaxtında gəlib çıxmadı. Əli Kərimin də, Aydının da…
“Ulduz” jurnalının qarşısında o xoşbəxt insanların şəklini sonralar mən hər yerdə gördüm. Kitabda, qəzetdə, televiziya ekranların da. Heç kim görməsə və bilməsə də o şəkildən bir az kənarda mən var idim. Mənə elə gəlirdi ki, Aydın Məmmədovun gələcək həyatı - deputatlıq, “Sovetskaya türkologiya “ jurnalı, tərcümə mərkəzi, vertolyot və maşın qəzası həmin şəkildəki duruşdan başlayırdı və o duruş dayanmaq deyildi, yeni uçuşa hazırlıq mərhələsi idi.
Bu yazını yazdığım anda Aydın Məmmədovun adını qeyri-ixtiyarı ucadan
tələffüz eləyəndə, səsim deyəsən bərk çıxdı və həmişəkindən fərqli bir nida ilə otağa yayılanda hamının çoxdan yatdığı ve gecə saat 4 radələrində oğlumun səsi gəldi, ata Aydın Məmmədov haradan yadına düşdü? Bu səs oğlumu yuxudan oyandırdı. Əslində bu, mən deyildim, Aydın Məmmədov idi, onsuz da yata bilmədiyimdən həmişə otaqda var-gəl edirəm və heç kim mənə görə oyanmır. Aydın Məmmədovun adının səslənişi də insanları oyadır.
Aydın Məmmədov o vaxt hakimiyyətin adamı deyildi, müxalifətçi də olmamışdı, sadəcə çəbhəçi idi. O, elmin xalqa bəxş etdiyi yeni bir insan idi, elmin həqiqətini xalqa çatdırmışdı, elmlə xalqın özünə qayıtmışdı Aydın.
Aydın Məmmədovun səsində laylaya bənzər dərin lirizm, insanları sakitləşdirəcək və arxayınlaşdıracaq ağıl və ahıl bir hikmət var idi. Əgər o, əlini stola çırpsaydı və onun ardınca gələn səsin avazı insanları inandıra bilərdi ki, bəzən əlini stola çırpmağın özü də gözəl görünür. Bundan sonra çox adam əlini stola çırpmaqla işə başlayardı.
Aydın Məmmədov haqqında çox həqiqətlər söyləyirlər. Deyirlər, çox içirmiş, həbs olunubmuş, elmlər namizədliyi əlindən alınıbmış. Deyirlər, sonralar içmirmiş, yenidən həyatın, elmin “üzünə” qayıdıbmış…
Bütün bunları “Ulduz” jurnalı redaksiyasının qarşısındakı çəkildən də oxumaq olurdu: Əyri duruş, boynundan sağ tərəfə sürüşmüş şərf, dağınıq saç, yorğunluq, güclə dayanmaq hissi. Əsasən adam belə bir vəziyyətdə vağzallarda, gecə yarsı harasa gedəndə ola bilir. Aydın Məmmədov əslində harasa getmirdi, hardansa gəlirdi.
O vaxtlar Ulduz” jurnalında Aydın Məmmədovun iki hissəli böyük bir məqaləsi çap olundu: “Zamanla səsləşən şeirlər sorağında”. Aləm qarşıdı. Yazıçılar İttifaqı bir-birinə dəydi. O məqalə ədəbiyyatımızın vicdanı idi. Bu gün elə məqalə yazmağa tənqiçilərimizin nə əxlaqı çatar, nə çəsarəti, nə də istedadı. Aydın Məmmədov həmin məqalədə dövrün ədəbi hadisələrini çox gözəl incələmişdi. Səsindəki avaz məqaləyə hopmuşdu. Elə bil Aydın Məmmədov elmi tənqidin xanəndəsiydi, sadə, aydın oxuyurdu, səsi ürəklərə yatırdı. Aydın Məmmədov xalqla elm arasında böyük bir körpü idi.
Həmin bu orjinal xarakter, məntiq, elmin xaqla dilbir olması onu Azərbaycan Ali Sovetinin deputatlığına qədər gətirib çıxardı.
Deyirlər, Aydın Məmmədov parlement binasındakı kabinetindən Şəhidlər Xiyabanına baxıb deyirmiş ki, əgər mən 20 yanvarda ölsəydim, indi Şəhidlər Xiyabanında rahat uyuyurdım. Sonra dediyinin əksinə bir fikir gəlir dilinə, yox-deyir - atam razı olmazdı Bakıda dəfn olunmağıma, öz doğma kəndimizə, Şəkiyə- Kiş kəndinə aparardı məni.
O vaxtlar mən kənddən Bakıya hər dəfə gələndə neçə dostun, tanıdığım insanların həyatdan köçdüyünü eşidirdim. Radio-televiziya insanların nekroloqunu verirdi, bu heç, amma mən gəlib onların yoxluğunu gözlərimlə görəndə hadisənin ağırlığı daha dəqiq olurdu.
Bir dəfə gəldim Şahmar yox,
Bir dəfə gəldim Vidadi yox,
Bir dəfə gəldim Aydın yox,
Bir dəfə gəldim İsa yox..
Bir sözlə, mənim Bakıya gəlib- getməyim Rəsul Rza demişkən, gözümü yumub açmağım idi.
Ən böyük adamlar ən xırda təsadüflərdən ölür-belə deyirlər. Amma Aydın Məmmədovun avtomobil qəzasında ölümü təsadüf ola bilməzdi.
Hadisə günün səhəri Aydın Məmmədovun nəşi Bakıdan Şəkiyə- Kiş kəndinə apalılır. Bakıdan nümayəndə heyəti gedir Şəkiyə. Bu tərkibdə alimlər də vardı, parlament rəhbəri də. Onlar Aydını Bakıda dəfn etmək istəyirdilər. Amma atası Mirsadıq kişi razı olmadı. Mirsadıq kişinin dediyi bir cümlə hələ də çoxlarının yadındadır:
- Mən bir də Bakıya oğul vermərəm!
Halbuki onun bircə oğlu vardı, o da Aydın Məmmədov idi, Aydın da həyatda yox.
Kamil Vəli Nərimanoğlu dediyi kimi, Aydın Məmmədov elmin meyxana-dərviş yolunu seçdi, onu da zəmanənin boşluğu əjdaha kimi uddu.
Televiziya ekranından seyr etdiyim bir kadr heç vaxt yadımdan çıxmır. Aydının nəşini qəbirstanlığa apararkən izdihamla yanaşı addımlayan bir qadının səsi hələ də qulaqlarımdan ürəyimi çəkib çıxarır.
-Aydın, oyy, Aydın, oyyy...
Aydın Məmmədov bütün dünya türklərinin bir-birini yaxından tanıması yolunda əvəzsiz işlər görmüşdür. Onun gücü türk dilinin daxili enerjisində və bu dillə xalqın qəlbinə yolla tapmasında və xalqın min illik ruhunu bu dilin xos avazı ilə dindirməsində idi.
“Ulduz” jurnalı redaksiyasının qarşısındakı şəkli sonralar hər yerdə gördüm. Şəkildə Aydın Məmmədov yana əyilmişdi, saçları dağınıq idi, şərf boynundan sürüşüb, az qala bir ucu ayağına çatırdı - sanki avtomobil qəzası idi bu.