Avropa Şurasının bir çox quruluşunun fəaliyyət göstərdiyi Fransanın Strasburq şəhərində yerləşən Aqora binasına zorla daxil olan terror təşkilatı PYD/PKK tərəfdarları polislə toqquşaraq binaya zərər verib.

Metbuat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, təxminən 30 nəfərin təhlükəsizlik nəzarətini aşaraq Avropa Şurasının əlavə binası Aqoraya girərək 600-ə yaxın adamın işlədiyi binaya terror təşkilatının başçısı Abdullah Öcalanın sərbəst buraxılması istiqamətində bir deviz asdıqları bildirilib.

Terror təşkilatı tərəfdarlarının çox ciddi nəzarət olunan və maqnit kartlarla açılan təhlükəsizlik səddini necə keçdikləri bilinmədiyi, ətrafdakı fransız polisinin qrupa gec müdaxilə etdiyi ifadə edilib.

Binanın şüşələrini qıran terror təşkilatı tərəfdarlarının daha sonra polisin müdaxiləsiylə uzaqlaşdırıldığı, Aqora binasında olan işçilərin və təhsil üçün bir çox ölkədən gəlmiş mütəxəssisin isə təhlükəsizlik tədbirləri çərçivəsində binanın başqa mərtəbələrinə aparıldığı öyrənilib.

PYD/PKK tərəfdarları daha əvvəl də Avropa Şurası binalarına hücum edib və maddi ziyan verib.

Şuranın girişindəki avtomobil parkında terror təşkilatının bayraqları və PKK dəstəbaşı Öcalan plakatları ilə uzun zamandan bu yana toplaşaraq aksiya keçirən PYD/PKK tərəfdarlarına Fransız orqanlarının müdaxilə etməməsi etiraza səbəb olub.

Günay Sadıxova/Metbuat.az